Modern.az

Sabiq deputat babasının Şuşadakı məzarını bərpa etdirəcək - FOTOLAR

Sabiq deputat babasının Şuşadakı məzarını bərpa etdirəcək - FOTOLAR

21 Aprel 2021, 17:06

“Babam ölümünə üç gün qalmış vəfat edəcəyini hiss etmişdi. Sağlığında qəbrinin evinin həyətində qazılmağını istəmişdi. Qəbri qazılandan üç gün sonra vəfat edib”.


Bu sözləri Modern.az-a sabiq deputat Flora Qasımova Cıdır düzündə dəfn olunmuş ulu babasının məzarının son vəziyyətindən danışarkən deyib.


O, ulu babasının əlyazmalarını sonradan Əlyazmalar İnstitutunda tapdığını qeyd edib:


“Ulu babam Axund Hacı Molla Şükür əslən Laçın rayonun Ağanız kəndindəndir. Çoxlu kitabları vardı və onların hamısını özü yazırdı. Anamın dediyinə görə, kitabların üzü meşin dəridən olub və üstü qızılı saplarla yazılırdı. Onun əlyazmalarını sonradan Əlyazmalar İnstitutunda tapdım. Metodiki bir dərs vəsaiti kimi həm müəllimlər, həm də şagirdlər üçün yetərlidir. Ulu babam dini məktəbdə və mədrəsədə dərs deyirdi. Əlyazmalar İnstitutunda dedilər ki, onun əlyazmalarını Şuşadan bir həkim gətirib, təhvil verib.

Ulu babam məzarının həyətdə qazılmağını vəsiyyət etmişdi. Onun vəsiyyəti ilə məzar həyətdə qazıldı və ölümündən sonra öz həyətində dəfn olundu”.


F.Qasımova deyib ki, erməni işğalından sonra qəbrin başdaşını sınıdırıblar.


“Nəvvab yazıb ki, 1905-1907-ci illərdə ermənilər Şuşaya hücum edəndə Şuşanı 6 dəstə qoruyurmuş. Onun da biri Axund Hacı Molla Şükür idi.

Axund Hacı Molla Şükürün Cıdır düzündə böyük bir həyəti olub. Yeddi otaqdan ibarət evi olub. O, Qarabağın axundu idi. Bütün Qarabağdan, Gəncəbasar zonasından hamı onun yanına gəlirmiş.

Xalq yazıçısı İlyas Əfəndiyev kiçik olanda bizim Cıdır düzündəki bağımıza qonaq gəlib. İlyas Əfəndiyevlə mənim anam iki bacının nəvələridir. Onlar hər yay Füzulidən Cıdır düzünə gəlib, bizim evdə dincələrmiş. Bir hekayəsində də həmin bağı, evi, həyəti təsvir edib. Evimiz sovet dövründə peşə məktəbinin yataqxanası kimi istifadə olunub.

Belə tarixi şəxslərin qəbri itməməli, yenidən bərpa olunmalıdır. Babam ilə yanaşı, qonşuların da qəbri var idi. Ulu babamın qəbrini tamam ot basıb. Oranı özüm yenidən bərpa etməyi düşünürəm.

Belə təklif edirəm ki, Cıdır düzündə olan evi şəhidlərin xatirəsinə bir muzey kimi düzəldək. Orada həm şəhidlərimizin, həm də Hacı Axund Molla Şükürün xatirəsinə dualar oxunar.

İnşallah, Şuşaya gedib oranı bərpa edəcəyik. Çox şükür ki, şəhidlərimizin qazilərimizin qisası alındı”.



Nəzrin Vahid

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir