Modern.az

Ətin bahalaşmasına komitə sədrindən REAKSİYA

Ətin bahalaşmasına komitə sədrindən REAKSİYA

Aktual

10 Sentyabr 2025, 17:07

Son günlər ölkənin müxtəlif bölgələrində ətin, xüsusilə də dana və quzu ətinin qiymətində ciddi artım müşahidə olunur. Əvvəllər daha münasib qiymətə təklif olunan ət məhsulları indi daha baha qiymətə satılır. Hazırda quzu ətinin kiloqramı bəzi bazarlarda 20 manata qədər yüksəlib.

Belə ki, qiymət artımını iribuynuzlu və xırdabuynuzlu heyvanların sayının azalması ilə əlaqələndirirlər. Rəqəmlər göstərir ki, son illər ərzində mal-qara, keçi və qoyunların sayı kəskin şəkildə azalıb, bəzi bölgələrdə isə bu sahədə vəziyyət minimum həddə enib. Bu da təklifin azalmasına, nəticədə isə bazarda qiymətlərin artmasına səbəb olub.

Artan qiymətlər isə, təbii olaraq, alıcıların narazılığına səbəb olub.

Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, bugün dünyada ərzaq məhsullarının qiymətində artımlar müşahidə edilir. Onun sözlərinə görə, bu baxımdan  Azərbaycanda da bəzi kənd təsərrüfatı məhsullarının bahalaşması və qiymətlərdə fərqlərin yaranması təbii qarşılanmalıdır.

“Ətin bahalaşmasının əsas səbəblərindən biri kənd yerlərində əhalinin mal-qara saxlamağa olan marağının azalmasıdır. Bu da öz növbəsində mal-qaranın sayının azalmasına səbəb olur. Lakin mal-qaranın sayının azalması əslində ətin bahalaşmasına birbaşa zəmin olmamalıdır. Əksinə, ətlik və südlük mal-qaranın saxlanması, yetişdirilməsi və bazara çıxarılması düzgün təşkil edilsə, qiymət artımının qarşısı alına, hətta qiymətlər aşağı salına bilər”

Deputat vurğulayıb ki, insanlar inək, camış, qoyun və quzu saxlamaqda o qədər də maraqlı olmamasının səbəbini örüş sahələrinin olmaması,  yemin bahalaşması ilə əlaqələndirirlər:

“Lakin bu amillər əsas səbəb kimi qəbul oluna bilməz. Çünki torpaq sahələri kənd sakinlərinə paylanıb və həmin torpaqlarda yonca, qarğıdalı və digər yem məhsulları yetişdirilərək heyvanların qidalanmasında istifadə oluna bilər”.

Millət vəkilinin sözlərinə görə, digər bir problem isə işbazların mövcud fəaliyyəti ilə bağlıdır:

"Onlar kənd yerlərindən mal-qaranı ucuz qiymətə alıb, şəhər bazarlarında baha qiymətə satırlar. Eyni zamanda sahibkarlar üçün bazarda lazımi şəraitin yaradılmaması da qiymət artımına təsir edən amillərdəndir. Çox zaman fermerlər öz məhsullarını bazara çıxarmaqda çətinlik çəkirlər. Onlar üçün münasib satış yerləri ayrılmır və istədikləri zaman bazarda öz ət məhsullarını sata bilmirlər".

Tahir Rzayev həmçinin bildirib ki, bu məsələlərin həllində yerli icra orqanları və bələdiyyələr mühüm rol oynaya bilər:

“Onlar qanunvericiliyə uyğun şəkildə ət satış məntəqələri təşkil edərək, birbaşa satış imkanları yarada bilərlər. Beləliklə, həm istehsalçı, həm də istehlakçı üçün münasib şərait formalaşar”.

Komitə sədri onu da əlavə edib ki, əslində ölkə olaraq özümüzü mal və qoyun əti ilə təmin etmək imkanımız var:

“Statistik göstəricilər də bunu sübut edir. Lakin bəzi hallarda restoranlar və digər ictimai iaşə obyektlərində istifadə olunan ət məhsulları xaricdən idxal olunur. Bununla belə, əhalinin ətlə təmin olunması sahəsində elə də ciddi çətinliklər yoxdur.

Əsas məqsəd sahibkarların diqqətini mal-qara saxlamağa yönəltmək, onları bu sahəyə təşviq etmək və həvəsləndirici mexanizmlərdən istifadə etməklə maldarlığı olan marağı stimullaşdırmaqdır”,- deyə T.Rzayev qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?