İnsan fiziki görünüşcə, dünyagörüşü, öz düşüncə tərzi ilə təzadlı və bir o qədər də maraqlı varlıq kimi bütün canlılardan üstün sayılır. Bir çox sitüasiyalarda düşüncə tərzimiz ətrafda baş verənləri anlamaq, məhdud stereotipləri aşıb keçmək qarşısında çətinlik çəkərək bir çox psixoloji problemlərlə mübarizə aparmalı olur.Təbii ki, qarşıya çıxan problemlərə hər insan psixologiyası fərqli cür reaksiya verir, müxtəlif həll yolları irəli sürülərək çıxış yolları axtarılır. Hətta, “ psixologiya” elmində özünü büruzə verən müxtəlif psixoloji effektlər insan düşüncə tərzinə təsir göstərərək ziddiyyətlərin aradan qaldırılmasında bir növ köməkçi rolunu oynaya bilər. Nümunə olaraq “Benjamin Franklin” effekti, “ Piqmalion” effekti, “ Zeyqarnik” effekti kimi bir çox sosial-psxiloji effektləri misal göstərə bilərik. Ancaq, bir çoxları təbii ki, bu yolları araşdırmaq və tədbiq etmək xüsusuna laqeydliklə yanaşır, özlərini məhdud çərçivədə saxlayırlar. Mövcud vəziyyətin və şərtlərin çətinliyi bir çox hallarda motivasiyanın düşməsinə, depressivlik hallarına və insan şüuraltında dərin izlərin yaranmasına gətirib çıxarır. 21-ci əsr telekommunikasiya və internet əsri olduğundan müasir dövrdə dünyanın müxtəlif ölkələrində yaşayan insanlar arasında informasiya fikir mübadiləsi artıq adi vəziyyət halını almışdır. Məhz haqqında danışacağımız “ TEDx” fikir platforması da bir çox sahələrdə insanlara yol göstərən bir növ “ naviqator” rolunu oynayır, xüsusi yanaşmalarla şüuraltına effektiv təsir buraxır və insan beynində yenidən canlandırıcı təsir yaradır. Hətta aparılan tədqiqatlar sübut etmişdir ki, TEDx daimi izləyicilərinin qazandıqları yeni informasiyalar sayəsində iş və həyat fəaliyyətlərinin səmərəliliyi 60/100 daha çox artmışdır.
Qısaca olaraq tarixinə nəzər salsaq, ilk dəfə 1984-cü ildə təşkil edilən və adını “ Texnologiya, əyləncə, dizayn” sözlərinin ilk hərflərindən alan TED konfransı 1990-cı ildən etibarən hər il keçirilməyə başlanılmışdır.. İlk keçirilən konfransda “ Machintosh” kompüteri, “ Sony” istehsalı olan kompakt-disk təqdim olunmuş, süni intellekt üzrə fikirlər ortaya sürülmüşdür. TED haqqında paylaşmağa dəyər fikirlərin dilə gətirildiyi layihədir desək yanılmarıq, ifadənin yanında yazılan “x” nın anlamını qısaca şərh etsək, artıq bir çox ölkələrdə təşkil edilən müstəqil TED fəaliyyətləri mənasına gəlir. Layihənin lisans sahibi “Amazon.com” -un da sahibi olan dünyanın ən nüfuzlu iş adamlarından biri kimi fəaliyyət göstərən Jeff Bezosdur. Şirkətin yarandığı gündən etibarən qarşısına heç bir kar məqsədi qoymayan və tək məqsədi fərqli, dəyərli, nadir fikirlərin ən geniş kütlələrə yayılması olan TEDx artıq nəhəng bir platformaya çevrilmişdir. TED Qlobal Təşkilat Komitəsinin təcrübələri göstərdi ki, insanlara ideal bir təqdimat çatdırmaq üçün ayrılan vaxtın 18 dəqiqə olması əla bir zaman dilidir. Təcrübələri çatdırmaq, bir hekayəni paylaşmaq və bunu dinləyicinin diqqətini itirmədən bacarmaq üçün nə az nə çox 18 dəqiqə vaxt bəs edir. Müsbət hallardan biri də ondan ibarətdir ki, “ TED Open Translation project” layihəsi çərçivəsində 8000-dən çox könüllü tərəfindən çıxışlar bir çox dillərə tərcümə edilərək internet üzərindən insanlara çatdırılır. Hal-hazırda dinləyicilərin istifadəsi üçün iPhone və Android qurğularında rəsmi və qeyri-rəsmi TED proqramlar mövcuddur. Bu günə qədər məşhur siyasi liderlərdən din adamlarına, “Nobel” mükafatlı alimlərdən istedadlı yazıçılara qədər həyatda uğur qazanmış bir çox şəxsiyyətlər TEDx-in qonağı olmuş, ilhamverici fikirlərini praktiki yollar və hazırladıqları təqdimatlarla topladıqları auditoriyaya yaradıcı tərzdə çatdırmağa çalışmışlar.
