AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır.
Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində – 28 sentyabr 2025-ci il tarixindən etibarən müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək.
Qatarın xidmətə başlamasından əvvəl bölgəyə mediatur təşkil olunub. Marşrutdan ilk istifadə edənlər arasında Milli Məclisin həmin regionlardan olan deputatları - Aydın Mirzəzadə, Müşfiq Cəfərov və Naqif Həmzəyev, eləcə də jurnalistlər var.
Modern.az deputatlarla həmsöhbət olub.
Mingəçevirin deputatı Aydın Mirzəzadə bildirib ki, təmsil etdiyi şəhərə və yaxın rayonlara qatar marşrutlarının açılması çox mühüm hadisədir:
“Bu gün regionlarımız sürətlə inkişaf edir. Yeni iş yerləri açılır, biznesə ciddi maraq var, regionlara investisyalar yatırılır. Eyni zamanda insanlarımızın yaşadıqları yerdən paytaxta və digər regionlara səfərləri artıq intensiv xarakter daşıyır. Bu baxımdan Mingəçevirə və yaxın rayonlara qatar marşrutlarının açılması çox mühüm hadisədir. Birincisi, qatarda gediş haqqı digər nəqliyyat vasitələri ilə müqayisədə nisbətən ucuzdur. Sürət həddi də çoxalıb. Bu gün maraqlandım getdiyimiz qatarın sürəti saatda 137 kilometrdir. Bu avtomobil sürətinə bərabərdir. Həmçinin bu tək sərnişin yox, yük daşımasıdır. Yük daşınmasında maya dəyərinin aşağı salınması, təbii ki, biznesmenləri böyük həvəslə regionlara investisya qoymağa dəvət edir”.
Parlamentari qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin dəmir yolu xəttinin inkişafı ilə bağlı gördüyü fəaliyyət diqqət cəlbedəndir:
“Bu həm də cənab Prezidentin onların qarşısına qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsidir. Müasir qatarlar alınır, dəmir yolu xətti yenilənir, eyni zamanda qatarların təhlükəsizliyinin təmin edilməsi istiqamətində böyük işlər aparılır”. Hesab edirəm ki, Azərbaycanın ümumi inkişafında dəmir yolu xətti sisteminin inkişafı nəzərəçarpandır. Onlara bu işlərində uğurlar arzulayıram və daim yenilikləri tətbiq etməyə, nəqliyyat sistemində daha müasir tələblərə cavab verməsi istiqamətində yeni nailiyyətlərini gözləyirik”.
A. Mirzəzadə vurğulayıb ki, dəmir yolu həm beynəlxalq inteqrasiyamızın, həm də regionlaarası əlaqələrin intensivləşməsindəöz böyük töhfəsini verir:
“Regionlararası inteqrasiyada dəmir yollarının əhəmiyyətli rolu var. Çünki dəmir yolu ilə daşınma digər nəqliyyatlara nisbətən ucuz başa gəlir. Sürət də kifayət qədər yüksəkdir. İşğaldan azad edilmiş ərazilərdə dəmir yolu xətti sistemi bərpa edilir. Digər regionlara da dəmir yolu xətti varsa bərpa edilir, yoxdursa, yenisi çəkilir. Eyni zamanda cənab Prezident dünən BMT tribunasından çıxışında da qeyd etdi ki, Azərbaycan bəlkə də, Şimal-Cənub, Şərq-Qərb marşrutlarının keçdiyi yeganə ölkədir. Burada dəmir yolunun çox böyük rolu var. Dəmir yolu həm beynəlxalq inteqrasiyamızın, eyni zamanda regionlarası əlaqələrin intensivləşməsində öz böyük töhfəsini verir”.
