Modern.az

Avropa, çox güman ki, onların təfəkküründə inkvizisiya dövrünə qayıdıb

Avropa, çox güman ki, onların təfəkküründə inkvizisiya dövrünə qayıdıb

Aktual

5 May 2021, 15:37
Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli müsahibə verib.
 
Modern.az həmin müsahibəni təqdim edir:

 

- Azər müəllim, məlum olduğu kimi Avropa Parlamentinin “Avropa Xalq Partiyası” fraksiyasından olan bir qrup deputatı Avropa Komissiyasının sədri Ursule fon der Layen və Avropa Şurasının sədri Şarl Mişelə Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan iddialardan ibarət müraciət ünvanlayıb. Öncə müraciətə münasibət bildirməyinizi xahiş edirik. Necə olur ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasına, yüzminlərlə azərbaycanlının qaçqın və köçkün düşməsinə, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırım cinayətlərinə göz yuman Avropa parlamentariləri, işğala son qoyulduqdan sonra “danışmağa” başlayıblar? 

 

- Əvvəla qeyd edim ki, müraciəti ünvanlayan deputatlar “Avropa Xalq Partiyası” fraksiyasını təmsil edən və əsasən, Fransa, Bolqarıstan, Yunanıstan, Şimali Kipr və az sayda digər ölkələrdən olan deputatlardır və təbii ki, onların mövqeyi Avropa Parlamentinin mövqeyi yox, “Avropa Xalq Partiyası” fraksiyasının mövqeyidir. 

 

Digər tərəfdən, Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul edilmiş  “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər” adlı qətnaməsində Avropa Parlamenti və Avropa İttifaqının birgə mövqeyi əks olub. Bu mövqe isə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə əsaslanır. Bu sənədə istinadən Avropa Parlamentinin 2020-ci il iyunun 19-da qəbul etdiyi qətnamədə də Azərbaycanın ərazi bütövlüyünə xüsusi dəstəyi ifadə edən müddəa öz əksini tapıb. Təşkilatın bu qətnaməsi işğal olunmuş torpaqların zor gücünə saxlanması siyasətini kəskin şəkildə pisləməklə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi prinsiplərini təsdiq və təsbit edir. Avropa İttifaqının prinsipial mövqeyini əks etdirən bu sənəd Azərbaycan-Avropa münasibətlərinin fundamental prinsipləri olan sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü kimi məsələləri tam şəkildə əks etdirməklə, “Şərq Tərəfdaşlığı”nda yaxın strateji tərəfdaş olan Azərbaycanla bağlı Avropa İttifaqının yekun və konkret mövqeyinin ifadəsidir.

 

Məhz bu baxımdan, Avropa Parlamentinin bir qrup deputatının Avropa Komsissiyası və Avropa Şurasının sədrlərinə ünvanladıqları məktub mahiyyət etibarilə Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına və Avropa Parlamentinin müvafiq qətnamələrinin prinsiplərinə ziddir və Cənubi Qafqazda sülhün, əminamanlığın təmin olunmasına deyil, separatizm və terrorizmin, əsassız ərazi iddialarının stimullaşdırımasına xidmət edir.

 

Müraciətdə əsas iddialar ölkəmizdə saxlanılan erməni təxribatçı və terrorçuları ilə bağlıdır. Məktubu imzalayan deputatlar Azərbaycanın guya üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, “hərbi əsirləri” azad etmədiklərini bildirir və ölkəmizin Beynəlxalq Humanitar Hüququn və onun tərkib hisəsi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının prinsiplərini pozduğunu iddia edirlər.

 

Azərbaycanda saxlanılan və artıq yüksək humanizm nümayiş etdirilərək 3 nəfəri Ermənistana təhvil verilən şəxslərin hərbi əsir olmadıqlarını sübuta yetirmək üçün onların 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından xeyli sonra saxlanıldıqlarını xatırlatmaq, həmçinin Azərbaycan hərbçilərini, mülki şəxsləri qətlə yetirməklə xüsusilə ağır cinayətlər törətdiklərini vurğulamaq yetərlidir. Həmin şəxslər müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərinə gələrək təxribat və terror aksiyaları törətdiklərinə görə, onların əməlləri Cenevrə konvensiyasının yurisdiksiyasına aid edilə bilməz. 

 

Sözügedən deputatların məktubunda müharibədə itkin düşmüş erməni hərbçilərinin Ermənistan tərəfinin iddialarına istinad olunmaqla, guya Azərbaycanda saxlanılması barədə şübhə və ehtimalların irəli sürülməsi isə hüquqi nihilizmin, siyasi avantyura və qərəzin bariz nümunəsi sayıla bilər. Azərbaycan yalnız hərbi əməliyyatlar zamanı əsir düşən hərbçilərlə bağlı öhdəlik götürüb və öhdəliyini də yerinə yetirib. Bu qondarma humanizm tərəfdarları, Azərbaycanın illər boyu Ermənistanı "hamının hamıya” prinsipi əsasında əsir və girovları azad etməyə çağıranda və rəsmi İrəvan bundan boyun qaçıranda harada idilər? Azərbaycanlı əsir və girovlara qarşı Ermənistanın törətdiyi ağlasığmaz vəhşiliklərə hansı səbəblərdən göz yumurdular? Müraciətin mətnində Ermənistan ombudsmanının “hesabatına” istinadən absurd iddiaların irəli sürülməsi, əslində mətnin harada hazırlandığını nümayiş etdirir. Yəni əlavə şərhə ehtiyac yoxdur.

 

Azər müəllim, məktub müəllifləri Ermənistanı “Avropanın dostu” adlandırır və bu ölkənin “münaqişəyə görə böyük dəyər ödədiyini” bildirirlər?

 

Ermənistanın “ödədiyi dəyər” göz önündədi. Azərbaycanın viran edilmiş şəhər və kəndləri, dağıdılmış mədəni və tarixi abidələr, ziyarətgahlar, yüzminlərlə insanın oğurlanmış uşaqlığı, gəncliyi, ağlasığmaz insan faciələri... Ermənistan bütün bu cinayətlərə görə cavab verəcək və bu ölkə törətdiklərinin real dəyərini ödəməli olsa, onillər boyu bütün büdcəsini Azərbaycana təzminat ödəməyə sərf etməlidir. 

 

Ermənistanın “Avropanın dostu” olduğuna gəldikdə isə, “Avropa Xalq Partiyası” fraksiyasının təmsilçiləri bu ölkənin Azərbaycan torpaqlarında törətdikləri, hətta feodal dövrü insanının belə özünə rəva bilməyəcəyi əməllərə qanlı imza atan, insanlıq əleyhinə cinayətlər törədən bir ölkəni “Avropanın dostu” hesab edirlərsə, o zaman bizim tanıdığımız Avropa, çox güman ki, onların təfəkküründə inkvizisiya dövrünə qayıdıb. Bunun başqa izahı yoxdur.

 

Aysel Məhərrəmova

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə