Modern.az

UNEC-də Anım Gününün 5-ci ildönümü qeyd olunub - FOTOLAR

UNEC-də Anım Gününün 5-ci ildönümü qeyd olunub - FOTOLAR

Aktual

26 Sentyabr 2025, 16:06

UNEC-də 27 Sentyabr - Anım Gününün 5-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbir iştirakçıları öncə UNEC-in şəhid tələbə və məzunlarının xatirəsinə ucaldımış Abidə kompleksini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Rəsmi açılış Dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirin aparıcısı,  Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlı çıxış edərək 27 sentyabrın dövlətimizin, millətimizin azadlıq və qürur günü olduğunu deyib: “Bu gün biz şəhidlərimizi yad edirik – onların hər biri bizim milli kimliyimizin, azadlığımızın və gələcəyimizin daşıyıcısıdır. Şəhidlərimiz yalnız canlarını fəda etmədilər, onlar bizə kim olduğumuzu xatırlatdılar. Onlar göstərdilər ki, vətən uğrunda qurban vermək həm də əbədi bir iz qoymaqdır”. N.Mehdixanlı ölkəmizin azadlığı və ərazi bütövlüyü yolunda UNEC-in 48 tələbə və məzununun şəhidlik zirvəsinə yüksəldiyini, yüzlərlə gəncin isə qazi və Vətən müharibəsi iştirakçısı olduğunu deyib.

Tədbirdə “UNEC Şəhidləri” adlı videoçarx nümayiş olunub.

UNEC rektoru, professor Ədalət Muradov çıxış edərək Anım Gününün şəhidlərin xatirəsini yad etməklə yanaşı, onların qəhrəmanlıqlarına şahidlik günü olduğunu söyləyib: “Şəhidlər Azərbaycan dövlətinin gücünü bütün dünyaya göstərdilər. Onlar sübut etdilər ki, Azərbaycan dövləti istənilən problemi həll edə bilər. Bu an həm də onu göstərir ki, Azərbaycan anaları belə qəhrəman övladlar böyüdüblər. Biz onlarla qürur duyuruq. Şəhid övladlarımız bizim xalqımızın, dövlətimizin, universitetimizin qürur mənbəyidirlər. Azərbaycan var olduqca şəhidlərimiz daim zirvədə anılacaq. Biz universitet olaraq onların şəhid olduğu torpağın dirçəldilməsi, inkişaf etdirilməsi və çiçəklənməsi üçün daha güclü çalışmalıyıq. Bizim silahımız artıq elm, təhsil və texnologiyadır. Mən əminəm ki, Azərbaycan daha böyük zirvələri fəth edəcək.” – deyə rektor bildirib.

Sonra Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Zaur Cavanşir çıxış edib. O bildirib ki, xalqımız İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi birləşərək öz yenilməzliyini bütün dünyaya sübut etdi: “Qələbəmiz yalnız hərbi uğur deyil, həm də dövlətimizin gücünün və xalqımızın iradəsinin göstəricisidir. Hər bir şəhid və qazimiz bu qüdrətin daşıyıcısıdır və onların qəhrəmanlığını daim xatırlamalıyıq. Şəhidlərimizin fədakarlığı gənclər üçün örnəkdir. Bizim vəzifəmiz onların yolunu davam etdirərək ölkəmizi daha güclü və inkişaf etmiş şəkildə qorumaqdır.”

Vətən müharibəsində şəhid olmuş UNEC tələbəsi Aqil Mirzəliyevin anası Aynurə Mirzəliyeva tədbirdə çıxış edərək oğlunun vətəninə, xalqına olan sevgisindən danışıb. Onun Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldığını, ölümündən sonra bir sıra orden və medallarla təltif olduğunu bildirib.

UNEC-in tələbəsi, 44 günlük Vətən müharibəsi qazisi Mail Əsgərov isə çıxışında Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb. O, “Dəmir yumruğ”un zərrəsi olmaqdan qürur duyduğunu bildirib.

Tədbir UNEC Yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə ilə davam edib. Tələbələrin səsləndirdikləri şeirlər, ifalar  və “Əsgər məktubu” adlı səhnəcik iştirakçılara duyğulu və qürur dolun anlar yaşadıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur