Modern.az

Ermənilər Rusiyaya güvənib, təxribata əl atmasınlar” - DEPUTAT

“Ermənilər Rusiyaya güvənib, təxribata əl atmasınlar” - DEPUTAT

Aktual

10 Mart 2022, 11:57

Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

 

Müdafiə Nazirliyinin məlumatına görə, qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

Bundan öncə isə sülhməramlıların nəzarətdə olan əraziləri tərk edərək, Gümrüdə yerləşən Rusiya hərbi bazasına yollandığı haqqında şayiələr yayılmışdı. Lakin məlumatlar rəsmən təsdiqini tapmadı.

 

Son günlər atəşkəs rejiminin ardıcıl pozulması, erməni separatçılarının aktivliyi sülhməramlıların nəzarətinin ciddi şəkildə zəiflədiyi haqqında iddiaları gücləndirdi.

 

 

Bununla bağlı Modern.az-a danışan ağdamlı deputat Aqil Abbas vurğulayıb ki, sülhməramlılar bölgəni tərk etməyiblər, amma nəzarəti də tam həyata keçirə bilmirlər:

 

“Sülhməramlıların bölgəni tərk etməsi üçün üçtərəfli razılaşma olmalı, bəyanat imzalanmalıdır. Hələlik 10 noyabr bəyanatı, bunun əsasında bağlanmış müqavilə qüvvədədir. Sülhməramlıların nəzarətinin zəifləməsi ilə bağlı dövlətimiz tədbir görəcək. Orada provokasiyalara yol verirlər və cavab alırlar. Hesab edirəm ki, konkret tədbir görüləcək.

 

Rusiyanın başı Ukraynaya qarışıb. Görünür, erməni terrorçuları hazırkı durumdan istifadə etməyə çalışırlar. Amma buna nail olmayacaqlar. Azərbaycan ordusu onların layiqli cavabını verəcək. Sülhməramlılar ermənilərə nəzarət edə bilmirlər. Amma hələlik oradadırlar. Güman edirəm ki, onların qarşısına ciddi şəkildə tələb qoyulacaq və vəzifələri xatırladılacaq”.

 

Rusiya-Ukrayna müharibəsinin davam etdiyini xatırladan deputat düşünür ki, rus hərbçiləri müharibədə müsbət nəticələr əldə etməyəcək:

 

“Rusiya Kiyevi tutsa belə, məğlub olacaq. Müharibədə bu cür qələbə olmur. Bu məğlubiyyətə bərabər qələbə olacaq. Ona görə də ermənilər Rusiyaya güvənib, təxribatçı əməllərə əl atmamalıdırlar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır