Məsələn, Sinqapurda hər il dövlət qulluqçularından əmlaklarını, aktivlərini və borclarını bəyan etmək üçün xüsusi blanklar doldurmaq tələb olunur.
Eyni zamanda bütün məmurlar təkcə gəlirlərini deyil, həm də xərclərini bəyan edirlər, uyğunsuzluq olduqda araşdırma aparılır. Eyni zamanda hər bir vəzifəli şəxs hər il əmlakını bəyan etməyə borcludur. Korrupsiyada şübhəli bilinərsə, onun əsassız olaraq yüksək gəlirinin olub-olmaması və nəyə sahib olduğunu müəyyən etmək üçün yoxlama aparıır. Korrupsiyanı təhqiq edən büro siyasi və ictimai xadimlərin, yüksək vəzifəli dövlət məmurlarının və onların ailə üzvlərinin iştirakı ilə şübhəli əməliyyatları müəyyən edir. Məmurun təkcə qohumları deyil, dostları da yoxlamaya məruz qalır.
Özlərinin, o cümlədən ailə üzvlərinin əmlakları və biznes investisiyaları haqqında illik bəyannamələri ilə yanaşı, hər il borclarının olmaması barədə xüsusi bəyannamə təqdim etmələri də tələb olunur ki, bu da səbəbsiz deyil, çünki bu, bir çox vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının səbəbi hesab olunur. Yalan məlumat vermək dövlət qulluqçusunun dövlət qulluğundan uzaqlaşdırılmasına səbəb olur.
Danimarkada isə məmurlar tərəfindən açıqlanan gəlir bəyannamələri də mövcuddur. Vergi orqanları gəlirləri xərclərlə müqayisə edir və hər hansı uyğunsuzluğu vergidən yayınma halları kimi araşdırır.
Honqkonqun “Rüşvətxorluğun qarşısının alınması haqqında” Sərəncamının 10-cu maddəsinə görə dövlət qulluqçusunun yaşayış səviyyəsi rəsmi maaşından artıq olarsa, sübut olmadan o, belə korrupsiya əməllərində ittiham olunur.
ABŞ-da Senatın və Nümayəndələr Palatasının Üzvləri üçün Etik Davranış Kodeksi mövcuddur. Bu aktlar həm Konqres, həm də Nümayəndələr Palatasının üzvlərinə şamil edilir.
Senatorlar, Senata namizədlər və müxtəlif rütbəli məmurlar maliyyə bəyannaməsi təqdim etməlidirlər. Bəyannamə hər il, namizədlər üçün isə namizəd irəli sürüldükdən sonra 30 gün ərzində təqdim edilməlidir.
Bütün əvvəlki il üçün maliyyə xərcləri və gəlirləri ilə bağlı hər şey bəyan edilir: tam mənfəət, dividendlər, əmanətlər üzrə faizlər, daşınar və daşınmaz əmlakdan gəlirlər; qeyri-hökumət təşkilatlarından alınan maliyyə və digər gəlirlər; nəqliyyat və əlaqədar xərclərin ödənilməsi; hər hansı bir şəxsdən və təşkilatdan alınan hədiyyələr, o cümlədən nəqliyyat xərclərinin ödənilməsi, yemək, mehmanxanada qalma, restoranlarda yeməklər, müxtəlif əyləncələr; maliyyə və digər öhdəliklər, onlar üzrə borclar; müxtəlif təşkilatlarla onlarda və ya onlar üçün mümkün iş haqqında müqavilələr və razılaşmalar.
Yoxlama hər hansı dövlət idarə və ya departamentində xüsusi təyin olunmuş şəxslər, komissiyalar tərəfindən həyata keçirilir, onlar zərurət yarandıqda əlavə məlumat tələb edə, vəzifəli şəxslərin özlərini söhbətə dəvət edə, araşdırma apara bilər. Ciddi pozuntular aşkar olduqda cinayət məsuliyyətinə cəlb oluna bilər.
1985-ci ildə Kanada Dövlət Qulluqçularının Etik və Dəyərlər Kodeksini qəbul etmişdir. Kodeksdə bütün dövlət qulluqçularının rəsmi vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarandıqda riayət etməli olduqları davranış qaydaları öz əksini tapmışdır. Kodeksə uyğun olaraq, dövlət qulluqçusu qulluğa təyin olunduğu gündən 60 gün müddətində əmlakı, xidməti mənafelərinə zidd ola biləcək bütün birbaşa və maddi öhdəlikləri barədə ətraflı məxfi hesabat təqdim etməyə borcludur.
Dövlət qulluqçusu Almaniyada səlahiyyət müddətinin əvvəlində vergi bəyannaməsi təqdim etməli və dörd il vəzifədə olduğu müddətdə qonorar, hədiyyələr və digər əlavə gəlirlər barədə məlumat verməlidir.
İsveçdə gəlir bəyannaməsi mövcud deyil, çünki bütün məlumatları vergi idarəsinə zəng etməklə əldə etmək mümkündür. İstənilən İsveç vətəndaşına gəliri, əmlakı, mövcud nəqliyyat vasitələri, hətta məmurun borcları barədə məlumat verilir.
Estoniyada hər il yüksək rütbəli məmurlardan əmlaklarını bəyan etmələri tələb olunur, bu barədə məlumat internetdə geniş ictimaiyyətə açıqdır. Korrupsiyaya qarşı mübarizə üzrə iş üzrə vəzifəli şəxs barəsində təqsirli bilinən hökm çıxarıldıqda, hüquqi mənşəyi sübuta yetirilməmiş əmlak müsadirə oluna bilər.
ÇXR-in dövlət qulluqçuları hər il yanvarın 31-dək gəlirlərini bəyan etməli, ailə tərkibində dəyişikliklər, yaşayış yerinin dəyişdirilməsi, açıq hesabların, o cümlədən xaricdə hesablarının olması və əvvəlki il üçün digər müvafiq məlumatları təqdim etməlidirlər.
Əmlaklarını bəyan etmək üzrə öhdəliklərini yerinə yetirməyən və ya natamam və ya qeyri-dəqiq məlumat təqdim edən dövlət qulluqçuları hər bir konkret halın ciddiliyinə uyğun olaraq tənqidə, yoxlamaya, vəzifədən kənarlaşdırılmağa və digər tədbirlərə məruz qalırlar.
Belə olan halda, ÇXR Cinayət Məcəlləsinin 395-ci maddəsinə əsasən, əmlak dəyəri və ya xərcləri qanuni gəlirlərinin məbləğindən əhəmiyyətli dərəcədə artıq olan və bu artıqlığı külli miqdarda (200-300 min yuana) olan dövlət qulluqçularından gəlirlərinin mənbəyini izah etmək tələb olunur. Onların gəlirlərinin qanuniliyini təsdiq etmək mümkün olmadıqda, təsdiq edilmiş və təsdiq edilməmiş gəlirlər arasında fərqi təşkil edən məbləğ qanunsuz əldə edilmiş hesab olunur. Bu halda dövlət qulluqçuları beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya 1 aydan 6 ayadək müddətə həbs ilə cəzalandırılır; oxşar əməl, fərq xüsusilə külli miqdarda olduqda, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, qnunsuz gəlirlər isə müsadirə edilir.
Xaricdə vəsaiti olan məmurlardan bunu bəyan etmələri tələb olunur. Xarici banklarda külli miqdarda vəsait yerləşdirmək və bu faktı gizlətmək iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
1982-ci ildən sonra Cinayət Məcəlləsinə görə rüşvətxorluqda ittiham olunan şəxs ömürlük həbs, ya da ölüm cəzası ilə cəzalandırılır. Zaman keçdikcə yalnız edamın texnologiyası dəyişmişdir – güllələnmək əvəzinə daha “humanist” öldürücü inyeksiyalar tətbiq edilməyə başlanılmışdı. Çin televiziyası zaman-zaman məmurların açıq edamlarını göstərir.
Çin qanunvericiliyinə görə iki növ ölüm hökmü nəzərdə tutulur: dərhal icra ilə və iki ilə qədər edam təxirə salınmaqla. Möhlət verildiyi halda ölümə məhkum edilmiş şəxs bu iki il ərzində özünü yaxşı apararsa və heç bir tənqidə məruz qalmazsa, edamdan yayına bilər. Lakin hər halda o, cəzadan yayına bilməyəcək; edam sadəcə olaraq həbslə əvəz olunacaq.
Əlavə şərhə ehtiyac yoxdur.
Milli Fəaliyyət Planı üzrə Tədbirlər Planının 1.3-cü bəndində vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili, qanunsuz varlanmaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı təkliflər verilməsi nəzərdə tutulmuşdur.
Artıq Milli Fəaliyyət Planı maddənin bu tələbini vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili, qanunsuz varlanmaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı təkliflər verilməsi redaksiyasında nəzərdə tutmuş və onun icrası Nazirlər Kabinetinə tapşırılmışdır. Digər icraçılar isə Baş Prokurorluq və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyadır.
