Modern.az

Azərbaycanda ətin qiyməti süni şəkildə artırılıb? - Dövlət qurumundan REAKSİYA

Azərbaycanda ətin qiyməti süni şəkildə artırılıb? - Dövlət qurumundan REAKSİYA

Aktual

18 Sentyabr 2025, 13:56

Azərbaycan əhalisinin gündəlik qida rasionunda mühüm yer tutan ət bahalaşmaqda davam edir. 

Hazırda ölkədəki marketlərdə, eləcə də fərdi sahibkarlara məxsus ət mağazalarında 1 kiloqram dana ətinin qiyməti 20 manata yaxındır, quzu ətinin qiyməti isə 20 manatı keçib. 

Sosial şəbəkələrdə və mətbuatda ətin qiymətinin süni şəkildə artırıldığı iddia edilir.

Modern.az-ın məlumatına görə, ətin bahalaşmasına münasibət bildirən Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə qeyd edib ki,  Azərbaycanda ətin qiyməti tənzimlənmədiyindən sahibkarlar qiymətləri sərbəst müəyyən edə bilərlər.

Müştərilər məhsulların arasından qiyməti və istehlak xassələri uyğun olan malı öz ehtiyacına görə seçərək ala bilər.

"Agentlik iri və xırdabuynuzlu heyvan əti bazarında konsentrasiya səviyyəsinin və təchizat zəncirinin mərhələləri üzrə qiymət əmələgəlmə mexanizminin müəyyənləşdirilməsi məqsədilə mütəmadi araşdırmalar aparır.

Təhlil nəticəsində müvafiq bazarda bazarın rəqabət vəziyyətinə mənfi təsir edən amillər, o cümlədən hökmran mövqedən və bazar gücündən sui-istifadə, rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlər təsbit edilməyib, müvafiq bazarın çoxiştirakçılı və rəqabətli bazar strukturuna sahib olduğu müəyyən edilib.

Müvafiq bazarda qiymətlərin dinamikasına təsir edən bir sıra amillər mövcuddur. Bunlara mövsümi faktorlar, tələbin anidən artması, yem qiymətlərində müşahidə olunan dəyişikliklər, örüş-otlaq sahələrinin azalması, ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi və təklifin azalması, iri və xırdabuynuzlu heyvan sayında azalma və s. aid edilə bilər. Tələb-təklif balansının dəyişməsi isə təchizat zəncirinin son mərhələsində qiymət dəyişikliyinə təsir edir.

Rəqabət qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı dövlət nəzarəti çərçivəsində müvafiq tədbirlər həyata keçirilir.

Qiymətlərdəki dəyişikliklərin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənədlər və məlumatlar Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq təqdim edildiyi təqdirdə, həmin məsələyə mahiyyəti üzrə baxıla bilər", - deyə "report"a verilən məlumatda qeyd olunub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi