“2020-ci ildə balıq və subbioresurslarının qanunsuz ovu nəticəsində 2448 akt, 108 ədəd inzibati xəta haqqında protokol tərtib olunub”.
Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk hesabında yayımlanan “Ekspert saatı”nda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov məlumat verib. O bildirib ki, ümumilikdə 78 430 manat inzibati qaydada cərimə tətbiq olunub və 36 532 manat miqdarında iddia qaldırılıb:
“Bununla yanaşı reydlər zamanı Xəzər dənizində, Azərbaycanın daxili su hövzələrində 29 qayıq, 6 lövbər, 4950 itiuclu qarmaq, 62 metr uzunluğunda 800-dən çox sintetik tor, 115 venter, 108 səbət, 7 elektrik cərəyanı aparatı aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd etməliyik ki, təkcə Xəzər dənizində qanunsuz ov edən 44 nəfər saxlanılıb. Ümumilikdə həmin ərazidə 39 nəfərə 43 050 manat cərimə tətbiq edilib. 21 min manatdan çox iddia qaldırılıb”.
Məhəmmədov Kür və Araz çaylarında qanunsuz ov edənlərin sayını da açıqlayıb. O bildirib ki, Kür çayı üzrə araşdırmalar zamanı 6 nəfər saxlanılıb:
“Ümumilikdə 5 600 manat cərimə tətbiq olunub. Bir iş üzrə hüquq mühafizə orqanlarına sənədlər təqdim edilib. Nəzarət tədbirləri zamanı 2 qayıq 38 itiuclu qarmaq, 3014 metr uzunluğunda 99 sintetik tor, 14 venter və digər ov alətləri, 1 elektrik cərəyanı aparatı maddi sübut kimi götürülüb”.
Rəis müavinin açıqladığına görə, Araz çayı hövzəsində qanunsuz ov edən 7 nəfər saxlanılıb: “Ümumilikdə 4900 manat cərimə tətbiq olunub və 275 manat isə iddia qaldırılıb. 1 qayıq, 25 sintetik tor, 2 elektrik cərəyanı aparatı, 15 qarov maddi sübut kimi götürülüb. Mingəçevir su anbarında 18 nəfər saxlanılıb, ümumilikdə 4400 manat cərimə tətbiq olunub, 527 manat iddia qaldırılıb. Nəzarət tədbirləri zamanı 6 qayıq, 154 sintetik tor aşkar edilərək sübut kimi götürülüb. Digər qapalı su hövzələrində də xeyli miqdarda sintetik torlar aşkar edilib, qanunu pozan şəxslər cəzalandırılıb”.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova isə Milli Parklarda həvəskar balıq ovuna icazə olduğunu xatırladıb:
“Abşeron, Şirvan, Qızılağac, Ağgöl Milli parklarında həvəskar balıq ovu etmək istəyən vətəndaşlar Milli Parka daxil olmaq üçün bilet əldə edib balıq olaya bilərlər”.