Planda bir çox məsələlərin həlli nəzərdə tutulmuşdur. Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə Milli Fəaliyyət Planının ana xəttini təşkil edir. Plana əsasən dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlim kurslarının təşkili, hərbi qulluqçular üçün korrupsiyaya qarşı mübarizə sahəsində tədris kurslarının, treninqlərin və seminarların təşkili nəzərdə tutulur.
Sinqapur səviyyəsinin heç olmasa 50 faizinə çatmaq üçün Azərbaycanımızın hər cür imkanı var. Ən əsası isə odur ki, ölkə başçısının siyasi iradəsi var. Bu çox önəmli faktordur. Göründüyü kimi ölkə başçısı korrupsiya ilə mübarizədə öz siyasi iradəsini ortaya qoyub, sadəcə olaraq bir vətəndaş kimi biz fəaliyyətimizlə ona dəstək olmalı, qarşıda nəzərdə tutulan işlərdə ona yardımçı olmalıyıq.
Bəli, biz nəinki Sinqapura layiq ölkəyik, bəlkə də ondan artığına, çünki bizim İlham Əliyev kimi zəfər çalmış Ali Baş Komandanımız, qüdrətli Prezidentimiz var. Cənab Prezident qeyd etdiyi kimi, “Biz doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə korrupsiyanı aradan götürməliyik”. Sadəcə olaraq buna istəyimiz və arzumuz olmalıdır. Biz hər yaxşı nə varsa, ona layiqik.
Korrupsiyanın qarşısını necə almaq olar, onu necə buxovlamaq olar, hansı qabaqlayıcı tədbirlərə əl atmaq olar? Bir sıra ölkələrin təcrübəsinə istinad etmək yerinə düşərdi. Məs., artıq 20 ilən artıq müddətdir ki, Cənubi Koreyada “OPEN” izləmə sistemi fəaliyyət göstərir ki, bu da istənilən vətəndaşa korrupsiya ilə bağlı nəinki onlayn şikayət vermək, həm də internet vasitəsilə müraciətinə baxılması prosesinə nəzarət etmək imkanı verir. Hər bir korrupsiya iddiası məcburi araşdırmaya məruz qalır.
Ölkədə həmçinin “korrupsiya prezumpsiyası” anlayışı tətbiq edilib. Ona əsasən rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxs əksini sübuta yetirilənə qədər təqsirli hesab edilir.
Korrupsiyaya qarşı mübarizə komissiyasına kömək məqsədilə Honkonqun sadə vətəndaşlarına və mediaya rüşvətxorlardan şikayət etmək üçün real imkan yaradılmışdır.
Komissiyanın üzvləri özləri rüşvətxorlara çevrilməsinlər deyə, hökumət qabaqlayıcı tədbirlər görmüşdür. Başqa məmurlardan fərqli olaraq onların əmək haqları artırılmışdır. Komissiyaya nəzarət sahibkarlardan ibarət “ictimai komitələr” və ictimaiyyətin nümayəndələri tərəfindən həyata keçirilirdi. Əgər 1974-cü ildə Honkonqun dövlət aparatının 90 faizi korrupsiya virusuna yoluxmuşdursa, bu rəqəm 2000-ci ildə 6 faizə enmişdir.
Danimarkada uzun onilliklər ərzində korrupsiyaya qarşı sıfır tolerantlıq siyasəti mövcuddur. Bunun mahiyyəti ondan ibarətdir ki, vətəndaş işə düzələn zaman əmək müqaviləsi bağlayır, orada rüşvət almamağı, verməməyi öhdəsinə götürür. Ən kiçik pozuntuya görə işdən çıxarılan məmur bu qərardan apellyasiya şikayəti verə bilməz.
Azərbaycanda korrupsiyanı cilovlamaq üçün nə etmək lazımdır?
Korrupsiyaya qarşı mübarizə ilk növbədə dövlət orqanlarına, məmurlara hörmət və etimadın bərpasından başlamalıdır. Korrupsiyaya qarşı mübarizə müxtəlif dövlət orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, təşkilatların və ayrı-ayrı şəxslərin istər bu ən təhlükəli halın qarşısının alınmasında, istərsə də təqsirkarların məsuliyyətə cəlb edilməsində əlaqələndirilmiş fəaliyyətidir.
İctimaiyyətin etimadını artırmaq üçün məmurlar tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı qəbul edilən bütün qərarlar ictimaiyyətə məlum olmalı, korrupsionerlər öz əməllərinə görə layiqli cəzalarını almalıdırlar.
Hər ölkədə bu mübarizə müxtəlif yollarla aparılır. Fikrimizcə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə yalnız dövlətin, cəmiyyətin özünün səyi ilə həyata keçirilə bilməz, qanunlara şəxsən riayət etməklə, başqalarından da onlara əməl etməyi tələb etməklə hər birimiz bunda mühüm rol oynamalıyıq.
