Rusiya Ermənistan və Azərbaycandan “3+3” formatında növbəti görüşün yeri və vaxtını tez bir zamanda razılaşdırmaq üçün əməli addımlar atacağını gözləyir.
Modern.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqaz üçün vacib olan məsələlərin müzakirəsi üçün effektiv platformadır. Moskva bütün sahələrdə tərəfdaşlarına dəstək verməyə hazırdır", - Zaxarova vurğulayıb və əlavə edib ki, Rusiya Cənubi Qafqazda sülhün möhkəmləndirilməsini və Ermənistan və Azərbaycan arasında davamlı barışıq yaradılmasını prioritet hesab edir.
Türkiyə və Azərbaycan “3+3” formatında məşvərət platformasının yaradılması təşəbbüsü ilə çıxış ediblər. Platformanın ilk iclası 2021-ci ilin dekabrında baş tutub. Sonra Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin müavinləri platformada iştirak ediblər. Gürcüstan görüşdə iştirakdan imtina edib.
İkinci görüş 2023-cü ilin oktyabrında İranın paytaxtı Tehranda xarici işlər nazirləri səviyyəsində keçirilib. Platformanın ikinci iclasında da Gürcüstan iştirak etməyib. Xarici işlər nazirləri səviyyəsində “3+3” formatında daha bir görüş 2024-cü ilin oktyabrında İstanbulda keçirilib. İstanbul görüşün Gürcüstan yenə qatılmayıb.
Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, artıq “3+3” formatının işini bərpa etməyin vaxtı çatıb.