Modern.az

Azərbaycana 4 yeni qatar gətirilir

Azərbaycana 4 yeni qatar gətirilir

30 İyun 2021, 12:50

Rusiyanın “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya yola salınıb.

 

“Bakı Metropoliteni” QSC-dən Modern.az-a verilən məlumata görə, vaqonların texniki cəhətdən yoxlanılması, qəbulu və yola salınması məqsədilə qurumun Hərəkət qatarlarının istismarı və Depolar üzrə iş departamentlərinin rəisləri Akif Əhmədov və Faiq Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti “Metrovaqonmaş” müəssisəsində olub.

 

Qeyd edilib ki, 2019-cu ilin oktyabr ayında “Bakı Metropoliteni” QSC ilə bu müəssisə arasında üçillik müqavilə imzalanaraq, 2020-2022-ci illər ərzində Bakı metropoliteni üçün hər il texnoloji innovasiyalar baxımından ən müasir 20 vaqonun istehsalı nəzərdə tutulub.

 

Bakı metropoliteni üçün istehsal edilən vaqonların 2021-ci ilə nəzərdə tutulmuş qatarları Azərbaycana yola salınmazdan əvvəl Bakı metropoliteninin və “Metrovaqonmaş”ın nümayəndələri müəssisədə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirən lövhənin önünə gül çələngi qoyub, müəssisənin həyətində 2019-cu ildə Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun iştirakı ilə salınmış parkdakı ağacları suvarıblar.

 

Daha sonra müvafiq texniki prosedur qaydalarna uyğun olaraq, qatarlar təftiş olunub. Bakı metropoliteninin qoyduğu tələblərə uyğun istehsal edilmiş vaqonlar daha sonra Bakıya yola salınıb.

 

Rəsmi məlumata görə, paytaxta gətiriləcək 4 qatar tərkibi “Nərimanov” elektrik deposunda müvafiq sazlama, sınaq və tənzimləmə işlərindən sonra xəttə buraxılacaq. Bununla, Bakı metropolitenində müasir standartların tələblərinə uyğun gələn vaqonların sayı 95-ə çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə