Noyabrın 4-6-da Bakıda Avropa ravvinlərinin nümayəndəli konfransı keçiriləcək. Konfransda müxtəlif ölkələrdən 500-dən çox nümayəndənin iştirakı gözlənilir. Avropa Ravinlər Konfransının 70 illiyinə həsr olunmuş tədbir ilk dəfə müsəlman ölkəsində keçiriləcək. Konfransda Azərbaycanın mümkün iştirakı ilə "İbrahim sazişləri"nin genişləndirilməsi müzakirə olunacaq. Azərbaycan Prezidenti İlham Əliyevin də tədbirdə iştirakı gözlənilir.
Azərbaycanda Yəhudi Media Mərkəzinin direktoru Nəsimi Əbilov Modern.az-a bildirib ki, Bakıda keçiriləcək əvvəlki konfrans HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumu səbəbindən ləğv edilib:
“Dünyada bir neçə ravvin təşkilatı var. Onlar hər il ABŞ-də, Ukraynada, digər ölkələrdə toplaşırlar. Bu ilin noyabrında da Azərbaycanda toplanacaqlar”.
N.Əbilov toplantı üçün Bakının seçilməsinin təsadüfi olmadığını, bunun təhlükəsizlik mühiti ilə əlaqəli olduğunu vurğulayıb:
“Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi sahəsində tanınan ölkədir. Əvvəlki illərə baxsaq, görərik ki, dünyanın ən mötəbər yarışları, forumları, iqlim konfransları və digər bu kimi böyük tədbirlərin keçirilməsində Azərbaycan peşəkarlığa malikdir. Bu baxımdan Avropa Ravvinlər Konfransının Azərbaycanda keçirilməsi təbii haldır. Bu gün dünyaya baxdıqda istənilən tədbirin Azərbaycanda keçirilməsi təhlükəsizlik baxımdan qarantlıdır. Azərbaycan elə bir ölkədir ki, istənilən tədbir burada təhlükəsiz şəraitdə baş tutur. İstənilən tədbirin keçirilməsi üçün Azərbaycanda hər cür şərait var. Ravvinlərin Azərbaycanda toplaşması onu göstərir ki, bu ölkənin tək İsraillə yox, dünyadakı bütün dini, siyasi təşkilatları ilə münasibətləri var. Avropa yəhudilərinin tədbirlərini Azərbaycanda keçirməsi bunun əyani təzahürüdür”.