Modern.az

Qusarda Soyqırımı günü ilə bağlı anım tədbiri keçirilib - FOTO

Qusarda Soyqırımı günü ilə bağlı anım tədbiri keçirilib - FOTO

Aktual

31 Mart 2021, 12:52

Qusarda 31 mart-Azərbaycanlıların Soyqırımı günü ilə bağlı anım tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, mərasim Qusar şəhərindəki soyqırım abidəsinin ziyarətindən başlayıb.

 

Qusar rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri 1918-ci ildə Qanlı dərədə qələbə çalmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış xatirə kompleksini ziyarət edib, abidə önünə tər güllər düzüblər. Qusarda 1918-ci ildə Qubanın Qanlı dərə adlanan ərazisində öldürülən dinc insanların xatirəsinə həsr olunan kompleks 2009-cu il sentyabr ayının 18-də açılıb. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Açılışda Soyqırım qurbanlarının xatirəsinə dərin ehtiramını bildirən İlham Əliyevə qusarlılar adından xəncər bağışlanıb.

 

Sonra Qusardan avtomobil karvanı Qubaya yola düşüb. Qubanın Digah kəndi ərazisində yerləşən Qanlı dərə adlanan -1918-ci ildə ermənilər tərəfindən qətl törədilən müqəddəs məkan ziyarət olunub, bura gül dəstələri qoyulub. Qusarın icra başçısı Şair Alxasov Qanlı dərədə 103 il əvvəl baş verənlərdən ətraflı danışıb.

 

Bildirib ki, 1918-ci ildə Quba qəzasında vəhşilik törədən ermənilərin hücumu zamanı Qanlı dərədə Qusardan da əliyalın ləzgilər azərbaycanlıların köməyinə gəlib və burada xeyli dinc insan ermənilər tərəfindən öldürülüb. Şair Alxasov bu insanların xatirəsinin unudulmadığını, Qusar şəhərində onların xatirəsinə atlı xatirə abidəsi ucaldığını deyib. Rayon rəhbəri söyləyib ki, tarixin bu qanlı yaddaşını hər bir qusarlı heç vaxt unutmur və soyqırım qurbanlarını hörmətlə yad edir. Sonra Quba şəhərindəki Soyqırım Memorial Kompleksi ziyarət olunub.

 

Yeri gəlmişkən qeyd edək ki, Qusar şəhərindəki tarix-diyarşünaslıq muzeyində Qusardakı Qanlı dərədə qətlə yetirilmiş dinc insanların xatirəsinə ucaldılan abidə həkk olunmuş suvenir xalça saxlanılır. Bu suveniri muzeyə Bakı meri Eldar Əzizov bağışlayıb. Qusar tarix-diyarşünaslıq muzeyinin direktoru Xatirə Nağıbəyova məlumat verib ki, Eldar müəllim suveniri muzeyə Sumqayıt şəhər İH başçısı işləyərkən hədiyyə edib.

 

Aytəkin ALXASLI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə