Bu gün Azərbaycanın bir çox bölgələrində sürücüləri çətin vəziyyətə salan, onların cərimələnməsinə gətirib çıxaran yollar hələ də var. Bu problemlərin həlli istiqamətində bir sıra addımlar atılsa da, bəzi nöqtələrdə hələ də belə məqamlar gözə çarpır. Sürücülərin cərimələnməsi bir tərəfə, bir də bu halların sonda qəzalarla, cana ziyan dəyməsilə nəticələnməsi halları da yaşanır. Bu vəziyyət təkcə bölgələrdə yox, həm də Bakıda müşahidə olunur. Paytaxtın bəzi yollarında, xüsusən də şəhərin mərkəzindən kənarda istər işıqforların düzgün işləməməsi, istərsə də onların düzgün quraşdırılmaması, həmçinin yol nişanları ilə bağlı qüsurlar artıq sürücülərin ən çox narazılıq etdiyi məsələyə çevrilib.
Paytaxtın Binəqədi şosesində hərəkətin təşkili ilə bağlı mövcud olan ciddi nöqsanlar həm sürücülər, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyətlər yaradır. Bu barədə sürücülərdən biri qeydə aldığı videonu Avtosfer.az-ın qaynar xəttinə göndərib və problemin ictimailəşdirilməsini istəyib.
Görüntülərdən də aydın olduğu kimi, sözügedən problemin mahiyyəti ondan ibarətdir ki, yolayrıcında yerləşdirilən svetofor obyekti ağacın arxasında tamamilə gizlənib. Nəticədə də bu istiqamətdə hərəkət edən sürücülər svetoforu yalnız yolayrıcına yaxınlaşdıqdan sonra görə bilirlər. Son məqamda görünməsi mümkünləşən bu element isə sürücülərə çətin vəziyyət yaşadır. Bu isə təhlükəli vəziyyətlərə, qəza riskinin artmasına və yol hərəkəti qaydalarının pozulmasına səbəb olur. Xüsusilə bu yoldan ilk dəfə istifadə edən sürücülər işıqforun mövcudluğundan xəbərsiz olduqları üçün bilmədən svetaforun qırmızı işığında hərəkət edirlər. Belə hallar isə qəzalara yol açma risklərini artırır.
Digər mühüm problem isə yol nişanlarının çatışmazlığı ilə bağlıdır. Belə ki, qeyd edilən svetoforda sola dönmək üçün əlavə bir bölmə mövcuddur. Lakin zolaqlar üzrə hərəkəti bildirən 5.8.1 nişanları olmadığı üçün sürücülər hər iki zolaqda hərəkətin düzünə icazə verildiyini düşünürlər. Sol zolaqla hərəkət edən sürücülər yolayrıcına çatan zaman məlum olur ki, bu zolaqdan yalnız sola dönməyə icazə verilir. Məcburi şəkildə sağ zolağa yerdəyişmə etməyə çalışan zaman isə yolda sıxlıq yaranır. Üstəlik, ərazidə yol kənarlarında da hansısa yol nişanları təşkil edilməyib. Bu azmış kimi, yerdə də xətləmə işləri düzgün təşkil edilmədiyi üçün sürücülər bu halda nə edəcəklərini öncədən bilmirlər. Son anda işıqfora yaxınlaşdıqda isə məcburi sağ zolağa keçməyə çalışanlar ya şosedə qəzalara səbəb olur, ya da sıxlığa səbəb olurlar. Uzun müddət davam edən belə sıxlıqlar həm sürücülər arasında gərginliyin artmasına, həm də vaxt itkisinə gətirib çıxarır.
Qanunvericiliyə əsasən, bu cür intensiv hərəkət olan yollarda zolaqlar üzrə hərəkəti bildirən 1.18 nişanlanma xətti 2-3 dəfə təkrarlanmaqla yola çəkilməli, 5.8.1 nişanları isə 50-100 metr əvvəldən quraşdırılmalıdır. Ölkə başçısı Prezident İlham Əliyevin də paytaxtın nəqliyyat infrastrukturu ilə bağlı dövlət proqramında təsdiq edilir ki, Bakının Binəqədi rayonunda da piyadaların, eləcə də sürücülərin rahat hərəkətinin təmini üçün 2030-cu ilə qədər ciddi tədbirlər görülməlidir. Rayonla əlaqədar ölkə başçısının təsdiq etdiyi dövlət proqramında bir sıra işlərin bu ildən başlanması nəzərdə tutulsa da, hələ də işlərə başlanılmaması təəssüf doğuran məsələlərdən birinə çevrilib. Bu məqamlardan biri də məhz rayon ərazisində işıqlandırma məsələlərinə xüsusi diqqətin ayrılmasıdır. Mütəxəssislərin fikrincə, günün qaranlıq saatlarında ağacların arxasında gizlənən belə işıqforlar ağır faciələrlə nəticələnə bilər. 20018-ci ildə ölkədəki bütün yolların, eləcə də məhəllələrin işıqlandırılması ilə əlaqədar dövlət başçsının sərəncamı olsa da, proses tam getmədi və işıqlandırma işləri yarımçı qaldı. Bu baxımdan, Dövlət Statistika Komitəsinin, eləcə də Baş Dövlət Yol Polisi İdarəsinin təqdim etdiyi qəzalarla bağlı statistikalarda günün qaranlıq saatlarında qəzaların sayının gündüz saatlarına nisbətdə daha çox olduğunu görmək mümkündür. Ekspertlər qeyd edir ki, belə yollara parallel zolaqlarda sürət həddi aşağı olsa da, orta zolaqlarda bu hədd ən az 70 kilometr-saat olduğu üçün sürücülərin işıqforu gec görməsi, yaxud günün qaranlıq saatlarında ümumiyyətlə görməməsi qəza ocaqlarının yaranmasına səbəb olur. Bu halların qarşısının alınmaması isə təkcə vətəndaşları deyil, dövləti də yüksək məbləğlərdə ziyana uğradır. Binəqədi şosesi ətrafında yaşayan sakinlərin sözlərinə görə, məhz bu hissədə dəfələrlə toqquşmalar olub, hətta bir neçə dəfə piyadavurma halı yaşanıb.
Ərazidə yaşayan vətəndaşlar bildirir ki, daha əvvəl də bu hissə ilə bağlı aidiyyəti qurumlara məlumat veriblər. Buna baxmayaraq, nə işıqforun yeri dəyişdirilib, nə də ağaclarla bağlı hansısa tədbirlər görülüb. Bənzər məsələ ilə bağlı media subyektlərində də dəfələrlə xəbərlər dərc edilsə də hər birinin ya görməzdən gəlinməsi, ya da problemə səthi yanaşılması səbəbilə öz həllini tapmaması sürücülərin narazılığına səbəb olur.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, yol infrastrukturunda quraşdırılan hər bir element – işıqfor, yol nişanları, asfaltın səthinə çəkilən xətlər və s. hamısı yolda təhlükəsizliyi təmin etmək üçün çox vacibdir:
“Bu elementlər heç bir halda mübahisə yaratmamalıdır. Amma, çox təəssüf ki, bir çox hallarda biz görürük ki, aidiyyəti qurumlar öhdələrinə düşən işləri görmürlər. Belə ki, svetoforların, yol nişanlarının qarşısını tutan yol nişanları vaxtında budanmır, bu da müəyyən problemlər yaradır. Sürücü ilə dövlət qurumları arasında konfliktlər yaradır. Sürücünün avtomobillə piyadanı vurmasına, yaxud başqa avtomobillə toqquşmasına gətirib çıxara bilir. Ümumilikdə isə belə hallar yol-nəqliyyat hadisələrinə, ağır faciələrə səbəb olur. Düşünürəm ki, nəinki, paytaxtda, bütün bölgələrimizdə bu mövzuda xüsusi monitorinq aparılmalıdır. Qəza riski olan nöqtələr xüsusilə araşdırılmalıdır və mərhələli şəkildə bu problemlər aradan qaldırılmalıdır. Çünki bu məsələ artıq çox böyüyüb və cəmiyyətdə bundan narazıdır. Dəfələrlə bu məsələlər ictimaiyyətdə müzakirə olunsan da, cəmiyyət də bu problemləri sosial şəbəkələrdə, eləcə də mediada qabartsa da, yenə də bu problemləri, təəssüf ki, görürük”.
Ekspert sonda qeyd edib ki, sürücülərin təhlükəsizliyi və yol hərəkətinin düzgün təşkili üçün bu cür nöqsanların vaxtında aradan qaldırılması vacib hesab olunur.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili" layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Müəllif: Səfər Əlizadə