Modern.az

Azərbaycan filmləri Braziliyanın ən nüfuzlu festivalında…

Azərbaycan filmləri Braziliyanın ən nüfuzlu festivalında…

Aktual

9 Aprel 2021, 10:47

Azərbaycanda istehsal olunmuş filmlər Braziliyadakı festivalda nümayiş etdiriləcək. Bu barədə Modern.az-a “Şollerin arxivi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.


“İlk olaraq, Braziliyada 29 ildir keçirilən “O ECOCINE – Festival Internacional de Cinema Ambiental e Direitos Humanos” festivalından “Edam günü” bədii filminə dəvət gəlib. Festivala seçilmiş filmlər arasında xüsüsi qonaq olaraq qeyd edilən “Edam günü” ölkəmizi təmsil edəcək. Festivaldan filmi baxış üçün gələn il göndərməyimizi xahiş etdilər.

İkinci olaraq, Braziliyanın Rio-de-Janeyro şəhərində da 14 ildir keçirilən “FriCine” beynəlxalq festivalında “Şollerin arxivi” bədii filmi seçilmiş filmlər arasında ölkəmizi təmsil edəcək.  

Üçüncü olaraq, Braziliyada keçirilən “FILMÓPTICO - INTERNATIONAL ART VISUAL AND FILM FESTIVAL”da “Şollerin arxivi” və “Edam günü” bədi filmləri seçilmiş filmlər siyahısında yer alıb, onlar birincilik uğrunda yarışacaq. Filmləri festivalın platformalarında - “Viridiana TV”də dünya miqyasında paylamağı təklif ediblər”. 


C.Qasımov bildirib ki, “Şollerin arxivi” bədii filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 88 dəqiqədir.

“Edam günü” bədii filmi psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir.


C.Qasımov deyib ki, ekran əsərinin çəkilməsində məqsəd istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.


“Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəllifi bildirib.


Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?