Modern.az

“Media Koordinasiya Komitəsinin yaradılması bu gün üçün çox gərəklidir” - Qulu Məhərrəmli

“Media Koordinasiya Komitəsinin yaradılması bu gün üçün çox gərəklidir” - Qulu Məhərrəmli

12 Aprel 2021, 15:32

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Türk Şurası çərçivəsində media sahəsi üzrə əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, bu günədək yaxşı təşəbbüslər olub:


“Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə davamlı olaraq müvafiq komitələr çərçivəsində iş aparılır, bu istiqamətdə də işlər görülməlidir”.


Bu barədə Modern.az-a danışan tanınmış jurnalist Qulu Məhərrəmli hesab edir ki,  Media Koordinasiya Komitəsinin yaradılması həm çox maraqlıdır, həm də bu gün üçün gərəklidir:


“Ona görə ki, bunların hamısı vahid informasiya siyasətinin bir elementi, istiqaməti kimi çox önəmlidir. “İşə nədən başlanılmalıdı” sualına gəlincə,  düşünürəm ki, bunun üçün bu informasiya siyasətinin özü konseptual şəkildə ortada olmalıdı. Yəni biz nəyi istəyirik,  informasiya işimizdə hansı istiqamətləri əsas götürürük – bunu dəqiqləşdirməliyik. Önəmli olan bu xətlərin, informasiya magistrallarının və onun strategiyasının müəyyənləşdirilməsidir. İkincisi, əlbəttə, bunun gerçəkləşdirmə mexanizmi necə olmalıdı, onun üzərində düşünmək lazımdır. Üçüncüsü isə buradakı əsas alətlər, media qurumları, xətlər, dünyaya  çıxan, türk ölkələrinə gedən informasiya magistralları dəqiq müəyyənləşdirilməlidir”.


Q.Məhərrəmlinin sözlərinə görə, Türk ölkələrinin Media Koordinasiya Komitəsinin yaradılmasının Azərbaycanın  informasiya  işlərinə böyük töhfəsi  olacaq:


“Hesab edirəm ki, bunların addım-addım  reallaşdırılması Azərbaycanın özünün informasiya siyasətində və informasiya təhlükəsizliyində çox önəmli rol oynayacaq. Bu həm də bizim peşəkarlıq, informasiyayla idarə olunma məsələlərinə müsbət təsir  göstərəcək. Hələlik ilkin addımlar atılır. Fikrimcə, bunlar davam edəcəksə, Azərbaycan mediasına, xüsusən ölkədə informasiya işinin təşkilinə və informasiya təhlükəsizliyinə  çox ciddi töhfəsi olacaq”.



Humay İsgəndərova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?