"Azərbaycan dövlətçiliyinin ən mühüm dayağı onun suverenliyidir. Xalqlar üçün öz müqəddəratlarına sahib çıxmaq, müstəqil dövlət qurmaq və onu inkişaf etdirmək ən ali arzu sayılır. Azərbaycan xalqı da əsrlər boyunca bu arzunun gerçəkləşməsi uğrunda mübarizə aparıb, işğal və məhrumiyyətlərə rəğmən, dövlət qurmaq iradəsini qoruyub saxlayıb. Bu gün Azərbaycan dövlətinin mövcudluğu, ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin canı və qanı bahasına qazanılmış milli sərvət kimi hər bir azərbaycanlı üçün müqəddəsdir."
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli deyib.
Deputat bildirib ki, suverenlik yalnız hüquqi anlayış deyil, dövlətin varlığını müəyyən edən ən mühüm atributdur:
"Beynəlxalq hüquqa görə, suveren dövlət müəyyən əraziyə, daimi əhaliyə, ali hakimiyyətə və digər dövlətlərlə münasibət qurmaq gücünə malik olmalıdır. Ən əsası isə, o, heç bir başqa dövlətdən asılı olmamalıdır. Azərbaycanın müasir dövlətçiliyi də məhz bu prinsiplər üzərində bərqərar olub.
Ancaq bu tarixi yol asan keçilməyib. 30 ildən çox müddətdə Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri işğal altında saxlanılıb, xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib, şəhər və kəndlərimiz viran edilib, təbii sərvətlərimiz talanıb, dini və mədəni abidələrimiz dağıdılıb. Xocalı soyqırımı isə bu barbarlığın ən dəhşətli nümunəsi kimi yaddaşlara həkk olunub.
Bu ədalətsizliyə son qoyan dönüş nöqtəsi isə 2020-ci ildə baş verib. Ermənistanın təxribatlarına cavab olaraq başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu düşməni darmadağın edib. İşğal altında olan torpaqlarımızın böyük hissəsi azad olunub, Ermənistanın ordusu kapitulyasiyaya məcbur edilib. Bununla Azərbaycan BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalan qətnamələrini öz gücü ilə icra edib və tarixi ədalətin bərpasına nail olub.
Müharibədən sonra Ermənistan və separatçı qüvvələr təxribatlardan əl çəkməyərək sabitliyi pozmağa çalışıblar. 2023-cü ilin aprelində Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətin suveren hakimiyyətinin təmin olunmasında növbəti mühüm mərhələ olub. Bu addım sayəsində Azərbaycan beynəlxalq sərhədlərinin bütövlüyünü tam bərpa edib.
Həmin ilin sentyabrında isə separatizmin son qalığı da tarixə qovuşub. Qarabağda həyata keçirilən qısa müddətli antiterror əməliyyatı nəticəsində erməni silahlı birləşmələrinin qalıqları tərksilah edilib, qondarma rejim özünü buraxıb. Cəmi bir gün davam edən bu əməliyyatla Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub, konstitusiya quruluşu bütün ərazilərdə təmin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabrın “Dövlət Suverenliyi Günü” kimi qeyd olunması təsadüfi deyil. Bu gün Azərbaycan dövlətçiliyinin uzun illər davam edən mübarizəsinin kulminasiya nöqtəsini, xalqımızın əzmini və qətiyyətini əks etdirir. Əslində bu tarix həm 1991-ci ildə müstəqilliyimizin bərpası, həm də 2020-ci il Zəfəri və 2023-cü il antiterror tədbirləri ilə bağlı tarixi hadisələrin məntiqi yekunudur.
Müstəqillik və suverenlik anlayışları Azərbaycanın milli kimliyinin əsasıdır. Dövlət başçısının qərarı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da bu dəyərlərə verilən xüsusi önəmin bariz ifadəsidir. Çünki Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyən etdiyi halda, suverenlik onun beynəlxalq aləmdə tanınmasının, müstəqil siyasət yürütməsinin, milli kimliyinin və inkişaf yolunun təməlini təşkil edir."
Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan tarixində yeni inkişaf dövrünə qədəm qoyub:
"Tam bərpa olunmuş suverenlik dövlətimizin bütün sahələrdə yüksəlişinə əlavə stimul verir. Sərhədlərimizin toxunulmazlığı, daxili sabitliyin güclənməsi, iqtisadi yüksəlişin sürətlənməsi artıq reallığa çevrilib. Bu nailiyyətləri qorumaq, daha da möhkəmləndirmək isə xalqımızın və dövlətimizin qarşısında duran ən mühüm vəzifədir.
Azərbaycanın Dövlət Suverenliyi Günü yalnız bir bayram deyil, eyni zamanda milli qürurun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir."