Azərbaycan xalqı Şuşanın işğal gününü - 8 may tarixini 30 il ərzində ürək yanğısı ilə qeyd edib. Nəhayət Şanlı Ordumuz 2020-ci il noyabrın 8-də Şuşa həsrətinə son qoydu və mədəniyyət paytaxtımız düşmən əsarətindən qurtuldu. 1992-ci ildə Şuşadan ayaqyalın qaçan sakinlər artıq qalib xalqın nümayəndələri kimi öz el-obasına geri dönür.
Şuşa özünümüdafiə batalyonunun sabiq komandiri Fəxrəddin Səfərov və şəhər uğrunda döyüşlərdə iştirak etmiş Ramin Məhərrəmov fikirlərini Modern.az-la bölüşüb.
“Şuşanın işğalı ilə azad olunması yetimlə atalı uşağın fərqi qədərdir...” - deyən Ramin Səfərov Şuşanın 1992-ci ildəki işğalı ilə 2021-ci ildə azad olunmasını belə təsvir edib:
“Biz 1992-ci ildə həmin gün məğlubiyyətə uğramışdıq. Bu gün isə biz qayıdışa, Şuşada keçiriləcək “Xarı bülbül” festivalına hazırlaşırıq.
Ermənilərin yerlə-yeksan etdiyi Şuşanın hər bir qarşı yenidən təmir olunacaq. Biz yenidən orada tədbirlər, konsertlər keçirəcəyik. Bizim indi hərbi gücümüz, gəncliyimiz fərqlidir. Bu gün orada sökülən bina daha əzəmətli tikilməyi üçün sökülür. O zaman doğma yurdunu əliyalın, ayaqyalın tərk edən körpə uşaqlar bu gün Şuşaya güclü, qorxmaz döyüşçülər kimi daxil olur.
Bu fəxri, bu sevincli günü Azərbaycan Ordusunun, Azərbaycanın Ali Baş Komandanının, ədaləti dəstəkləyənlərin sayəsində yaşadıq. Ədalət zəfər çalmalı idi!”.
Şuşa özünümüdafiə batalyonunun sabiq komandiri Fəxrəddin Səfərov:
“1992-ci il mayın 8-i ömrümüzün ən ağır günü idi... Döyüşə bilsək də Şuşanı itirdik. Ermənilərin havadarları, dünyada olan xristianlıq xofu həmin dövrdə güclü göründü. Deyə bilmərik ki, o dövrdə Azərbaycan əsgəri torpaq uğrunda döyüşməyib. Sadəcə, həmin dövrdə nizami ordu tam formalaşmamışdı, hərbi texnika çatmırdı.
2020-ci il noyabrın 8-də Azərbaycan əsgərinin Şuşada düşməni darmadağın etməsi Ordumuzun gücü bahasına oldu.
1992-ci ilin bu günü batalyon komandiri kimi mənim əsgərlərim and içirdilər. İlk dəfə and içmə 816 nömrəli hərbi hissədə, yəni mənim batalyonumda keçirilib. Bir gün sonra isə Şuşanı qoruyub, saxlaya bilmədik.
Xüsusi təyinatlılarımızdan noyabrın 4-ü gecə mənə zəng gəldi. Şuşaya haradan girmək lazım olduğunu soruşdular. Mən onlara noyabrın 4, 5, 6-sı Şuşaya hücum etməkdə köməklik göstərdim. Ayın 6-da əsgərlərimiz zəng edib belə bir ifadə işlətdilər: “Komandir, Şuşanın mərkəzindəyik”. Mən vaxtilə Şuşanı itirdiyimizə görə ağlamışdı, bu dəfə Şuşanı azad etdiyimiz üçün ağladım.
Gün o gün olsun ki, digər ərazilərimizi də azad edək və rahat nəfəs alaq”.
Fidan İlqarqızı