Məs., əgər isveçli rüşvət görsə, ilk vəzifəsi bu barədə hüquq-mühafizə orqanlarına deyil, mətbuata məlumat vermək olacaq. Buna görə də korrupsiyanın ilk eyhamını dərc edəndə hökumət öz araşdırmasına başlayır.
Sinqapurda korrupsiyanın fəsadları barədə ictimaiyyəti məlumatlandırmaq üçün korrupsiya hallarının və cəzaların təfərrüatlarının ictimailəşdirilməsində mətbuat mühüm rol oynayır. Bu, dövlət qulluğunda dürüstlük və etimad mühitinin yaradılmasına, həmçinin korrupsiyanın cəzalandırılması prinsipinin gücləndirilməsinə kömək edir, çünki korrupsiyaya qarşı mübarizə siyasi liderlərin, dövlət qulluğunun və cəmiyyətin dəyərlər sistemindən asılıdır.
Finlandiyada korrupsiyaya qarşı mübarizə ilk növbədə vətəndaş cəmiyyətinin və medianın işidir. Bu, Finlandiyada korrupsiya problemini hökumətin deyil, medianın üzərinə götürdüyü 1990-cı illərin əvvəllərindən bəri ölkədə korrupsiyaya qarşı mübarizənin xarakterik xüsusiyyətinə çevrilmişdir. İstənilən şübhəli iş bütün mümkün kommunikasiya mənbələri vasitəsilə açıqlanmağa başlamışdır. Nəticədə, 1990-cı illərin əvvəllərində artıq bu ölkədə 38 məhkəmə prosesi keçirilmişdir. Hazırda Finlandiyada hər il üç-dörd işə baxılır.
Vətəndaş fəallığının yaxşı nümunəsi Braziliyada təmiz şəxsi səsvermə bülleteni haqqında qanunun tətbiq edilməsidir. Onun təşəbbüskarları vətəndaş fəalları idi. Hakimiyyət orqanlarının korrupsiyasından qəzəblənən cəmiyyət fəal təbliğat kampaniyalarının köməyi ilə hakimiyyəti qanun qəbul etməyə məcbur etdi. Sənədə əsasən, korrupsiyada təqsirli bilinən siyasətçiyə 8 il siyasi fəaliyyətdə iştirak etmək qadağan olunur. Qanun qəbul edildikdən az sonra parlament üzvlərinin yarısı siyasi karyeralarına ara verməli oldular.
Sinqapurda jurnalistlər müntəzəm olaraq antikorrupsiya araşdırmasına başlamaq üçün səbəb axtarırlar.
Ölkə mediamızda hər hansı dövlət məmurunun cinayət əməllərindən silsilə yazılar getməsinə baxmayaraq hüquq-mühafizə orqanları həmin yazılara ciddi reaksiya vermirlər. Onlar, dövlət məmuru açıq-aydın “çərçivədən” kənara çıxdıqdan, bütün qırmızı xətləri keçdikdən sonra araşdırmaya başlayırlar.
Əlavə olaraq, biz daha çox açıqlama və dövlət xərclərində daha çox şəffaflıq tələb etməyə davam etməli, qarşıdakı illərdə korrupsiyanın qarşısını almağa və aşkar etməyə kömək edəcək daha çox şəffaflığı təmin etməliyik. Bundan əlavə, dövlət vətəndaşların öz hüquq və mənafelərini səmərəli müdafiə etmələri üçün şərait və səmərəli mexanizmlər yaratmağa borcludur. Qanunvericilik bazası sadələşdirilməli və əhalinin hüquqi savadsızlığı aradan qaldırılmalıdır. Vəzifəli şəxslərin əmək fəaliyyətinin tənzimlənməsi həyata keçirilməlidir. Məmurlara təqdim etmək üçün lazım ola biləcək müxtəlif sertifikatların (lisenziyaların və icazələrin) sayı minimuma endirilməlidir. Növbəti təkliflərdən biri də ondan ibarətdir ki, biz bilirik ki, korrupsiyaya qarşı uğurlu mübarizə həm hökumət daxilində, həm də xaricində liderlərin geniş koalisiyasının birgə səylərini tələb edir. Təcrübə göstərir ki, qanunsuz yolla əldə edilmiş aktivlər çox vaxt inkişaf etmiş ölkələrdə başa çatır və inkişaf etməkdə olan ölkələri daha da yoxsullaşdırır.
Eldar Əsgərov (Şəkibəyov),
hüquqşünas, Dövlət qulluğunun baş müşaviri
ardı var...