Modern.az

Ağlayan FOTOŞƏKİL

Ağlayan FOTOŞƏKİL

10 Aprel 2021, 19:42

Firuz Mustafa

(“Qısa hekayələr” silsiləsindən) 

  
Tapdıq müəllimgilin qonşuluğuna təzəlikcə bir ailə köçmüşdü ki, bu ailə də cəmi iki nədərdən, yaşlı qadın və ortayaşlı kişidən, sonradan məlum olacağı kimi, ana-baladan ibarət idi. Yaşlı qadının yanındakı kişini ilk dəfə görəndə Tapdıq müəllimi sanki ildırım vurdu. Məsələ burasında idi ki, həmin kişinin şəkli illərdən bəri  onların, yəni Tapdıq müəllimgilin mənzilinin divarından asılmışdı. Həmin şəkildəki kişi isə Tapdığın, daha doğrusu Tapdıq müəllimin, dost-doğmaca dayısı, yəni anasının qardaşı idi. Tapdıq müəllim tanımadığı kişini görərkən az qaldı ki, hələ uşaq vaxtlarından divardan asılmış  həmin şəkilin önündə dayanıb gah ağlayan, gah fikrə gedən, gah da dodaqaltı nəsə pıçıldayan və bu anlarda adətən çöhrəsindən zərif bir işıq dalğası keçən anasının yanına qaçıb ona qardaşının sağ-salamat olmağıyla bağlı gözaydınlığı versin. Amma o, anındaca bu sadəlövh fikirdən vaz keçdi. Məsələ burasında idi ki, onun dayısı Şahalı müharibəyə gedib bir daha geri qayıtmamışdı, yəni onun nə həlak olması, nə itkin düşməsi, nə də sağ qalıb-qalmaması barədə ortada səhih-dəqiq bir məlumat yoxdu.

  
Düzdür,  yaşlı qadının, yəni təzə qonşunun  yanındakı kişinin zahiri görünüşünün onların mənzilinin  divarından asılmış dayısı ilə tam eyniyyət təşkil etdiyinə heç bir şübhə ola bilməzdi; Taprıq müəllim illərdən bəri rəsm və rəsmxətt dərsi deyirdi, insan sifətinin cizgilərini çox asanlıqla müəyyən edib yadda saxlayırdı. İndi, necə deyərlər, fakt ortada idi. Di gəl ki, həmin adamların, yəni dayısı ilə təzə qonşünün eyni bir şəxs olması qeyri-mümkün bir məsələydi. Ən azından ona görə ki, müharıbənin qurtardığı vaxtdan onillər ötüb keçmişdi. Onların yeni qonşusu isə söz yox ki, müharıbədən xeyli sonra dünyaya gəlmiş, təxminən elə Tapdıq müəllimin özüylə yaşıd olan bir adamdı.

  
Sonrakı günlərdə qonşu kişini həyətdə tez-tez görən Tapdıq müəllim bir rəsm və rəsmxətt mütəxəssisi kimi, şəkildəki və həyatdakı adamın bütün zahiri parametrlərini  bir daha diqqətlə tutuşdurandan sonra öz “sirrini” anası ilə bölüşmək qərarına gəldi. Ayağında “yel” olduğuna görə son vaxtlar evdən bayıra çıxmayan anası onun suallarını yerli-yataqlı cavablandırdı.

