Dövlət maraqlarımızın qorunması, milli mənafelərimizin müdafiəsi Azərbaycan Prezidentini siyasətinin ana xəttini təşkil edir və Prezident İlham Əliyev üçün Azərbaycan dövlətçiliyinin güclənməsindən, təhlükəsizliyinin təmin edilməsindən, nüfuzunun artmasından, ərazi bütövlüyünün və suverenliyinin qorunmasından, xalqımızın rifahının təmin edilməsindən ali məqsəd yoxdur.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Deputat uzun illər boyu Azərbaycanin güclənməsinə,strateji müttəfiqlər və tərəfdaşlar qazanmasına xidmət edən bu siyasətin özünü bütün istiqamətlərdə, xüsusilə də ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında, dövlətimizin beynəlxalq münasibətlər sistemindəki yerinin möhkəmləndirilməsində büruzə verdiyini xatırladıb: “Bu gün Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin yüksək səviyyədə olmasına, Aİ ilə ölkəmiz arasında enerji sahəsində tarixi əhəmiyyət daşıyan sənədin imzalanmasına, qarşılıqlı səfərlərə, yüksək səviyyəli dialoqa, etimadlı münasibətlərə baxmayaraq, Prezident İlham Əliyev Aİ-nin ayrı-ayrı təsisatlarının, xüsusilə də Avropa Parlamentinin ölkəmizə qarşı ədalətsiz mövqeyini tənqid edir, ölkəmizin maraqlarının onun üçün keçilməz qırmızı xətt olduğunu diqqətə çatdırır. Milli maraqlarımızın keşiyində duran dövlət başçımızın Avropa Parlamentinin nümayəndə heyətini qəbul etdiyi zaman səsləndirdiyi tənqidi fikirlər də Azərbaycan Prezidentinin bu qurumda zaman-zaman müxtəlif lobbi qruplarının ölkəmizə qarşı həyata keçirməyə çalışdığı təxribatlar, qəbul olunmuş qeyri obyektiv sənədlərə, səsləndirilən əsassız iddialara münasibətdir”.
Azər Kərimli qeyd edib ki, Avropa Parlamentinin davranışları Aİ-Azərbaycan münasibətlərinin mahiyyəti ilə yanaşı, ümumAvropa maraqlarına da ziddir və Avropa İttifaqının deyil, müxtəlif lobbi qruplarının, erməni diasporunun əlində alətə çevrilmiş siyasətçilərin şəxsi, korparativ maraqlarına xidmət edir:
“Azərbaycan parlament diplomatiyasına, parlamentlərarası münasibətlərin inkişafına böyük önəm verir. Bu yaxınlarda ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis edilməsi və Bakıda sözügedən təsisatın ilk toplantısının keçirilməsi də buna sübutdur. Bu baxımdan, Azərbaycanla Avropa Parlamenti arasında saglam və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi üçün bütün imkanlar var. Lakin bunun üçün ilk növbədə Avropa Parlamenti Aİ-nin partnyorları ilə kənar müdaxilələr olmadan, birbaşa və konstruktiv münasibətlər qurmağa can atmalı, ədalət prinsiplərindən çıxış etməlidir. Çünki Azərbaycanla sağlam münasibətlərə uyğun gəlməyən davranışlar sərgiləməklə, əsassız və ədalətsiz iddialar irəli sürməklə danışmağa cəhd göstərməyin perspektivi yoxdur”.