Modern.az

Ənənəvi məktubdan onlayn sifarişlərə uzanan yol

Ənənəvi məktubdan onlayn sifarişlərə uzanan yol

Aktual

4 Sentyabr 2025, 12:48

İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində ənənəvi poçt xidmətləri dünyanın demək olar ki, bütün ölkələrində ciddi transformasiya prosesindən keçir. Əgər ötən əsrin sonlarınadək məktub yazmaq, teleqram göndərmək, qəzet və jurnallara abunə olmaq gündəlik həyatın ayrılmaz hissəsi idisə, XXI əsrdə bu funksiyalar sürətlə elektron kommunikasiya vasitələrinə ötürülüb.

Dünyada poçtun yeni siması

Artıq poçt məktub gətirməklə kifayətlənmir. Dünyanın bir çox ölkəsində poçt kuryer şirkətinə, logistik mərkəzə, hətta maliyyə xidmətləri təqdim edən quruma çevrilib. Onlayn alış-verişin sürətlə artması isə poçtu yenidən həyatımızın vacib hissəsinə gətirib. İndi gözlədiyimiz məktub yox, çox vaxt internetdən sifariş etdiyimiz bağlamadır.

İnternetin geniş yayılması, sosial şəbəkələrin, elektron poçtun və messencerlərin gündəlik həyatımıza daxil olması klassik poçtun ənənəvi funksiyalarını arxa plana keçirib. Artıq bir neçə saniyəyə dünyanın istənilən nöqtəsinə məktub göndərmək mümkündür. Bu isə məktub qutularını, poçtalyonların ünvanlara məktub paylamasını, hətta markaların kolleksiya əhəmiyyətini kölgədə qoyub.

Bununla belə, poçt xidməti tam olaraq funksiyasını itirməyib. Hazırda bir çox ölkələrdə poçt təşkilatları öz xidmət sahəsini genişləndirərək elektron ticarət, kuryer daşımaları, maliyyə xidmətləri, hətta bankçılıq funksiyalarını həyata keçirirlər. Beləliklə, ənənəvi poçt müasir dövrün tələblərinə uyğunlaşaraq yeni bir biznes modelinə çevrilir.

Azərbaycanda poçt xidmətlərinin yenilənməsi

Azərbaycan da bu prosesdən kənarda qalmayıb. “Azərpoçt” MMC-nin son illərdə həyata keçirdiyi islahatlar nəticəsində poçt xidmətləri yalnız məktub göndərişi ilə məhdudlaşmır. Poçt məntəqələrində təkcə məktub göndərmək yox, kommunal ödənişlər etmək, pul köçürmək, hətta xaricdən sifariş etdiyiniz məhsulu təhvil almaq mümkündür. Bu gün şəhərin, rayonların poçt şöbələrinə yolunuz düşsə, insanların daha çox məktub yox, bağlama üçün növbə gözlədiyini görərsiniz.

Elektron ticarətin sürətlə genişlənməsi Azərbaycanda da poçt xidmətlərinin rolunu yenidən aktuallaşdırıb. Əvvəllər yalnız məktub və bağlama göndərişi ilə məhdudlaşan poçt sistemi indi həm ölkədaxili, həm də beynəlxalq logistik zəncirin vacib bir halqasına çevrilib.

Poçtun həyatımızdakı yeni rol

Ənənəvi poçtun transformasiyası həm dünyada, həm də Azərbaycanda qaçılmaz reallıqdır. İndi poçt yalnız məktub gətirən xidmət yox, həm də elektron ticarətin, maliyyə əməliyyatlarının və logistik xidmətlərin mühüm platformasıdır. Demək olar ki, poçt anlayışı müasir dövrdə öz adını qorusa da, funksional baxımdan tamamilə yeni məna kəsb edir.

Əvvəllər sevdiklərinin məktubunu gözləyən insanlar indi kuryerin zəngini gözləyir. Dünən məktubla gələn həsrət və sevinc, bu gün onlayn sifarişin həyəcanı ilə əvəzlənib. Poçt dəyişdi, amma bir həqiqət dəyişməz qaldı: poçt hələ də insanları bir-birinə bağlayan körpüdür.

 

Yazı “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti Mətbuat Şurası ilə birlikdə jurnalistlər üçün elan etdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda yazı müsabiqəsinə təqdim edilir.

 

Mail AĞAXANOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?