Modern.az

Ərdoğan-Tramp görüşündə Zəngəzur dəhlizi də gündəmdə olacaq

Ərdoğan-Tramp görüşündə Zəngəzur dəhlizi də gündəmdə olacaq

Aktual

22 Sentyabr 2025, 14:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfər edib. O, Nyu-Yorkda yerləşən Türk Evində müxtəlif ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.

Dövlət başçısının proqramına uyğun olaraq, Nyu-Yorkdakı tədbirlərdən sonra Vaşinqtona yollanacağı və burada ABŞ Prezidenti Donald Trampla görüşəcəyi gözlənilir.

Bu görüşlərin iki ölkə arasındakı münasibətlərə yeni impuls verəcəyi ehtimal olunur.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Məmmədova bildirib ki, Türkiyə Prezidentinin ABŞ səfəri çərçivəsində Cənubi Qafqazda sülh və təhlükəsizlik mövzusunun müzakirə olunacağını gözləmək olar.

“Vaşinqton görüşündən sonra Tramp Administrasiyasının bu regiona nə qədər həssas yanaşdığının bir daha şahidi olduq. Təbii ki, bu region həm də nəqliyyat potensialına görə əhəmiyyətlidir. Zəngəzur dəhlizinin (TRİPP marşrutu) qısa vaxtda işə düşməsi Ağ Evin də prioritetləri sırasındadır. Bu xüsusda Ərdoğan-Tramp görüşündə Zəngəzur dəhlizi mövzusunun müzakirə olunacağını söyləmək olar. Hesab edirəm ki, bu müzakirələr dəhlizin açılması ilə bağlı prosesə yalnız müsbət təsir göstərə bilər. ABŞ yetkililəri artıq Ermənistanda olub və bu istiqamətdə real işə başlamaq üçün prioritetləri dəqiqləşdiriblər. Yəni indiki dövr üçün dəhlizlə bağlı hər hansı maneə yoxdur, deyə bilərik. Türkiyənin də mövqeyi bu məsələdə həlledicidir, Bakı ilə Ankara bu prosesdə eyni mövqeni bölüşür”.

Millət vəkili onu da əlavə edib ki, Ərdoğan-Tramp görüşündə Azərbaycan-Ermənistan sülh müqaviləsi, eyni zamanda Ankara-İrəvan münasibətlərinin normallaşması mövzusunun da gündəmə gələcəyi istisna deyil:

“Bu məsələnin gündəmə gəlməsi bir daha sərhədlərin açılmasının Bakı-İrəvan normallaşmasından asılı olduğunu dünyaya bəyan etmək deməkdir. Ermənistanda, eləcə də Qərbdəki bəzi destruktiv dairələr də anlamalıdır ki, bu iki prosesi bir-birindən ayırmaq mümkün deyil. Eyni zamanda sülh mövzusunun qlobal platformada müzakirəsi Ermənistanın “ev tapşırıqları”nı daha sürətlə icra etməsinə zəmin yaradır. Ermənistan tərəfi bəyanatlardan praktik addımlar mərhələsinə keçməlidir. Hesab edirəm ki, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində aparılan müzakirələrdən sonra Cənubi Qafqazda yekun sülh müqaviləsi istiqamətində proses sürətlənəcək”,- deyə N.Məmmədova fikrini tamamlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?