Bakı Mühəndislik Universitetində (BMU) 27 Sentyabr-Anım Gününün beşinci ildönümünə həsr olunan konfrans keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Zəfər yolu tarixi ilə bağlı videoçarx izlənildikdən sonra çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 27 sentyabrın doğma torpaqlar uğrunda canlarını qurban verən Vətən övladlarının xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edildiyini bildirib. 5 il öncə başlayan və 44 gün davam edən müharibənin səbəbləri, uğurlu nəticələri, həmçinin 2023-cü ilin sentyabrında Ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam bərpa olunmasını diqqətə çatdıran rektor bu möhtəşəm Zəfərin şəhidlərin qanı, qazilərin cəsurluğu, xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində qazanıldığını deyib. Yaqub Piriyev qeyd edib ki, milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmaq məcburiyyəti qarşısında qoydu. Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərini, milli məsələlərdə prinsipiallığını, cəmiyyəti vahid amal uğrunda səfərbər etmək bacarığını, güclü, dünya səviyyəli siyasətçi olmasını qələbəni şərtləndirən mühüm amil kimi önə çəkən rektor dövlət başçısının müharibənin gedişində və sonra xarici mətbuata verdiyi müsahibələrinin beynəlxalq ictimai rəyə təsirini xüsusi vurğulayıb. Nəticədə ölkəmizə təzyiqlər cəhdinin qarşısının müvəffəqiyyətlə alınmasını Azərbaycanın diplomatik uğuru kimi səciyyələndirib. Rektor bildirib ki, bu gün Prezident İlham Əliyev azad edilmiş ərazilərə davamlı səfərləri ilə həm sevincini xalqla bölüşür, həm də Azərbaycanın məhz öz iqtisadi imkanları sayəsində Qarabağ və Şərqi Zəngəzuru tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir.
Çıxışının sonunda şəhidlərimizin əziz xatirəsinin daim ürəklərdə yaşayacağını, onların göstərdiyi misilsiz igidliklərin gələcək nəsillər üçün örnək olacağını deyən rektor tələbələrə tövsiyələrini çatdırıb. Bildirib ki, gənclərin borcu müqəddəs amal uğrunda canından keçənlərin əziz xatirəsini qorumaqla yanaşı, daim səylə çalışmaq, Azərbaycanın daha da güclənməsinə töhfə verməkdir.
Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev 27 Sentyabr-Anım Gününü xalqımızın qəhrəman oğullarının xatirəsinə ehtiramın bariz nümunəsi adlandırıb. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin igidlik və qəhrəmanlığının gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olduğunu deyib. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsinə dövlətimizin göstərdiyi diqqəti önə çəkən Abdin Fərzəliyev Abşeron rayonunda bu istiqamətdə davamlı görülən işləri nəzərə çatdırıb. İcra başçısı dövlətimizin gücü və xalqımızın birliyi sayəsində qazanılmış tarixi Qələbənin daim qürur mənbəyimiz olacağını vurğulayıb.
27 sentyabrın canını Vətən yolunda qurban verən qəhrəmanlarımızın müqəddəs amalını yaşatmaq günü olduğunu bildirən Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından danışaraq hər bir dəstəyin onlara böyük mənəvi dayaq olduğunu deyib. Şəhidlik mərtəbəsinə ucalmış Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını söyləyən Xatirə İsmayılova gənclərə şəhidlərin yolunu daim uca tutmağı və dövlətimizə, ölkəmizə sədaqətlə bağlı olmağı tövsiyə edib.
BMU-nun Memarlıq və inşaat fakültəsinin I kurs tələbəsi, 19 yaşında Azərbaycan Respublikasının ən ali hərbi təltifi- Vətən Müharibəsi Qəhrəmanı adını almış Azər Abdullazadə tankçı kimi müharibədə yerinə yetirdiyi hərbi vəzifələrindən, Ermənistan ordusunun müdafiə səddinin yarılmasında qəhrəman əsgərlərimizin göstərdiyi və əyani şahidi olduğu hadisələrdən danışıb. Ağır yaralanarkən hospitalda əhatə olunduğu qayğıdan, dövlətimizin diqqətindən razılıqla bəhs edən Vətən Müharibəsi Qəhrəmanı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olmağı ilə fəxr etdiyini, ordumuzun həmişə müzəffər, dövlətimizin isə hər zaman qalib olacağına əminliyini söyləyib.
Tədbirdə geniş məruzə ilə çıxış edən BMU-nun professoru, tarix üzrə elmlər doktoru Şikar Qasımov Anım Gününün tarixi əhəmiyyətindən, Azərbaycanı qələbəyə aparan yoldan, Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Şanlı Qələbə xalqımızın mübariz ruhunu, şəhidlərimizin qəhrəmanlığını, dövlətimizin gücünü parlaq ifadə edir. Çıxışda, həmçinin gənc nəslin milli ruhda yetişdirilməsi, tarixi həqiqətlərin dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.
Tədbirin sonunda şəhid Ziyəddin Rəşidovun atası Arzu Rəşidov 60 illik yubileyi münasibətilə təbrik olunub və universitetdə təhsil alan şəhid ailələrinin üzvləri ilə xatirə fotosu çəkdirilib.