 
-Deyirsən o gördüyün adam dayına oxşayir, hə? Yanında da yaşlı bir qadın var? Nə bilim, vallah... Sənin dayın Şahalı evlənəndən cəmi yarım ay sonra müharibə başladı. Mən onda yeniyetmə bir qız idim. Amma hər şeyi indiki kimi xatırlayıram. O qadınla, yəni Əminə ilə qardaşım texnikumda bir oxumuşdular, orada sevişib ailə qurmuşdular. Əminə çox ağıllı, savadlı qız idi. Yadımdadır, təzə evlənənlər tez-tez məktublaşırdılar. Mən hələ uşaq olsam da belə, o vaxtlar hiss edirdim ki, bəzən qardaşım bir zərfrdə iki məktub göndərir-birini anamıza, o birisini də gəlinimizə, yəni hamımızın gözünün işığı olan Əminəyə... Əminənin gizlicə kənara çəkilib o məktubları oxuduğunu, bəzən gülümsədiyini, bəzənsə ağladığını da görmüşdüm. Sonra məktubların arası xırp kəsildi. Hamımızın gözü poçt yoluna dikilmişdi. Ondan sonra qapımıza bir daha poçtalyonun ayağı dəymədi. Beşillik müharıbə başa çatdı. Şahalıdan yenə bir xəbər şıxmadı. Yazıq anam elə “Şahalı” deyə-deyə köçdü bu dünyadan.  Əminə yazıq müharibədən sonra beş il də gözlədi. O, artıq mənim ən yaxın rəfiqəmə çevrilmişdi. Sonra hər ikimiz öz doğma evimizi tərk edəsi olduq. Əvvəlcə mən sənin atanla ailə qurdum. O vaxt Əminə hələ bizimlə yaşayırdı. Mən ondan ayrılmaq istəmirdim. Amma dünyanın öz gərdişi var. Bəzən insanın tale yazısını başqa əllər yazır. Qonşu qəsəbədə dul bir kişi vardı, sənin atanın tanışı idi. Bir gün  atan mənə həmin kişinin Əminə ilə ailə qurmaq istədiyini bildirdi. Mən uzun müddət götür-qoy etdim, aranı dağa-dağı arana daşıdım, nəhayət, canımı dişimə tutub  edilən evlilik təklifi gəlinimizə bildirdim.  Əminə hönkürüb ağladı. Mən hər şeyi gözəl anlayırdım. O, bir vaxtlar sənin dayınla, yəni mənim qardaşım Şahalı ilə əsl Leyli-Məcnun sevgisi yaşamışdı. Bunu biz tərəflərdə bilməyən yox idi. Bu eşq  dillərdə dastana çevrilmişdi. Eh, Əminə, Əminə... Biz bir-birimizdən ağlaya-ağlaya ayrıldıq. Evdə qardaşımın bir neşə foto-şəkli vardı. Əminə evdən çıxanda öz bədbəxt istəklisinin şəkllərindən birini köksünə sıxıb göz yaşları tökdü. Dayının şəklinin üstündən yağış damcıları kimi axıb gedən o göz yaşları hələ də mənim gözlərim önündədir. O, göz yaşlarıyla islanmış  şəkli özüylə apardı. Beləliklə, biz ayrıldıq. Sonralar eşitdim ki, onun bir oğlu olub... Amma indi qonşuluğumuza köçən qadının kimliyi haqda bir söz deyə bilmərəm. Eh, Əminə, Əminə... Ayağım da sözümə baxmır ki, bir həyətə düşüb maraqlanam, öyrənib-biləm kimdir o təzə gələn adamlar...

  
İki gündən sonra Tapdıq evə gələrkən anasını muştuluqlayırmış kimi sevincək halda dedi:

  
-Ana, öyrəndim o qonşu qadının adını... Əminə... Əminə xanımdır o...

   
Neçə müddətdən bəri ayaqları tutulmuş,  “yel” xəstəliyindən əziyyət çəkən ana qəfildən ayağa durub hönkürdü:

  
-Hə, elə ürəyimə dammışdı ki, bu, Əminə olacaq. Mən hələ neçə il əvvəl eşitmişdim ki, Əminənin bir oğlu olub, özü də deyilənə görə o uşaq Şahalı ilə bir almanın iki parası kimi bir-birlərinə oxşayır. O vaxt elə bilirdim ki, bu sözləri mənə təskinlik üçün deyirlər. Sən demə, bu, həqiqətən belə imiş. İndi inandım ki, övlad təkcə öz doğma ata-anasından deyil, həm də gözəgörünməz bir sevgidən yaranır, Tapdıq.  Belə şıxır ki, sənin  gördüyün o adam, təkcə Əminə ilə onun ərinin övladı deyil... O, həm də Əminənin gözünün ilk ovu Şahaliya olan sevgidən doğulub. Yazıq Əminə,  canım Şahalı...

  
Tapdıq müəllim  qasırğaya düşmüş ağac kimi titrəyən anasını bağrına basdı.

  
Sonra onlar keçib divanda əyləşdilər.

  
Tapdıq müəllimə elə gəldi ki, qəfildən dayısının üzbəüz divardan asılmış ağ-qara şəklinin üstündən üzüaşağı şəffaf damçılar  diyirlənməyə başladı.

  
Ana-bala eyni vaxtda əvvəlcə tavana, sonrasa bir-birlərinin üzünə təəccüblə baxıb uzun müddət dinib-danışmadılar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?