“İlham Əliyevin fərmanı ilə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradıldı. Yeni publik hüquqi şəxsin yaradılması Azərbaycanda həyata keçirilən islahatların tərkib hissəsidir. Xüsusilə QHT Şurasının Agentliyə çevrilməsini zəruri edən bir çox amillər var”.
Bu sözləri Modern.az-a Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. O qeyd edib ki, ölkə başçısı Vətən Müharibəsində əldə olunmuş qələbədən sonra ictimai sektorla bağlı dövlət siyasətinin məhz zamanın çağırışlarına müvafiq olaraq təşkil olunmasının vacibliyini bildirib:
“Bu sektorun inkişafına baxışın formalaşması həmin istiqamətdə yeni yanaşmaların vacibliyini, innovasiyaların tətbiqini və eyni zamanda müvafiq islahatların aparılmasını zəruri edirdi. Ona görə, yeni yaradılmış qurum fəaliyyətini eyni zamanda bu kimi məsələlər üzərində quracaq. Hesab edirəm ki, Azərbaycanda son illərdə yeni çağırışların tələblərinə müvafiq olaraq formalaşan idarəetmə mexanizmindəki yenilikləri mənimsəyərək, yaranmış problemləri həll edəcək.
Dövlətin ictimai sektorla əməkdaşlığı mexanizmi olaraq formalaşdırılmış QHT Şurasının səlahiyyətləri, funksionallığı, yeni zamanda statusu cəmiyyətdə dövlət və vətəndaş cəmiyyəti arasında münasibətləri tam formada, yeni dövrün çağırışlarına cavab verəcək şəkildə qurmağa imkan vermirdi. Nəzərə alsaq ki, QHT Şurasının yaradılmasından 15 ildən çox vaxt keçib və bu müddətdə tələblər dəyişir, dünyanın inkişafı fonunda dövlətinin vətəndaş cəmiyyətinə baxışında yeni məqamlar ortaya çıxır. Eyni zamanda, dövlətin vətəndaş cəmiyyətinə münasibətində xeyli yeni məqamlar ortaya çıxır. Xüsusilə nəzərə almaq lazımdır ki, ölkə başçısı tərəfindən hər zaman ictimai sektorun, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına ciddi önəm verilir. Prezidentin bütün çıxışlarında birmənalı olaraq, ictimai nəzarətin gücləndirilməsi, insanların ictimai nəzarətdə aktiv olması, problemləri dilə gətirməsinin vacibliyi önə çəkilir”.
İlqar Orucov Şuranın Agentliyə çevrilməsinin əsas üstünlüklərinə də toxunub. O qeyd edib ki, Agentliyin səlahiyyətləri, müstəqilliyi Şuranınkından kifayət qədər çoxdur:
“Belə bir dəyişiklikdən bütövlükdə vətəndaş cəmiyyəti, ictimai sektor qazanacaq. Agentlik vətəndaş cəmiyyətinin inkişafı və qeyri-hökumət təşkilatlarına maliyyə resurslarının bölüşdürülməsi və əlavə maliyyə təminatına yardımçı olacaq. Eyni zamanda, ictimai nəzarətin təşviqi, ictimai şuraların fəaliyyətinin təsdiqi istiqamətində Agentliyə əlavə səlahiyyətlə verilir. Bu da dövlət qurumlarının işinə bir qədər də məsuliyyətli yanaşmasına, idarəetmənin effektivliyə şərait yaradacaq.
Bütün bunları nəzərə alaraq, yeni yaradılmış Agentliyin fəaliyyətinin dövlətimiz üçün xeyli uğurlu olacağını düşünürəm”.
Agentliyin idarəetmə mexanizminə gəlincə isə həmsöhbətimizin sözlərinə görə, nizamnamədə qeyd edildiyi kimi, qərarlar kollegial şəkildə qəbul olunacaq:
“Müşahidə Şurasının bütün üzvlərinin iştirakı ilə vacib qərarlar ortaya qoyulur. Müşahidə Şurası isə Prezident tərəfindən təyin olunur. Bu, onu deməyə əsas verir ki, Prezident vətəndaş cəmiyyətinin problemlərinin həllinə kifayət qədər əhəmiyyət verir. Müşahidə Şurasının üzvlərinin böyük əksəriyyəti qeyri-hökumət təşkilatlarının rəhbərləri, müvafiq dövlət qurumlarının nümayəndələri olur. Bütün bunlar idarəetmənin gücləndirilməsini şərtləndirir.
Agentliyə səlahiyyət verilir ki, donorların vəsaitlərinin səmərəliyini, onların nəticələrini ölçə bilsin. Agentlik ildə bir dəfə hesabat hazırlayıb, Prezident Administrasiyasına və qurumların özlərinə təqdim edir. Bu da ölkədə qrant verən qurumların ayırdığı maliyyə vəsaitlərinin səmərəliyini və nəticəliliyini şərtləndirən amildir.
Bütövlükdə ölkə başçısı tərəfindən bu istiqamətdə qəbul olunmuş qərar zamanın çağırışları ilə ayaqlaşan qərardır. Dövlətimizin inkişafı üçün uğurlu olacağına inanıram”.
Aysel Məhərrəmova