Modern.az

İranın müharibəyə qoşulması neft qiymətlərinə TƏSİR EDƏCƏK

İranın müharibəyə qoşulması neft qiymətlərinə TƏSİR EDƏCƏK

2 Noyabr 2024, 11:52

İsrailin İrana zərbələri Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti biraz daha ağırlaşdırıb. İran İsrailə cavab verəcəyini bildirib. Qeyd edək ki, oktyabrın 26-da İsrail İrana kütləvi zərbələr endirib, bir neçə obyekti vurub. İran prezidenti Məsud Pezeşkian vurğulayıb ki, ölkəsinin istənilən cavabı balanslı və düşünülmüş olacaq.

İsrailin hücumundan əvvəl Qərb mətbuatı İranın neft obyektlərinə hücum ediləcəyinin gözlənildiyini bildirmişdi. Ancaq hücum zamanı hərbi obyektlər hədəfə alındı. Qərb mətbuatı yazır ki, İsrailin İranın neft obyektlərinə hücum etməməsi, eləcə də ümumilikdə hücumun gözləniləndən daha kiçik miqyası treyderlərin münaqişənin mümkün gərginləşməsi ilə bağlı narahatlıqlarını azaldıb. 

İsrail tərəfi yeni hücumların anonsunu da verib.

Bəs İran-İsrail münaqişəsinin davamı neft qiymətlərinə necə təsir edəcək?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, böyük güclər arasında baş verən qarşıdurmaların, müharibələrin dünya iqtisadiyyatına təsiri danılmazdır:

"Xüsusən də o ölkələrin ki, onların beynəlxalq münasibətlərdə, regional miqyasda, xüsusən də enerji bazarında rolu nəzərəçarpacaq səviyyədə böyükdür. İran coğrafi mövqeyinə görə də regionda ən iri dövlətlərdəndir. Qərbin uzunmüddətli sanksiyaları bu ölkənin imkanlarını azaltsa da, son illər yeni tərəfdaşları ilə işbirliyi Tehrana əlavə  imkanlar qazandırıb".

Deputat vurğulayıb ki, İran dünya neft istehsalında önəmli yer tutur:

"Xüsusən də körfəz ölkələri arasında dominantlıq İrana əlavə imkanlar qazandırır. Tehran Qərbin sanksiyalarının daxili siyasətə təsirini azaltmaq, sosial problemlərin artmasına imkan verməmək üçün neft ixracını artırmaq məcburiyyətindədir. Bu isə ölkənin neftdən gələn gəlirlərdən asılılığını artırmağa gətirib çıxarır. Azərbaycana gəldikdə isə dünyada neft məhsullarının qiymətlərindəki artım təsirsiz deyil. Nəzərə alsaq ki, müharibə olacağı təqdirdə bütün kommunikasiyalar, marşrutlar əvvəlki kimi işlək vəziyyətdə olmur, avtomatik olaraq dünya bazarında tələb təklifi üstələyir və qiymətlər artır. Azərbaycan neftinin dünya bazarında qiyməti digərlərindən fərqlidir, bahadır. Əlbəttə, biz müharibələrin əleyhinəyik, amma İranın müharibəyə cəlb edilməsi neftin qiymətlərinə ciddi təsir edəcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə