Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqı (Aİ) Şurası liderləri Qranadada görüş keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə "news.am" nəşri Aİ-nin yüksək səviyyəli nümayəndəsinə istinadən məlumat yayıb.
Nikol Paşinyan, Emmanuel Makron, Olaf Şolts və Şarl Mişel Avropa Siyasi Birliyinin Qranadadakı sammiti çərçivəsində dördtərəfli görüşəcək.
Görüş zamanı mövcud vəziyyət, Aİ-nin nə edə biləcəyi, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə gələcək iş perspektivləri, eləcə də əməli tədbirləri müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan Qranada görüşündə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib. Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb. Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib. Buna görə Azərbaycan görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.