Modern.az

Əkiz qardaş-bacısı doğulan şəhidimizin atası: Allah bizi tək qoymadı! - FOTOLAR

Əkiz qardaş-bacısı doğulan şəhidimizin atası: Allah bizi tək qoymadı! - FOTOLAR

Aktual

24 Avqust 2023, 16:30

Quba rayonunun Zərdabi qəsəbəsindən olan Vətən Müharibəsi şəhidi Musa Məhəmmədovun əkiz bacı-qardaşı dünyaya gəlib. Şəhidmizin valideynləri Bəhram və Rübabə Məhəmmədovların ailəsində əkizlər doğulub.

 

Musa Məhəmmədov 2 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında, Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində, “Cəngavər” döyüş mövqeyində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

 

Modern.az şəhid Musa Məhəmmədovun atası Bəhram Məhəmmədovun təəssüratlarını öyrənib.

 

O qeyd edib ki, oğlunun adını Musa, qızının adını isə Mehriban qoyublar.

 

“Allahımıza bizi tək qoymadığına görə şükürlər olsun. Allah bizə təsəlli verdi. Övladlarımız dünyaya gələndə həm qohumlarımız, həm də dövlət nümayəndələri bizim yanımızda oldu. Tək qoymadılar. Şəhid olan oğlumuzun adı Musa idi. Musa adını yeni dünyaya gələn oğlumuza qoyduq. Qızımızın adını isə Mehriban qoyduq. Çünki onu bizə mehriban Allahımız pay verib. İstəyərəm ki, hər iki övladım da cəsur olsun”.

 

Şəhidimizin atası əkizlərin gələcək təhsil və kariyera həyatları ilə bağlı arzularından da söhbət açıb:

 

“Biz indidən düşünürük ki, onlar yüksək peşə sahibəri olacaqlar. Oğlumuzun üzərinə daha çox məsuliyyət düşür. Çünki o, Musanın davamçısıdır, onun adını daşıyır. Hansı ixtisas üzrə təhsil alacaqlarını zaman göstərəcək. Ancaq mən istəyərdim ki, elə bir peşəyə yiyələnsinlər ki, insanların yaralarını sarıya bilsinlər”.

 

B.Məhəmmədov şəhid olan övladının yeri və məqamının tam başqa olduğunu vurğulayıb:

 

“Musa Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edib. Goronboy rayonu Buzluq ərazisində döyüşlər zamanı  şəhid olub. Musadan nə deyim? O elə bir övlad idi ki, onun barəsində danışmaqla bitən deyil. Onun haqqında kitablar yazmaq olar. Onu Allah bizə xeyirli övlad vermişdi. Tam başqa bir uşaq idi. Namaz qılır, dinə qulluq edirdi. Quba rayonunun dördüncü şəhidi idi. Onun üçün nəinki Quba, Azərbaycan, hətta buludlar da gözyaşı tökdü. Musa elə tanınmış uşaq idi. Yaşı az olduğuna görə, camaat onu tanıyırdı.

 

Bizim övladlarımız dünyaya gəlsə də, Musanın yeri ayrıdı. Musa evin tək oğlu olub. Bunlar bizim üçün təsəllidir. Ancaq Musanın yeri, məqamı tam başqadır”.

 

1273652

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?