Azərbaycan xalqı böyük zəfər seçkisinə hazırlaşır. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilrini tam mənası ilə belə adlandırmaq lazımdır. Çünki müstəqillik qazandığımızdan bəri ilk dəfə olaraq ölkədə keçiriləcək seçkilər respublikanın bütün ərazisini əhatə edəcək. Bu tarixi zəfər, ilk növbədə Azərbaycan xalqının qürur mənbəyinə çevrilən Zəfərimiz Prezident İlham Əliyevin 20 illik siyasi fəaliyyətinin, hərbi-diplomatik zəfərinin, qlobal təşəbbüslərinin bir lider kimi xalqı vahid amal uğrunda səfərbər etməsinin bəhrəsidir.
Bəli, İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbə müstəqil Azərbaycanın Zəfər salnaməsidir. 30 ildən sonra belə bir qələbəyə imza atmaq liderdən müdriklik, səbir, vətənə sevgi, yüksək sərkərdəlik məharəti tələb edir: "Xoşbəxt o xalqdır ki, kiçik əraziyə və az sayda əhaliyə malik olsa da, onu qalibiyyətə doğru aparmağı bacaran lideri var". İkinci Qarabağ müharibəsində qazanılan Zəfər, daha sonra keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində torpaqlarımızdan separatizmin kökünün kəsilməsi, ölkənin bütün əraziləri üzərində suveren hüquqlarımızın tam bərpa edilməsi Cənubi Qafqaz regionu ilə yanaşı, Azərbaycandakı reallıqları da dəyişdi. Bu reallıqlar xalqımızın və dövlətimizin qarşısında yeni üfüqlər açdı və Azərbaycan Cənubi Qafqaz regionunda yeni dövrə qədəm qoydu. Suverenliyimiz təmin edildi, ərazimiz bütövləşdi. Əlbəttə ki, bütün bunlar ölkəmizdə həm də yeni siyasi başlanğıc zərurətini ortaya çıxardı. Prezident İlham Əliyevin Sərəncamı ilə gələn il fevralın 7-də növbədənkənar prezident seçkiləri ilə bağlı qərar da məhz bu zərurətdən irəli gəldi.
Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, gələn ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri həm də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Beynəlxalq hüquqla təsbit olunmuş, amma 30 ildir erməni işğalı altında qalan bütün ərazilərimiz artıq bütöv Azərbaycanımızın hüququ yuridisiyasındadır. Azərbaycanda indiyədək 8 prezident, 6 parlament, 5 bələdiyyə seçkiləri keçirilib. Növbəti seçkilər isə sayca doqquzuncu olacaq. Zəfər seçkiləri 2018-2019-cu illərdəki kimi, hakimiyyətin bütün qollarında aparılan kadr və struktur dəyişikliklərinin, gələcəkdə parlament, məhkəmə və bələdiyyə institutlarının da xalqın səsi ilə formalaşmasının əsas təminatçısı olacaq.
Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Bunun nəticəsidir ki, müasir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək. Fevralda keçiriləcək seçkilərin qürurverici amillərindən biri məhz 30 il əvvəl yurd yerlərindən didərgin salınan soydaşlarımızın bir hissəsinin daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında səsvermə hüququndan istifadə edəcəyidir. Beləliklə, ilk dəfə olaraq postsovet məkanında torpaqlarını işğaldan azad edən bir dövlətin bütün ərazilərində seçki prosesi reallaşacaq. BMT-nin müvafiq sənədləri ilə təsbit olunmuş ərazilərdə seçki keçirilməsi yeni bir nümunə olacaq. Taleyüklü məsələnin xalq-iqtidar birliyinin gücü hesabına həll edən Azərbaycan bu gün inkişaf və tərəqqi yolunda inamla irəliləyir. Üç il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağın və ətraf rayonların erməni işğalından azad edilməsi və bu il sentyabrın 19-20-də keçirilən uğurlu antiterror tədbirləri üçrəngli bayrağımızın bütün ərazilərimizdə dalğalanmasını təmin etdi. Qüdrətli Azərbaycan dövləti öz liderinə, gücünə arxalanaraq düşmən üzərində misli görünməmiş qələbə qazandı.
Bir sözlə, Prezident İlham Əliyev çoxəsrlik tariximizə Zəfər yazmaqla həm də Azərbaycanı beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli dövlət kimi tanıtmışdır. Prezidentin qətiyyətlə həyata keçirməyə başladığı Böyük Qayıdış Proqramı isə Azərbaycanımızın sabahının daha parlaq olacağına və yeni zəfər səhifələrinə imza atılacağına tam əminlik yaradır.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri