Media Türk TV-nin bugünkü canlı efirində diqqətçəkən hadisə yaşanıb.
Modern.az xəbər verir ki, Səidə Bəkirqızının aparacısı olduğu və canlı yayımlanan “Xəbəriniz Var?” verilişinə bir neçə gün əvvəl Laçın sərhəd-keçid məntəqəsində jurnalistlərə müsahibə verən erməni sakin Slava Usebyanın qızı şərh yazıb.
Elena Sarkisyan adlı qız yazdığı şərhdə atasından nifrət etdiyini bildirib.
“Atam Birinci və İkinci Qarabağ müharibələrində iştirak edib. Ondan nifrət edirəm, Səidə xanım”, - Elena Sarkisyan rəydə qeyd edib.
Müharibədən öncə, sözügedən verilişə şərh yazan Elena Sarkisyan tez bir zamanda Qarabağ məsələsinin həll olunacağını qeyd edib.
Qeyd edək ki, sentyabrın 7-də erməni mətbuatına verdiyi müsahibəsində Slava Usebyan Xankəndidə “Artsax”ın mübarizəsindən danışıb: “Biz artsaxlılar dözümlüyük və cəsarətliyik. Biz dözməliyik, hər şeyə müqavimət göstərmək lazımdır".
Lakin sentyabrın 26-da verdiyi müsahibədə onun azərbaycanlı jurnalistə dediyi fikirlər təxminən bu cür idi:
“Mən Xankəndidə, eyni zamanda Bakıda da yaşamışam. Orta məktəbi də elə paytaxtınız Bakıda bitirmişəm. Bakıda Montin qəsəbəsində qalırdım. Azərbaycanlılarla duz-çörək kəsmişəm, çox yaxşı insani münasibətlərimiz olub. Allah etsin, yenidən mehribançılıq olsun. İki evimi-eşiyimi qoyub, çıxdım Xankəndidən. Yanğından mühafizə idarəsində rəis müavini vəzifəsində çalışmışam. Bakıdakı dostlarımla olan şəkillərimi hər zaman saxlayırdım. Erməni tərəfi düşünür ki, məni burda saxlayıblar. Amma çox rahat şəkildə heç bir təzyiq olunmadan keçid edirəm”.