İnsan psixologiyasını dərindən araşdırmış dünyaca məşhur psixoloq Martin Seligmanın iştirak etdiyi TED konfranslarının birində optimistliyin 11-ci maddəsinin texnologiya, dizayn və əyləncə ilə qarşılıqlı əlaqəsini anlatdığı təqdimatı sadəcə You Tube sosial şəbəkəsi üzərindən milyonlarla izlənmə almışdır. Çıxışın əsas ideyasının “ Pozitiv psixologiya “ üzərinə qurulması xüsusən gənc nəsil tərəfindən böyük maraqla qarşılanmışdır. Təqdirəlayiq əsas fikirlərdən biri, heç şübhəsiz, “insanlar əksik tərəflərini tamamlamağa çalışarkən, əsasən, öz güclü tərəflərini inkişaf etdirməyi unutmaması” ilə əlaqədardır. Hər bir insanın yaradılışından xüsusi bacarığı vardır, həyatdan zövq almağın əsas təməl şərtlərindən biri də qabililiyyətini dayanmadan inkişaf etdirmək və hər səfərində bunu bir üst mərtəbəyə qaldırmaqdır. Həmçinin, Seligmanın qeyd etdiyi “www.authentichappiness.org” saytının köməyi vasitəsilə hər bir kəs “ xoşbəxt həyat” üzərinə fikirlərini testdən keçirə, özü haqqında doğru, yaxud yanlış olan qərarları asanlıqla verə bilər.
Bu layihənin kütləyə qazandırdığı ən üstün tərəflərindən biri də məhz çıxışçıların nitq səlisliyi və bədən dilindən istifadə edərək, insanların öz nitqini inkişaf etdirmək istəyi yaratmasıdır. “Qısa və təsirli danışıq” haqqında daha çox məlumata sahib olmaq üçün Carmine Gallonun “ TED kimi danış” kitabı motivasiya mənbəyi kimi uğurlu bir kitabdır. “ Wall Street Journal” ın çox satanlar siyahısına daxil olan kitabda auditoriya qarşısında çıxış etmənin 9 yolu müxtəlif aspektlərdən izah edilir. ABŞ-ın keçmiş prezidenti Bill Klinton, Microsoftun banisi Bill Qeyts, Wikipediyanın yaradıcısı Cimmi Ueyls kimi spikerlərin TED səhnəsində uğurlu çıxışları buna misal ola bilər.
Sosial mediada yetəri qədər izləyici kütləsi olan türkiyəli araşdırmaçı-klinik psixoloq Beyhan Budakın İzmir TEDx səhnəsindəki çıxışı hər kəsin özündə qeyd etməli olduğu dolğun fikirlərlə zəngin idi. Fərdin özünə verməli olduğu ən önəmli sual : “ Mən necə dəyişə bilərəm?” fikri üzərinə Beyhan Budakın qeyd etdiyi ən önəmli mülahizələrdən biri budur ki, “ hal-hazırda durduğun nöqtə dünyanın ən dəyərli nöqtəsidir. İnsan harda güclü, harda gücsüz olduğunu xatırlarsa, o zaman öz potensialına çatmış olar. Təəssüf ki, insanların bir çoxu özüylə üzləşməkdən çəkinər. Unutmaq lazım deyil ki, hər zaman balaca addımlar böyük hədəflərə çatdırar.”
Azərbaycan 2010-cu ildən etibarən TEDx layihəsinin tədbirlərinə ev sahibliyi etməyə başlamışdır . Psixoloq Şəbnəm Sadıqovanın çıxış etdiyi konfrans xüsusilə izləyicilər üzərində böyük təsir buraxmışdır. İnsan psixologiyasının zəif nöqtəsi olan 3D prinsipinin ( düşüncə, duyğu və davranış) formulu təhlil edilmiş və insanlara bunun üzərinə müəyyən tövsiyyələr irəli sürülmüşdür. Zaur Darabzadənin iştirak etdiyi digər TEDx tədbirlərinin birində “ Potensial risk və onların idarə olunması metodları” haqqında hazırladığı təqdimat şəxsi və iş həyatında rol oynayacaq vacib informasiyaları özündə cəmləyərək izlənilməyə dəyər.
Əfsusla qeyd etmək lazımdır ki, 2021-ci il Azərbaycanda xüsusilə gənclər və yeniyetmələr arasında intihar hallarının geniş yayıldığı bir il kimi yadda qalacaq. Azərbaycanda belə layihələrə böyük tələbatın olması danılmaz faktdır. Müasir gəncliyi həyata daha çox adaptasiya etmək üçün bu kimi danışıqlarının sayının artması çərçivəsində müəyyən əməkdaşlıqların qurulmasının vacibliyi diqqətlə yanaşılacaq mövzudur. Xüsusən orta məktəb şagirdləri üçün bir çox sahədə uğur qazanmış insanların dəvət edilib, həyata baxış bucaqlarını dəyişmək haqqında, yenilikçi fikir və ideyalarını onlarla bölüşmələri gənclərin daha optimist və pozitiv olmalarında mühüm rol oynayacaqdır.
Günel Mahmudova