Gəncənin deputat Müşfiq Cəfərov qeyd edib ki, Bakıdan Gəncəyə ADY ilə səfərlər başlayandan hər zaman gediş-gəlişdə avtomobildən yox, qatardan yararlanmağa çalışır:
“İndi isə, Bakıyla əlaqəsi olmayan Gəncə-Mingəçevir-Ağstafa qatarının açılışına gedirik. Bu, insanlara qonşu bölgədə çalışmaq imkanı yaradır. Məsələn, Gəncədə yaşayan vətəndaş rahatlıqla qatardan istifadə etməklə iş üçün tez-tez və az məbləğ ödəyərək Mingəçevirə gedə bilər və həmçinin əksinə. Qatarla səfərlər avtomobillə müqayisədə təhlükəsizlik baxımından daha da əlverişlidir. Müqayisə etdikdə bunun fərqinə varırıq. Qatarlar həmçinin fəsillərə uyğun komfortuna görə də əlverişlidir. Qatar infrastrukturu ilə bağlı son 7-8 ildə ciddi dəyişikliklər görürük. Bu layihənin turizm baxımından da potensialı böyükdür. Qatarlarda 3 dildə xidmət göstərilir. Bu da turistlərin ölkəmizdə rahat hərəkəti üçün münbit şərait yaradır”.
Parlamentari söyləyib ki, sentyabrın 28-dən start götürəcək MDB oyunları zamanı rayonlararası qatar səfərlərinin rolu böyük olacaq:
“Bölgələrarası qatarların təşkili ilə bundan sonra beynəlxalq səviyyəli tədbirlərin bölgələrdə keçirilməsi daha çox gündəmdə olacaq”.
Gəncəni təmsil edən deputat Naqif Həmzəyev dəmir yollarının inkişaf etməsinə sevindiklərini deyib:
“Xüsusilə məhz müasir qatarların reysdə olması bizi sevindirir. Bilirsiniz ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəri və tarixi paytaxtıdır. Gəncə Qazaxdan Yevlaxa qədər bölgənin əsas aparıcı şəhəri hesab olunur. Gəncə Qarabağ bölgəsinə də yaxındır.
Mingəçevir-Gəncə-Ağstafa reysinin işə düşməsi həmin ərazidə yaşayan insanlar arasında bir rahatlıq yaratmış olacaq. Mingəçevir turistik baxımdan çox zəngin şəhərdir. Bizim Gəncə camaatı da çox vaxt istirahət üçün Mingəçevirə gedirlər. Gəncədən Ağstafa istiqamətinə gedən və ya Mingəçevir, eləcə də Ağstafadan Gəncəyə gələn sakinlərimiz də var. Ticarət üçün, hansısa ehtiyacları qarşılaya bilmək məqsədi ilə yaxın bölgələrdən az qala hər kəs Gəncəyə gəlir. Bu reysin gündə iki dəfə işə düşməsi həm müəyyən problemləri aradan qaldıracaq, həm də rahatlıqdır. Eyni zamanda qiymətlər də olduqca münasibdir. Avtomobildənsə, qatarla gəlib-getmək həm rahatdır, həm də təhlükəsizdir. İnanıram ki, regionlararası qatar reyslərinin sayı artırılsa yaxşı olacaq. Ehtimal olunur ki, yaxın zamanda Gəncədən Ağdama, Xankəndiyə, hətta Lənkərana qədər qatarla gedə biləcəyik”.
N. Həmzəyev onu da qeyd edib ki, bu tələbələr üçün də faydalı olacaq:
“Gəncədə 3 böyük universitet var. Burada çoxlu sayda tələbə təhsil alır. Onların və ailələrinin digər şəhərlərə gedib-gəlməsi üçün bu cür qatarlara ehtiyac var. Xüsusilə də paytaxtdan asılılığı da bir növ aradan qaldırmaq lazımdır. Bu qatar reysləri olacağı təqdirdə hətta bəzi gənc kadrlar öz yaşadıqları şəhər və rayonda qalmağa davam edəcək, böyük şəhərlərdə işləyib, axşam evlərinə qayıdacaqlar. Əksər Avropa ölkələrinə baxsaq, görərik ki, vəziyyət dediyimiz kimidir. Bahalı şəhərlərdə kirayə haqqı çox baha olduğu üçün orada yaşamırlar, amma ətraf rayonlardan iş üçün iri şəhərlərə gəlib-qayıdırlar. Çünki qatar intensiv çalışır. Düşünürəm ki, bizim aidiyyəti qurumlar, “Azərbaycan Dəmir Yolları” məhz elə bunları ölçüb-biçir. Yaxın 5 ildə gənclərimiz üçün bu, əla fürsətə çevriləcək”.