Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 27 Sentyabr – Anım gününə həsr olunmuş tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə din xadimləri, ictimai-siyasi şəxslər iştirak ediblər. Mərasim Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Quran tilavəti ilə başlanıb.
Tədbiri giriş sözü ilə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə açıb.
O bildirib ki, bu gün xalqımızın, dövlətimizin tarixinin möhtəşəm ildönümü ərəfəsindəyik. Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsinin başlanmasından beş il ötür.
"İnşallah, 44 gün ərzində qazandığımız Zəfərin 5 illiyini xüsusi qeyd edəcəyik, lakin 27 sentyabr – Anım günü tarixinin milli dirçəlişimizin, dövlətçilik qüdrətimizin, Vətən sevgisinin zirvəsi olaraq xalqın yaddaşında önəmi olduqca özəldir", - QMİ sədri qeyd edib.
"Azərbaycan xalqı 27 sentyabrda öz tarixinin ən böyük imtahanına daxil oldu. İllərlə həsrətində olduğu əzəli torpaqlarını işğalçıdan, öz milli-mədəni abidələrini əsarətdən azad etmək, məscidlərini həqarətdən, sərvətlərini talandan qurtarmaq yolunda haqq mübarizəsinə başladı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu haqqımızı özümüzə qaytarmaq, beynəlxalq hüququn tanıdığı, lakin təmin edə bilmədiyi ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli vəzifəni həyata keçirdi. Bu adil savaşda Vətən yolunda canından keçən qəhrəman şəhidlərimizəə Uca Allah rəhmət eləsin, igid qazilərimizə şəfalar bəxş etsin!", - şeyxülislam əlavə edib.
QMİ sədri deyib ki, Vətən müharibəsi başlayanda hər birimizin qəlbi Azərbaycan əsgəri ilə birgə döyünürdü:
"Əmin idik ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı Qarabağda qələbə çalacaq, sülh və ədalət bərqərar olacaqdır. Din xadimlərimiz həmin taleyüklü günlərdə gecəli-gündüzlü xalqın yanında oldular, əsgərlərimizə, onların ailə və yaxınlarına dini-mənəvi xidmət göstərdilər. Bu, bizim din xadimi olaraq mənəvi vəzifəmizdir və biz bu vəzifəmizi Vətən müharibəsi günlərində layiqli şəkildə həyata keçirdik. Müxtəlif dinlərə mənsub Vətən şəhidlərimizin dəfn mərasimlərinə birgə qatıldıq, müsəlman, katolik, pravoslav, yəhidi - fərq qoymadan birlikdə iştirak etdik".
O xatırladıb ki, Erməni tərəfinin müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani əməllər haqqında, yaydıqları dezinformasiyaları və məkrli ittihamları ifşa etmək üçün əməkdaşlıq etdikləri bütün dini mərkəz və beynəlxalq qurumlarla intensiv iş aparıblar.
"Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri — vəhşicəsinə dağıdılmış şəhər və kəndlərin, mənəvi məkanların tezliklə bərpası, torpaqlarımızın minalardan təmizlənməsi, sürətlə aparılan genişmiqyaslı quruculuq işləri bizi hədsiz sevindirir. Din xadimlərinin azad olunmuş torpaqlarımıza səfərləri zamanı dağıdılmış, şəhid edilmiş, təhqir olunmuş məscidlərimizi görmək nə qədər kədərli olsa da, Şuşada əsası qoyulmuş yeni, möhtəşəm məscid binası, ucalan Azan səsləri, bərpa və yenidən qurulan məscid və ibadətgahlar, xristian məbədlərini ziyarətimiz bizi bir o qədər sevindirir. Bu, mənəvi dəyərlərini, multikultural dini irsini milli sərvət olaraq dəyərləndirən, onu dirçəldərək hifz edən Azərbaycan dövlətinin mədəni-mənəvi üstünlüyü, tolerant dövlət siyasətinin təzahürüdür...
Uca Allahın köməyi və müdrik dövlət rəhbərimizin misilsiz səyləri ilə Füzuli, Zəngilan, Laçın hava limanları, Şuşaya aparan Zəfər yolu, Xankəndidə yenidənqurma, Böyük Qayıdış, Qarabağ torpaqlarının yeni, gözəl görkəmi, beynəlxalq zirvələrin keçirildiyi ənənəvi ünvana çevrilməsi bizim əminliyimizi, nikbinliyimizi artırır".
A.Paşazadə bildirib ki, bu gün Xankəndi Azərbaycanın Beynəlxalq Zirvə görüşləri keçirdiyi məkan kimi dünyanın gündəmindədir. Xocalıda soyqırım qurbanlarının Memorial abidəsi ucaldılır. Bakıda isə Zəfər Tağı qürurlu qələbəmizi təcəssüm etdirir. Bu, İlahi ədalətin qələbəsi deməkdir.