Bakı Mühəndislik Universitetində (BMU) 27 Sentyabr-Anım Günü ilə əlaqədar müəllim və tələbələrin iştirakı ilə dəyirmi masa keçirilib.
Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva 27 sentyabr tarixinin Azərbaycanın müasir tarixinə həm qəhrəmanlıq, həm də şəhidlərimizin xatirəsinə ehtiram günü kimi daxil olduğunu deyib.
O, şəhidlərimizin unudulmaz igidliklərindən danışaraq vurğulayıb ki, onların fədakarlığı sayəsində torpaqlarımız işğaldan azad olunub, dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib. H.Mustafayeva gənc nəslin hər zaman vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlılığının dövlətimizin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Dəyirmi masada BMU-nun “Elektrik və elektronika mühəndisliyi” ixtisasının II kurs tələbəsi Turqay Məmmədov Qarabağ konfliktinin yaranması, Vətən müharibəsinin başlanması ilə bağlı hazırladığı videolayihəni təqdim edib. Layihədə müharibəyə aparan yol, ordumuzun gücü sayəsində Ermənistanın yaratdığı miflərin dağıdılması, hərbi əməliyyatların xronikası, torpaqlar üçün canını fəda edən şəhid və qazilərin qəhrəmanlığı nəticəsində qazanılan şanlı Qələbədən geniş bəhs olunub.
Daha sonra kafedranın professoru, tarix üzrə elmlər doktoru Şikar Qasımov, dosentləri Xaqan Balayev, Rabil Mehtiyev, baş müəllimlər Elnur Nəciyev, Yalçın Zeynalov və müəllim Ramiz Nəcəfli çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründən milli ordu quruculuğunda atılan prinsipial addımlar önə çəkilib, ölkəmizin hərbi potensialının gücləndirilməsində Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm işlər vurğulanıb. Bildirilib ki, bütün bunların nəticəsi olaraq, Azərbaycan 44 günlük Vətən müharibəsində düşməni torpaqlarımızdan qovub çıxarmağı bacardı və lokal antiterror əməliyyatları ilə ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa edildi.
Sonda BMU-nun Mühəndislik fakültəsinin II kurs tələbəsi Nicat Həsənli şəhidlərə həsr etdiyi bədii parçanı səsləndirib, şəhidlik zirvəsinin aliliyi haqqında hiss və duyğularını bölüşüb.