Gəncə Dövlət Universitetində (GDU) 2025/2026-cı tədris ilinin başlanması və “Bilik Günü”nə həsr edilən tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çıxış edərək yeni tədris ilinin başlanması münasibəti ilə universitet əməkdaşlarını və tələbələri təbrik edib, ən xoş arzularını çatdırıb, onlara uğurlar arzulayıb.
Rektor Yusif Yusibov çıxışında Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edərək hazırda dövlət başçısı Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb, son illər ərzində universitetdə əldə olunan nailiyyətlər, ali təhsil ocağının yüksək nüfuzu, kadr hazırlığı, tələbələr üçün yaradılan yeni imkanlar haqqında söhbət açıb. Bildirilib ki, Gəncə Dövlət Universiteti yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günü-gündən genişləndirən ali təhsil ocağıdır. Universitetdə təlim və tədrisin keyfiyyətinin yüksəldilməsi, kadr potensialı, maddi-texniki bazanın gücləndirliməsi hər zaman diqqət mərkəzindədir. Gəncə Dövlət Universitetində təhsil alan tələbələrin sayı son 10 ildə 4 mindən 8 minə qədər yüksəlib. Bir vaxtlar yalnız pedaqoji ixtisaslar üzrə kadr hazırlayan universitetdə indi müxtəlif istiqamətlərə aid bakalavriat səviyyəsi üzrə 44 ixtisas, magistratura səviyyəsi üzrə 23 ixtisas üzrə 64 ixtisaslaşmaya aid kadrlar hazırlanır. GDU-nun pedaqoji ixtisaslarını bitirən məzunlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə vakant müəllim yerlərinə keçirilən müsabiqədə fəal iştirak edərək uğurlar qazanır, eləcə də Dövlət Qulluğuna aid olan vakansiyaları tutmaq üçün DİM tərəfindən keçirilən imtahanlarda da yüksək göstərici əldə edirlər. O da vurğulanıb ki, Gəncə Dövlət Universiteti professor-müəllim heyətinin və tələbələrin mobilliyinin artırılması, müxtəlif proqramlar çərçivəsində təlimlərdə iştirakının gücləndirilməsi məqsədilə yerli və beynəlxalq layihələrə qoşulub və dünyanın nüfuzlu universitetləri ilə ikitərəfli əməkdaşlıq əlaqələri uğurla davam edir.
Rektor son illər universitetə qəbul olunan tələbələr arasında yüksək bal toplayanların sayının ilbəil artıdığını xüsusi vurğulayaraq bildirib ki, bu tədris ilində də Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə 600 və daha çox bal toplayaraq qəbul olan I kurs tələbələrinə payız semestri ərzində aldıqları təqaüddən əlavə hər ay 200 manat məbləğində həvəsləndirici təqaüd veriləcək, növbəti semestrlərdə isə ÜOMG-si 91-100 bal aralığında olduğu və univeristetin ictimai həyatında fəal iştirak etdiyi halda tələbələrə təqaüdün verilməsi davam edəcək.
Tədbirdə 617 bal ilə universitetin Riyaziyyat müəllimliyi ixtisasına qəbul olan Ayşən Aslanlı, 633 balla Riyaziyyat-İnformatika ixtisasına qəbul olan Nərmin Muradova və 86 balla magistratura səviyyəsinə qəbul olan Nərmin Muradova çıxış edərək təhsillərini Gəncə Dövlət Universitetində alacaqlarına görə fəxr etdiklərini dilə gətiriblər.
Tələbə valideyni Manya Əliyeva çıxış edərək gənclər üçün yaradılan şərait və onlara verilən dəstəyə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirin davamında GDU-ya yüksək balla qəbul olan gənclərə hədiyyələr təqdim olunub.