2023/2024-cü tədris ilindən etibarən Gəncə Dövlət Universiteti ilə İzmir Dokuz Eylül Universiteti arasında icrasına başlanılan ikili diplom proqramı hazırda da uğurla davam edir. İki qardaş ölkənin universitetləri arasında imzalanmış müqaviləyə uyğun olaraq GDU-nun Biologiya ixtisasının tələbələri Tükriyədə iki tədris ili üzrə təhsillərini uğurla başa vurublar. 2025/2026-cı tədris ilindən isə növbəti iki il ərzində onlar Gəncə Dövlət Universitetində təhsil alacaqlar.
Rektor Yusif Yusibov Dokuz Eylül Universitesində təhsillərini uğurla başa vuran tələbələrlə görüş keçirib. Görüşdə rektor ikili diplom proqramının ilk tələbələrinə uğurlar arzulayıb, həmin gənclərin peşəkar kadr kimi yetişəcəklərinə əmin olduğunu bildirib.
Tələbələr İzmir Dokuz Eylül Universitetində təhsil aldıqları müddətdə qazandıqları təcrübələrdən söhbət açıblar. Onlar gənclərə, eləcə də ikili diplom proqramının icra olunmasına daim dəstək göstərən rektora minnətdarlıqlarını bildiriblər.