Modern.az

Yas mərasimlərinə dəvətnamə ilə dəvət edirlər - Deputatdan REAKSİYA

Yas mərasimlərinə dəvətnamə ilə dəvət edirlər - Deputatdan REAKSİYA

Aktual

25 Sentyabr 2025, 16:30

Son dövrlər Azərbaycanda yas mərasimləri ilə bağlı fərqli yanaşmalar müşahidə olunur. Ənənəvi formatdan uzaqlaşaraq, artıq bəzi insanlar vəfat edən yaxınlarının yas mərasiminə xüsusi dəvətnamələrlə qonaqlar dəvət edirlər. Əvvəllər bu cür dəvətnamələr yalnız toy, nişan və digər şad günlər üçün hazırlanırdısa, indi isə yas mərasimləri üçün də eyni üsuldan istifadə olunur.

Belə ki, məsələ sosial şəbəkələrdə də mövzu ciddi müzakirələrə səbəb olub.

Modern.az-a danışan zaman Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, təəssüflə qeyd olunmalıdır ki, bu gün israfçılıq və yas mərasimləri ilə bağlı ciddi müzakirələr aparıldığı bir vaxtda, tamam fərqli proseslərin də şahidi oluruq. Onun sözlərinə görə, biz israfçılığın yaratdığı sosial və iqtisadi problemləri müzakirə edib, bu vəziyyətdən çıxış yollarını axtardığımız halda, bəzi insanlar bu mərasimləri daha da təmtəraqlı və xərcli hala gətirməyə çalışırlar.

“Artıq bəzi vətəndaşlar yeni “icadlar”la çıxış edir, yas mərasimlərinə yeni yanaşmalar gətirirlər. Məsələn, son zamanlar dəvətnamə göndərmək kimi yeni “addımlar” ortaya çıxıb. Görünür, yaxın gələcəkdə bu dəvətnamələr də bahalı və xüsusi dizaynlı olacaq. Halbuki, cəmiyyətimiz bu cür formal yanaşmaları deyil, əksinə, israfçılıqdan necə xilas olmağın yollarını müzakirə etməlidirlər”.

Deputat, həmçinin son günlərdə bir neçə yas mərasimində iştirak etdiyini və insanların böyük əksəriyyətinin bu vəziyyətdən narazı və narahat olduğunu müşahidə etdiyini də qeyd edib:

“Onlar yaxşı anlayırlar ki, bu xərclər artıq ciddi sosial və iqtisadi problemə çevrilib. Təsəvvür edin, bir neçə gün öncə iştirak etdiyim yas mərasimində mərhumun yaxınlarından biri bildirdi ki, gələn adamları yola vermək üçün təxminən 1 ton ət lazım olub. Bu, təkcə ətlə bitmir – süfrəyə düzülən, lakin istifadə olunmayan bir çox başqa məhsullar da var ki, onların böyük hissəsi israf olunur”.

Millət vəkili onu da əlavə edib ki, yas mərasimlərinin ayrılmaz hissəsi olan bu atributlar əslində bir çox hallarda ehtiyacdan çox, adətə və görüntüyə əsaslanır.

“Bu isə həm maddi israfçılıq, həm də mənəvi yük deməkdir.

Düşünürəm ki, yenilik və innovasiya vacibdir, lakin bu yeniliklər yas mərasimləri kimi həssas məsələlərdə tətbiq edilməməlidir. Sevindirici haldır ki, son zamanlar Azərbaycanın bəzi bölgələrində yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı müsbət təşəbbüslər yaranıb və bu istiqamətdə müəyyən addımlar atılır. Təəssüf ki, bunun əksinə olaraq, bəzi şəxslər bu “yas sənayesini” daha da inkişaf etdirməyə çalışır, yeni ideyalarla çıxış edirlər”.

Ceyhun Məmmədov yekun olaraq vurğulayıb ki, belə yanaşmalara son qoymağın vaxtıdır.

“Cəmiyyət olaraq birgə səylə bu israfçılığı aradan qaldırmaq, yas mərasimlərini sadələşdirmək və insanları həm maddi, həm də mənəvi yükdən azad etmək üçün çalışmalıyıq”,- deyə deputat fikrini tamamlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada əhalini ŞOK edən çağırış - Bu hücumlar Kremli silkələyir