Modern.az

“Ordumuzun NATO ilə çox yaxşı əlaqələri mövcuddur” - Ziyafət Əsgərov

“Ordumuzun NATO ilə çox yaxşı əlaqələri mövcuddur” - Ziyafət Əsgərov

26 İyun 2020, 16:56

“Bu gün müstəqil Azərbaycan ordusunun gücünü  görmək bizim üçün fəxrdir. Bilirsiz ki, 1993-cü ilə qədər Azərbaycanda ordu olmayıb. Ayrı-ayrı qrupların özünümüdafiə dəstələri olub ki, ona da ordu deyə bilməzdik. Dövlət atributları arasında ordu quruculuğunun yenidən təşkil edilməsi ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra, yəni 1993-cü ilin 15 sentyarından  başladı”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan Silahlı Qüvvələrinin 102 yaşının tamam olması barədə danışarkən deyib.

 

Parlamentari mərhum eks-prezident Heydər Əliyevin ordu quruculuğuna çox böyük əhəmiyyət verdiyini xüsusi qeyd edib:

 

“Əvvəla, ona görə ki torpaqlarımızın 20%-i işğal altındadır. İşğala məruz qalmış bir dövlətin güclü ordusu olmalıdır. Eyni zamanda, dövlətin atributu kimi ordusu da olmalıdır. Hələ ötən əsrin 70-ci illərində ulu öndərin hakimiyyəti zamanında azərbaycanlılardan ibarət hərbi kadrların hazırlanmasında Heydər Əliyev xüsusi diqqət göstərirdi. Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması onun zəhməti nəticəsində başa gəlib. Hamımız bilirik ki, belə hərbi liseyin Azərbaycanda yaradılması üçün Moskvanın icazəsi lazım idi. Moskva  buna o qədər də asanlıqla getmirdi. Böyük çətinlik bahasına bu liseyi ulu öndərimiz yaratdı. Sonradan müstəqil dövlətimiz qurulanda ordu quruculuğunda Cəmşid Naxçıvanski adına liseyin hərbi kadrları çox mühüm rol oynadılar. İndi də onlar bizim orduda çox böyük müvəffəqiyyətlə xidmət edirlər”.

 

Komitə sədri 102 yaşlı Azərbaycan ordusundan danışarkən ordumuzun nəinki regionun, eləcə də, dünyanın ən qabaqcıl ordularından biri olduğunu xatırladıb:

 

“Beynəlxalq reytinqlərə görə ordumuz dünyada 50-ci yeri tutur. Bu çox böyük rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycan ordusu inkişaf etmiş dövlətlərin orduları içərisində ən gənc ordudur, deməli, bunun özü çox böyük müvəffəqiyyətdir. Bu gün ordumuz ən müasir silah-sursatla təchiz olunub. Ordumuzda xidmət edən əsgərlərin, zabitlərin, generallarımızın döyüş ruhu yüksək səviyyədədir. Dəfələrlə hərbi hissələrdə əsgərlərimizlə, zabitlərimizlə bir yerdə olub onlarla görüşmüşəm. Sözün həqiqi mənasında onlar hər zaman torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə hazırdırlar və Ali Baş Komandanın hər an əmrini gözləyirlər. Yadınızdadırsa, 2018-ci ilin 26 iyun ordu günündə və 15 sentyabr Bakının işğaldan azad edilməsinin 100 illiyində  hərbi parad keçirtdik. Parad zamanı xalqımız necə güclü ordumya sahib olduğumuzun bir daha şahidi oldu. Ataların belə bir məsəli var: “Ordumuz düşmən çəpəridir”. Doğrudan da, bugünkü ordumuz ən müasir texnologiyalarla təchiz olunmuş ordudur. Həm texniki təchizat, həm ordunun idarə edilməsi ilə bağlı yeni metodologiyanın tətbiqi baxımından deyə bilərik”.

 

Ziyafət Əsgərov bugünkü ordumuzun beynəlxalq əlaqələrindən də söhbət açıb:

 

“Ordumuzun NATO ilə çox yaxşı əlaqələri mövcuddur. Belə ki, 1994-cü ildən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edirik və həmin ildən bu proqramın iştirakçısıyıq. Bu günə qədər də bu sahədə əməkdaşlığımız davam edir. Türkiyəni də qeyd etmək istəyirəm. Müntəzəm olaraq Türkiyə ilə Azərbaycan arasında ordularımızın "TurAz Qartalı" təlimi keçirilir. Bu da bir-birimizdən öyrənməyə kömək edir. Bu təlimlər real döyüşə uyğunlaşdırılır. Bir daha fürsətdən istifadə edib başda Ali Baş Komandanımız olmaqla, bütün ordumuzun şəxsi heyətini təbrik edirəm. Onlara can sağlığı, hərbi xidmətlərində möhkəm olmağı və yeni-yeni uğurlar arzulayıram”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı