Ermənistanda müxalifətin təşəbbüsü ilə sosioloji sorğu keçirilib, lakin onun nəticələri dərc edilməyib.
Modern.az xəbər verir ki, “Hraparak” qəzeti sorğu ilə bağlı bəzi bilgilər əldə edib.
Məlumata görə, baş nazir Nikol Paşinyan 12%-lik sabit dəstəyi saxlayır. Sorğuda iştirak edən o qədər respondent istənilən şəraitdə ona səs verməyə hazırdır. İddialara görə, sorğuda iştirak edənlərin təxminən 60%-i heç bir halda Paşinyanı dəstəkləməyəcəklərini bildirib.
Sorğu iştirakçılarının 75%-i hökumətin işindən narazılıq edib və ölkənin yanlış istiqamətdə getdiyini düşünür.
Reytinqə görə, Paşinyanı təxminən 10% dəstəklə hazırda həbsdə olan “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı oliqarx Samvel Karapetyan izləyir, lakin onun yaratdığı partiyanın adı çəkiləndə bu göstərici azalır.
Üçüncü yeri təxminən 6% nəticə ilə Robert Köçəryan tutur. Serj Sarkisyanın Respublika Partiyası da daxil olmaqla digər tanınmış siyasi təşkilatlar 1-1,5%-dən çox qazanmır.
Göründüyü kimi, bütün hallarda Nikol Paşinyanın reytinqi nə qədər aşağı düşsə də, o, hələ də müxalifəti üstələyir. Məhz bu səbəbdən də müxalifətin sorğunun nəticələrini açıqlamadığı bildirilir.