Modern.az

"Quru bəylər"in dueti və Ağdamın işğalı...

Aktual

20 İyul 2022, 13:40

29 il... Tam 29 il əvvəl Ağdam rayonu işğal olunmuşdu.

 

1993-cü ilin iyulun 23-də ermənilərin silahlı dəstələri Qarabağın alınmaz qalasını ələ keçirdilər.

 

Ağdam işğal olunmayacaqdı, oluna da bilməzdi: Ağdamı sadəcə, ermənilərə təhvil verdilər.

 

Və düşmən də Qarabağın inci şəhərinə divan tutdu, yerlə yeksan etdi, viran qoydu.

 

Tam 29 il Ağdam söküldü, dağıldı, yağmalandı.

 

Sonda ruhlar şəhərinə çevrilmiş bu məkanı 44 günlük İkinci Qarabağ Savaşında xalqımız və xalq ordumuz azad etdi.

 

Ağdamı iyulun 23-də yox, əslində iyulun 15-də itirmişdik.

 

Çünki 1993-cü ilin iyulun 15-də Ağdam tikinti materialları kombinatının direktoru Qasım Kərimovun rəhbərliyi altındakı silahlı qrup güc tətbiq edərək Ağdam rayon icra hakimiyyətinin başçısı Nadir İsmayılovu devirdi. "Karyer Qasım" kimi tanınan Q.Kərimov özünü Ağdam rayon icra hakimiyyətinin yeni başçısı elan etdi. Bu hadisədə Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu motoatıcı briqadanın hərbçiləri də daxil olmaqla, Azərbaycan ordusunun bəzi zabitlərinin iştirak etməsi orduda anarxiyanın olmasını göstərirdi.

 

Daha dəqiq olsaq, AXC-Müsavat duetindən ibarət "iqtidar" tam iqtidarsızlıq göstərərək Ağdamın qorunması, xilası üçün heç nə etmədi.

 

Tam əksinə, ağdamlıların istehza ilə "quru bəylər" adlandırdıqları bu duet  Ağdamın işğalı üçün sanki ermənilərə zəmin hazırladı.

 

 

Sadəcə, bir fakt: hələ formalaşmamış ordumuzun bəzi birlikləri Ağdamı geri almaq üçün avqustun 8-də əks-hücuma keçərək Novruzlu kəndi istiqamətində hətta aeroport yolunadək irəliləmişdilər. Lakin yenə də AXC və Müsavat tərəfdarları arasındakı mübahisələr, bədbinlik, ən başlıcası isə əməliyyatın planlaşdırılmasının bərbad olması uğursuzluğa səbəb oldu.

 

Nəticədə əks-hücumda düşməndən alınan ərazilər də itirildi.

 

Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Ağdam məhz o dönəmdəki hakimiyyətin səriştəsizliyi, bacarıqsızlığı, regional və qlobal geosiyasi çağırışlarla təhdidləri anlamaması və ən sonda ölkəni idarə edə bilməməsi ucbatından erməni işğalına məruz qalmışdı.

 

29 il sonra həmin apolitikləşmiş qüvvə - AXCP və Müsavat dueti yenidən aktivləşməyə çalışdığını göstərməyə can atır.

 

Amma necə...

 

... Azərbaycan müxalifətindəki çoxsaylı nöqsanlar və problemlər sırasına indi də amerikalı siyasi analitiklərin "Isolation Boredom Syndrome" (İBS), yəni təcrid olunmuş darıxma sindromu əlavə olunub.

 

İyul ayıdır, yaydır. Radikal müxalifətin fəaliyyət adlandırdığı fəaliyyətsizliyində və ətalətində mövsümi amillərin rolu böyükdür.

 

Siyasi mövcdluğun təməl prinsiplərindən birinə çevrilmiş bu məqamları nəzərə alsaq, ölkəmizdəki müxalifət qışda süstləşir, baharda fəallaşır, yayda ətalətə qapılır, payızda isə natamamalıq sindromunun ən bəsit formalarını nümayiş etdirir.

 

Halbuki, Azərbaycanın ciddi, məntiqli, praqmatik və normal müxalifətə ehtiyacı var.

 

Konstruktiv və hətta sərt mövqeli müxalifət olarsa, hakimiyyət daha da güclənər.

 

İlk baxışdan təəccüblü, hətta paradoksal görünsə də, belədir.

