Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə oktyabrın 4-də keçiriləcək mer və bələdiyyə seçkilərini müşahidə etmək üçün Azərbaycana və digər dövlətlərə, eləcə də beynəlxalq təşkilatlara dəvət məktubu göndərib.
Artıq siyasi partiyaların qeydiyyatı başa çatıb. Seçkilərdə istirak etmək üçün müraciət edən 14 siyasi partiyanın 12-si qeydiyyatdan keçib, onlara seçki öncəsi təbliğat və təşviqat kampaniyası aparmaq üçün şərait yaradılıb.
Yalnız iki partiya seçkilərdə iştirak üçün namizədlərini təqdim etmədiklərinə görə, onların qeydiyyatı ləğv olunub.
Modern.az-a açıqlamasında "AZƏRTAC"ın Gürcüstan müxbiri Xətai Əzizov bildirib ki, Gürcüstanda keçiriləcək yerli seçkilərdə 4 nəfər azərbaycanlı mer vəzifəsi uğrunda mübaizə aparacaq:
"Gürcüstanda oktyabrın 4-də keçiriləcək bələdiyyə və mer seçkilərində dörd nəfər azərbaycanlı mer vəzifəsi uğrunda mübarizə aparacaq.
Marneuli meri uğrunda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi Daur İsmayılov, “Lelo-güclü Gürcüstan” partiyasından Əsəd Əliyev və “Bizim Gürcüstan” partiyasından Əli Bədirov mübarizə aparacaqlar.
Bolnisi meri uğrunda “Lelo-güclü Gürcüstan” partiyasının namizədi Asəf Çıraqov mübarizə aparacaq.
Bələdiyyə deputatı mandatı uğrunda isə mübarizə aparacaq azərbaycanlı namizədlərin sayı 100 nəfərə qədərdir.
Oktyabrın 4-də keçiriləcək yerli seçkilərdə ümumilikdə 12 partiya Tbilisi də daxil olmaqla 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcək.
Gürcüstan MSK səsvermənin təşkili üçün artıq 3 051 seçki məntəqəsi açıb".