Modern.az

Heyvan ola bilmək

Heyvan ola bilmək

Aktual

27 Mart 2021, 11:46

İbtidai siniflərdə oxuduĝum zamanlar, o vaxtkı “Əlifba” kitabında K hərfinə aid mətn böyük ehtimal məndə narahatlıq doĝurduĝu üçün indiyəcən yadmda qalıb (o kitabdan M, F, P və başqa hərflərə də aid mətnləri təxmini xatırlayıram; həm də çox xoş hisslərlə). Kəmalə və Kərim dirrikdədirlər… orda kirpi tapırlar… və son cümlə budur ki, uşaqlar “kirpini məktəbə apardılar”.

Heyvanı yaşadıĝı yerdən götürmək olmaz! – bu, zooloq atamdan aldıĝım tərbiyədir. “Bəlkə o kirpinin balaları var, bəs balalar necə olacaq?” – məni uşaqkən incidən bu hisslər barədə 20 il əvvəl yazmışdım da. Yazını oxuyan bir nəfər “boynuma alım ki, əvvəl hətta heç anlamadım nəymiş problem, bizi deyəsən axi düzgün tərbiyə etməyiblər?” kimi reaksiya vermişdi.

Professor Yəhya Kərimov gözəl pedaqoq olub, “Əlifba” kitabı da mənim indiyəcən oxuduĝum kitabların ən gözəlidir, amma demək lazımdır ki, adıgedən mətndə hər halda diqqətsizliyə yol verilib…

***

Fotoda gördüyünüz mənim qızım Moka Çiçəkdir. Iyulda 4 yaşı tamam olacaq. Biz onu evə gətirəndə isə 10 günlük, çiçək kimi bir qız idi. Moka qəhvəyi rəngdə, dadı-tamı qəhvəyə oxşar bir içkidir. Xasiyyətinə və rənginə uyĝun adlar seçdik ona.


“İki qızım var, biri hominidae, o biri leporidaedır” – dost-tanışa belə deyirəm. Arvadım və mən hər iki uşaqdan nəciblik, dostluq barədə cox şey öyrənib tərbiyə almışıq. Evdə hərəmizə yanaşması bir ayrıdır; bizi bizdən yaxşı tanıyır. Təşəkkür edəndə yalayır, bəzən də yüngülcə dişləyir; “sevgi dişləməsi” deyirlər bunla - love bite. Bəzən də bir azca daha kəskin dişləyir – yolumdan çəkil deməkdir. Bəzən onu didib-didişdirəndə isə daha da möhkəm sıxır dişi ilə, yəni ki, bax ha, məni incitmə! Amma bilirik… ön dişləri bıçaq kimidr, istəsə bir anda qopardar. Kənddə biz inəyə-qoyuna “dilsiz-aĝızsız heyvandır” deyərdik, amma dovşanlar xəfif vıĝıltıdan başqa dogrudan da heç bir səs çıxartmır, həyatlarını susaraq yaşayırlar. Bütün ünsiyyət qulaqların vəziyyəti və duruşları ilədir – bunların hamısının lüĝəti var..


Dünyanın ən sülhsevər və bəlkə də ən qorxaq heyvanlarıdır dovşanlar. Hər şeydən qorxurlar, hər şey təhlükədir onlar üçün. Tanış olmayan bir səs, hansısa bir hənirti, taqqıltı. Qulaqlar bir an içində təhlükəni duyar, yayınmaq üçün ayaqlar işə düşər. Qaçmaq! Müdafiələri budur - həyatın təhlükələrindən baş götürüb qaçmaq!


Qardaşım uşaqlarının da dovşanı var, bizə qonaq gələndə özləri ilə gətirirlər. Moka həmən müdafiə moduna keçir, bu nəcib və qorxaq heyvan bir anda dəyişib tanınmaz olur. O biri dovşan bunun ərazisinə keçdisə ölüm-dirim savaşına çıxır, cırmaq, təpik, dişləmə, yolub-yoluşdurma. Araya girib harayçılıq edən qızımın barmaĝını dişləyib qanatmışdı bir dəfə. Ilk dəfə bu savaşları görəndə heyrətimizdən quruyub qalmışdıq. “Kaş bu heyvanlara baxıb onlardan öyrənəydik torpaĝı necə müdafiə etməyi. Onda heç Cəbrayılı qoyub çıxmazdıq” – arvadım deyir; hələ Cəbrayıl işĝal altındaydı o zaman…


… Təkamül nəzəriyyəsini danan qeyri-elmi təlimlərə etirazım təkcə ona görə deyil ki, onlar bu məsələdə həqiqətə arxa çevirib yalanı yayır, həm də ona görədir ki, bu təlimlər təbiətimizi danıb bizi öz heyvan köklərimizdən ayırır. “Qoy içindəki heyvan istədiyini sevsin” – bir Amerika şairi yazıb. Içimizdəki heyvan… o heyvanı dinləmək, heyvan ola bilmək.


… Dilimizdə “ilan”, “it”, “camış”, “qoyun”, “ayı”, “eşşək”, “çaqqal, “kaftar”, “tülkü” kimi sözlər bəzən anındaca mənfi assosiasiyalar doĝurur, halbuki heyvanların (hətta məməlilərin) davranışlarında çox şeyi biz yalnız indi-indi anlamaĝa başlayırıq. Açıq demək istəyirəm ki, kimsə yanımda hansısa heyvanın adını yaxud eləcə “heyvan” sözünü alçaldıcı mənada işlədirsə həmən xətrimə dəyir. Keçmişdə belə deyildi, ən azından bu dərəcədə deyildi, hiss edirəm ki, bu, nəsə yeni bir şeydir məndə. Bunu bir üstün mədəni səviyyə kimi görməyə başlamişam özümdə. Hətta yadıma gəlir ki, bir dəfə özüm də necə olmuşdusa bu cür alçaldıcı sözdən istifadə etmişdim. Sonra Moka yadıma düşdü. Utandım.

 
Azər Əhmədov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə