“Peyvəndin ilk dozasını qəbul edəndən sonra orqanizmdə virusa qarşı müdafiə dərhal yaranmır. Koronavirusa qarşı vaksinlərin hamısı bir neçə həftə fasilə verməklə, iki dozada qəbul edilməsini tələb edir. Dozalar arasındakı müddətdə yoluxma riski hələ yüksək olaraq qalır”.
Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva “Peyvəndin birinci dozasından sonra COVİD-19 xəstəliyindən necə qorunmaq lazımdır” sualını cavablandırarkən bildirib.
T.Əliyevanın sözlərinə görə, ilk dozanı qəbul etdikdən yalnız 2 həftə sonra müdafiə başlayır, peyvənddən maksimal effekt isə ikinci dozadan sonra meydana gəlir:
“İnsan orqanizminə immuniteti formalaşdırmaq üçün müəyyən qədər vaxt lazım olduğundan, bu dövrdə koronavirusa qarşı təhlükəsizlik qaydalarına tam və ciddi surətdə riayət etmək mütləqdir. İlkin dozadan sonra koronavirusa yoluxduğunuza şübhələnirsinizsə, mütləq COVİD-19 testindən keçin. Bəzən peyvənddən sonra insanlarda yorğunluq və qızdırma kimi əlamətlər olur, bunlar COVİD-19-un əlamətlərinə oxşar olduğu üçün yalnız test sizə düzgün nəticəni verəcək.
Əgər testin cavabı pozitiv çıxarsa, deməli siz peyvəndin birinci dozasından sonra COVİD-19 xəstəliyinə yoluxmusunuz. Dərhal özünüzü təcrid edin və həkimə müraciət edin. Bu zaman həkimə peyvəndin ilk dozasını qəbul etdiyiniz barədə məlumat verin. COVİD-19 xəstəliyinə yoluxduqdan sonra peyvəndin ikinci dozasının vurulmasına ehtiyac qalmır. Yaxud ikinci doza uzun müddətə təxirə salınır. Əgər COVİD-19 xəstəliyinə qarşı peyvəndin birinci dozası vurulduqdan sonra kəskin respirator xəstəlik keçirsəniz, sağaldıqdan sonra peyvəndin ikinci dozasını ala bilərsiniz”.
Həkim qeyd eib ki, peyvəndin ilk dozasını qəbul etmiş insanlar koronavirusa yoluxduqda, vaksinasiyadan keçməmiş xəstələr kimi müalicə olunur:
“Bu xəstələr də gigiyenik qaydalara riayət etməli və təcrid olunmalıdırlar. Tibbi maska, karantin və sosial məsafə yenə ön plandadır.Birinci dozadan sonra orqanizmdə heç bir dəyişiklik olmazsa, ikinci dozanı 28 gündən sonra qəbul etmək olar. Birinci və ikinci dozalar arasında fasilə 1 aya qədər uzadıla bilər”.