 

Siyasətin təməl və ənənəvi qaydalarından biri rəqiblərin "eyni çəki"də olmasa da, eyni müstəvidə və təxminən adekvat qüvvədə olmasıdır.

 

Qüvvə dedikdə müxalifət partiyasının və ya partiyalarının maliyyə imkanları, təşkilatı gücü, fəaliyyət azadlığı və s. nəzərdə tutulmur.

 

Bu, Azərbaycan daxili siyasətindəki mövcud vəziyyət, daha doğrusu, landşaft və şərtlərlə bağlı deyil.

 

Siyasi fəaliyyətin klassik prinsiplərinə görə, hakimiyyətlə müxalifət arasındakı münasibətlərin "sparrinq" vəziyyətində hər iki tərəfin vətəndaşların şüuruna, onların mövqeyinə və ümumən, sosial sifarişlərə hansı miqyasda, necə bir formatda cavablar verməsindən asılıdır.

 

 

Bəhs etdiyimiz prinsiplərə görə, "sparrinq"də hakimiyyətin qarşısındakı tərəf nə qədər zəifdirsə, iqtidar da zəifləyir - boksun qaydası belədir.

 

Çünki rəqib nə qədər təcrübəli, sürətli və mütəhərrikdirsə, sparrinqə çıxmış idmançı bir o qədər faydalanır.

 

Əksi isə tam mənasızdır: bir anlıq düşünün ki, peşəkar və təcrübəli boksçunun sparrinq tərəf-müqabili zəif, astagəl, zorla tərpənən birisidir.

 

Əfsuslar olsun ki, Azərbaycan müxalifət toplu olaraq sistemsiz fəaliyyət göstərdiyindən bu düşərgənin radikal qanadı təşkilatlanmış strukturlardan ibarət deyil.

 

Olan adi spesifik elementlərdir.

 

Ölkə müxalifətinin radikal düşərgəsini səciyyələndirən və ümumiyyətlə, müəyyənləşdirən əsas məqam bu dəstənin məqsədlərinin konstitusion quruluşla və xüsusilə də mövcud qanunvericiliklə ziddiyyət təşkil etməsidir.

 

Elə bu səbəbdən də dağınıq, səpəli olaraq xaotik hərəkətdə olan radikal müxalifətin siyasi varlığı forma və vasitələr baxımından absurd teatrını xatırladır.

 

Sistemsiz müxalifətin subyektinə çevrilərək qaraguruh səviyyəsinə tənəzzül edən bu dəstə cəmiyyətin sosial-siyasi dəyərlərini "mütilik", "qorxaqlıq", "yarıtmazlıq" və hətta "köləlik" adlandıraraq özü üçün bəlirlədiyi siyasi kursa uyğun olmadığını bəyan edir.

 

İnkar naminə inkarı mübarizə forması kimi seçərək siyasi binəvalığı etiraf edən elementlər sürəkli olaraq vətəndaşları etiraz aksiyalarına çağırırlar.

 

Tamam, aksiya oldu, Bakıda hansısa dövlət qurumunun qarşısına toplaşıb nələrsə deyildi, çağırışlar edildi, şüarlar söyləndi.

 

Sonra?

 

 

AXCP və Müsavatın, habelə bu kvazisiyasiləşmiş qurumların "hami"lik edərək nəzarətdə saxladıqları siyasi marionetlərin fəaliyyət proqramı varmı? Onların səbatlı, dəqiqləşdirilmiş taktikaları, yaxud yaxın və orta perspektivi nəzərdə tutan strategiyaları mövcuddurmu?

 

Sualların cavabı bəsit və birmənalıdır - yox.

 

Olmayıb, yoxdur və görünən də budur ki, olmayacaq.

 

Belədə "hamı küçələrə" tipli irrasional şüarçılığı siyasi fəaliyyət saymaq siyasətin özünə ironiyadır.

 

Radikallaşmış marginal elementlər anlasalar təbii ki. Çətin, çünki onlar Ağdamın necə işğal olunduğunu, daha doğrusu, məhz bu elementlərin təmsil etdikləri təşkilatların siyasi və idarəetmə bivecliyi səbəbindən düşmən əlinə keçməsini unutdurmağa çalışırlar.

 

Bizsə unutmamışıq.

 

Ağdamı işğaldan azad edən müzəffər ordu da, qalib xalq da unutmayıb.

 

Çünki heç nə unudulmur.

 

Elçin Alıoğlu

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi