Ötən gün “Apple” şirkəti növbəti yeniliyini – “iPhone 17” modelini ictimaiyyətə təqdim edib. Hər il olduğu kimi bu dəfə də təqdimat texnoloji yeniliklərlə yanaşı böyük maraq doğurub. Belə ki, yeni “Ayfon” modellərinin satışa çıxarılması artıq sadəcə texnoloji yenilik kimi yox, müəyən bir status göstəricisi kimi qəbul olunur. İnsanlar çox vaxt ehtiyacdan deyil, “hamıda var, məndə də olsun” düşüncəsi ilə bu cihazlara üz tutur. Nümunə olaraq, ötən il ölkəmizdə yeni modelin satışa çıxarılması zamanı telefon mağazalarının qarşısında yaranan böyük növbələri və izdihamı da bunun bariz nümunəsi kimi göstərmək mümkündür.
Modern.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov bildirib ki, hər yeni “iPhone” modeli təqdim olunanda, sadəcə texnoloji yenilik deyil, həm də sosial bir hadisəyə çevrilir. Mütəxəssisin sözlərinə görə, bunun bir neçə əsas səbəbi var:
“Birincisi, “Apple” öz məhsullarını yalnız telefon kimi deyil, həyat tərzinin bir hissəsi kimi təqdim edir. İnsanların böyük hissəsi yeni modeli almağı texniki ehtiyacdan çox, sosial status və prestij məsələsi kimi görür. İkincisi, ölkəmizdə də müşahidə etdiyimiz kimi, bəzi insanlar üçün bu telefon gündəlik istifadə vasitəsindən daha çox, fərqlənmə və cəmiyyət içində özünü göstərmə vasitəsinə çevrilib”.
E.Abbasov digər tərəfdən qeyd edib ki, “Apple” markası illərdir yaratdığı güclü brend imicinə görə sadəcə texnologiya deyil, emosional bağ da qurub.
“Bu isə satışlarda və ictimai maraqda özünü açıq şəkildə göstərir”,- deyə ekspert bildirib.
Saytımıza açıqlamasında məsələyə münasibət bildirən sosioloq Üzeyir Şəfiyev isə vurğulayıb ki, bu xüsusiyyət cəmiyyətimiz üçün xarakterikdir, ona görə ki, insanlar həmişə dəbdə olan əşyalara böyük maraq göstərirlər.
“Hətta bəzi ölkələrdə bizim ölkələrdə çox yüksək qiymətli avtomobillərdən və telefonlardan istifadə olunmur. Belə bir cəmiyyətdə şöhrətpərəstlik, yəni göstəriş xarakterli davranışlar geniş yayılıb. İnsanlarda “el gözünə” baxış anlayışı mövcuddur. Sanki cəmiyyətdə özünü təsdiq etmək ehtiyacı var və insanlar bunu müxtəlif yollarla göstərməyə çalışırlar. Məsələn, son model iPhone, bahalı aksesuarlar və ya özəl nömrələrdən istifadə etmək üstünlük və prestij kimi qəbul edilir”.
Sosioloq nitqində həmçinin kütlə psixologiyasının roluna da diqqət çəkib:
“Təəssüf ki, cəmiyyətimizdə kütləvi psixologiya çox güclüdür. Bu, müəyyən meyllərin, məsələn, kütləvi axın və bum xarakterli trendlərin yaranmasına səbəb olur. Xarici işbazlar və satış menecerləri də bu psixologiyanı yaxşı bilir və məhz buna əsaslanaraq bizim cəmiyyəti ən ideal auditoriya kimi qiymətləndirirlər. Bu səbəbdən bazara təsir göstərmək onlar üçün asan olur.
Əlavə olaraq, borca girərək, kredit götürərək belə bahalı ayfon, əşyaları almaqda tərəddüd etməmək də bu sosial təzyiqin göstəricisidir. Bu, sanki bir status yarışı, rəqabət xarakteri daşıyır. Halbuki, alınan əşyalar qısa müddətdə aktuallığını itirir və bazara yeni modellər təqdim olunur. Beləcə, ölkəmizin bazarına bu trendlər asanlıqla diqtə edilir. Bu da öz növbəsində cəmiyyətimizdə kütləvi psixologiyanın güclü olduğunun göstəricisidir”.
Ü.Şəfiyev onu da əlavə edib ki, kütləvi psixologiyanın əsas xüsusiyyətləri anonimlik, irrasionallıq, inklüzivlik və kortəbiilikdir:
“İnsanlar bəzən anlamırlar ki, bu telefon üçün xərclədikləri pul ailə büdcəsinə necə mənfi təsir edir. Digər tərəfdən isə bahalı əşyalar alanlar məhz bu təcrübəyə əsaslanaraq düşünürlər ki, bahalı telefon, marka avtomobil və ya nadir nömrə onları daha şanslı, üstün və hörmətli edir. Onlar inanırlar ki, belə əşyalar onların sözünün keçməsini və fikirlərinin qəbul olunmasını təmin edir”.
Sosioloqun fikrincə, bu da bizim cəmiyyətin sosial xarakteri ilə sıx bağlıdır:
“Bu cür psixologiyaya əsaslanan davranışlarımız məhz sosial xüsusiyyətlərimizdən irəli gəlir. Ümid edirəm ki, gələcəkdə insanlarımız daha rasional və praqmatik düşünməyi bacaracaq, nəticədə isə belə ötəri, amma maliyyə itkisinə səbəb olan təşəbbüslərdən uzaq duracaqlar”,- deyə Ü.Şəfiyev bildirib.