27 Sentyabr Anım Günü ilə əlaqədar olaraq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qaradağ rayon komitəsi tərəfindən şəhid ailələri, qazilər və veteranlar üçün ehsan süfrəsi təşkil olunub.
Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimi dövlət himninin səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirin təşkilatçısı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Salman Salmanov çıxış edərək qonaqları salamlayıb, 27 Sentyabr Anım Gününün tarixi və mənəvi əhəmiyyətindən bəhs edib. O, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən dövlət qayğısını vurğulayaraq onların cəmiyyətimizdə daim hörmət və ehtiramla anıldığını bildirib.
Çıxış edənlər Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və gələcəyi naminə canlarından keçən qəhrəmanlarımızın xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd ediblər.
Sonda şəhidlərin ruhuna dualar oxunub, iştirakçılara ehsan süfrəsi verilib