74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində rumıniyalı astronavt Dumitru Dorin Prunariu və braziliyalı astronavt Viktor Hespanha ilə respublikanın müxtəlif məktəblərindən olan məktəblilər arasında görüş keçirilib.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə təşkil etdikləri astronomiya dərnəkləri, Ümumdünya Aviasiya və Kosmonavtika Günü ilə bağlı tədbirlər haqqında danışıb. O bildirib ki, məktəblilərin bu sahəyə böyük marağı var.
Daha sonra Azərkosmosun təhsil meneceri İmran Muxtarov məktəblilərə qurumun fəaliyyət istiqamətləri, Beynəlxalq Astronavtika Konqresi və “Beynəlxalq astronavtlar proqramı” haqqında ətraflı məlumat verib.
Astronavtlar kosmik missiya və kosmosa uçuş təcrübələrini bölüşüblər. Sonda Dumitru Dorin Prunariu və Viktor Hespanha ilə sual-cavab sessiyası keçirilib, ekoklub üzvləri üçün avtoqraf imzalanması mərasimi və fotosessiya təşkil edilib.
Astronavtlarla görüşdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekoklubunun 100-dək üzvü iştirak edib.
Konqresin tərkib hissəsi olan “Beynəlxalq astronavtlar proqramı” “Kosmos və sağlamlıq”, “Kosmos və inklüzivlik”, “Kosmos və STEAM” mövzuları, həmçinin astronavtların həyat və fəaliyyətinə həsr olunmuş silsilə tədbirlərdən ibarətdir. Bu çərçivədə müxtəlif ali təhsil müəssisələri, elmi tədqiqat institutları və gənclər mərkəzlərində məktəblilər, tələbələr, şəhid və qazi övladları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənc alimlər daxil olmaqla 3000 nəfərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Yeniyetmə və gənclər arasında kosmos sahəsinə, yüksək texnologiyalara marağın artırılması, milli kosmik ekosistemin təşviqi proqramın əsas məqsədlərindəndir.