Son günlər ölkə ərazisindəki bəzi fərdi təsərrüfatlarda ev quşlarının kütləvi tələf olunması barədə məlumatlar yayılıb.
Bəzi ucqar rayonlarda, eləcə də Bakıətrafı qəsəbələrdə yaşayan sakinlər deyirlər ki, şəxsi təsərrüfatlarında saxladıqları ev quşları son bir ayda kütləvi şəkildə qırılıb.
Modern.az müşahidə olunan halın səbəbini öyrənmək üçün Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə müraciət edib.
AQTA-dan verilən məlumata görə, ev quşlarının hər biri fərqli səbəblər əsasında tələf ola bilir:
“Yayılan məlumatlar əsasında müşahidələr aparılıb. Məlum olub ki, ev quşlarının bir neçəsi askaridoz (qurd) xəstliyindən, digərləri isə digər səbəblərdən tələf olunub.
Aparılan araşdırmaların nəticəsinə əsasən respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələfolma halları mövcud deyil və bu sabitliyin qorunmasına tam nəzarət olunur.
İnsanlar dəqiqləşdirilmə və araşdırma aparılmadan ölkədə heyvanlar arasında hər hansı iti yoluxucu xəstəliyin olması barədə məlumatlar yaymaqdan çəkinsinlər”.
Fidan İlqarqızı