Modern.az

Prezidentin BMT tribunasından əsas MESAJLARI

Prezidentin BMT tribunasından əsas MESAJLARI

Aktual

27 Sentyabr 2025, 12:05

Prezident İlham Əliyevin sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Cənab Prezidentin sessiya çərçivəsindəki çıxışı qlobal miqyasda bir sıra mühüm məsələləri gündəmə gətirib.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Məmmədova qeyd edib ki, Prezident İlham Əliyevin Nyu-Yorka səfəri vacib görüşlər, yeni əməkdaşlıq imkanları, yüksək səviyyəli sülh mesajları ilə yadda qaldı. Onun sözlərinə görə, səfər zamanı keçirilən çoxsaylı görüşlər açıq şəkildə Azərbaycanın beynəlxalq arenadakı artan maraq və nüfuzunun göstəricisidir:

“Ən əsas məsələ bütün görüşlərin qarşı tərəfin təşəbbüsü ilə baş tutması idi. Cənab Prezidentin dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərinin rəhbərləri ilə görüşündə bir daha Azərbaycanın cəlbedici tərəfdaş kimi önəminə diqqət yetirildi. Eyni zamanda, müxtəlif ölkələrin rəhbərləri ilə keçirilən görüşlərdə Azərbaycanın Cənubi Qafqazda sülh və sabitlik təşəbbüskarı kimi mövqeyinin daha da güclənməsi bir daha ön plana çıxdı. Azərbaycanın rolu “tarixi nailiyyət” kimi qiymətləndirildi. Həmçinin, ABŞ Prezidenti Donald Trampın Azərbaycan dövlət başçısı haqda səsləndirdiyi yüksək səviyyəli fikirlər iki lider arasında səmimi münasibətlərin əyani təsdiqi idi”.

Millət vəkili bildirib ki, cənab Prezidentin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı isə bu səfərin, obrazlı desək, kulminasiyası oldu.

“Dövlət başçımız bu ali kürsüdən çıxışı zamanı bir çox vacib mesajlar verdi. İlk növbədə qeyd etməliyik ki, 30 il ərzində beynəlxalq ədalət axtarışında olan Azərbaycanın Prezidenti bu dəfə artıq qalib ölkənin lideri kimi dünya ictimaiyyətinin qarşısına çıxdı. “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam” - deyən dövlət başçımız otuz ilə yaxın müddətdə Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin ağır nəticələrinə diqqəti yönəltdi”.

O həmçinin diqqətə çatdırıb ki, məhz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin icra edilmədiyini, Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığını xatırlatdı:

“BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə yanaşı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar 7 dəfə yüksək səviyyəli bəyanat, eləcə də Baş Assambleyanın “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı iki qətnaməsi kağız üzərində qaldı. Dövlət başçımız, eyni zamanda, 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk Qrupunun da öz missiyasını yerinə yetirə bilmədiyini bir daha bəyan etdi. Nəhayət, Azərbaycanın 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək öz ərazi bütövlüyünü təmin etdiyini bildirdi. Yəni dövlət başçımız BMT qətnamələrinin bu ali təşkilat tərəfindən yox, məhz Azərbaycanın özü tərəfindən icra edildiyini açıq şəkildə bəyan etdi”.

Deputat vurğulayıb ki, beynəlxalq ictimaiyyət üçün bir daha aydın oldu ki, müharibədən dərhal sonra Ermənistanla münasibətlərdə yeni səhifə açmaq təklifi də Azərbaycandan gəlib.

“Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi” - deyən Azərbaycan Prezidenti Vaşinqtonda əldə olunan tarixi razılaşmaların əhəmiyyətinə, rəsmi Bakının davamlı sülh istiqamətində baxışlarına, Vaşinqton Sammitinin mühüm nəticələrindən biri olan Zəngəzur dəhlizi - TRİPP marşrutuna da diqqət çəkdi. Bir daha Azərbaycanın davamlı sülh istiqamətində real addımlar atdığı bəyan olundu”.

Millət vəkili onu da əlavə edib ki, ölkəmizin işğaldan azad olunmuş ərazilərdə uğurla reallaşdırdığı bərpa-quruculuq işləri, eyni zamanda müharibədən ötən 5 il ərzində hələ də davam edən mina terrorunun ağır nəticələri barədə məlumat verən Azərbaycan Prezidenti birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4000-ə yaxın soydaşımızın taleyinə inklüziv, ədalətli və ümumbəşəri cavab tələb etdi:

“Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu, real hədəflərə hesablanan yaşıl keçidə sadiqlik, ölkəmizin ev sahibliyi etdiyi COP29 kimi nüfuzlu tədbirin uğurlu nəticələri Prezidentin BMT gündəliyinin əsas istiqamətlərindən idi.

Dövlət başçımız, eyni zamanda, dünyaya “ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya qurmaq”la bağlı çağırış etdi”,- deyə N.Məmmədova fikrini tamamlayıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov isə bildirib ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasının iclasındakı çıxışı bütöv bir dövrə yekun vurmaq, Azərbaycanın yaratdığı və artıq iri güclər tərəfindən də tanınan geosiyasi reallığın qlobal zəmində təqdimatı baxımından mühüm tarixi hadisə hesab edilməlidir.

“Dövlət başçımız Azərbaycan ərazilərinin işğal və təcavüzündə ehtiva olunan status-kvonun bu gün beynəlxalq hüququn aliliyinin bərqərar edildiyi situasiyaya qədər keçilən yolunun tarixi, hüquqi və siyasi təhlinini verməklə Azərbaycanın beynəlxalq hüququn aliliyinə, o cümlədən dialoq mühitinə inamını, dayanıqlı sülhü və əməkdaşlıq mühitini, sülhü və əməkdaşlığı ehtiva edən niyyətlərini bəyan etməklə həm də bütövlükdə Cənubi Qafqazın beynəlxalq münasibətlər sistemində siyasi direktivlərini müəyyənləşdirmiş oldu. Azərbaycan və Ermənistan arasında danışıqların yalnız ikitərəfli əsaslarda aparıldığını və hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdiyini bəyan etməklə əslində dövlət başçımız BMT-nin ali kürsüsündən Cənubi Qafqazda qeyri-proporsional bölgə xalqlarının və dövlətlərinin niyyətləri ilə üst-üstə düşməyən niyyətlərə və bərabər hüquqlu əməkdaşlığa açıq olmayan güclərə xəbərdalıq etmiş oldu. Bu isə o deməkdir ki, Cənubi Qafqazda artıq sülhü, sabitliyi təhdid edən, münaqişələrə öz maraqlarının təmini üsulu kimi baxan heç bir qüvvəyə yer yoxdur”.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Baş Assambleyasının iclasındakı çıxışı eyni zamanda Azərbaycanın çoxvektorlu xarici siyasət kursunun inkişaf tendesiyalarını əks etdirən yol xətirəsi də hesab oluna bilər:

“Bu mənada cənab İlham Əliyevin BMT kürsüsündən ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq barədə məsələyə xüsusi diqqət ayırması xarici siyasət kursumuzun sonrakı dövr üzrə vektoru barədə çox aydın mənzərə yaradır. Bundan başqa Prezident İlham Əliyevin Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında vacib qarantorlarından biri kimi rolunu xüsusi qabartması bu sahədə ənənəvi siyasətimizin davam edəcəyi və ölkəmizin enerji təchizatçısı kimi rolu və nüfuzunu artıracağını deməyə əsas verir. Qeyd olunanlar fonunda birmənalı şəkildə əminliklə deyə bilərik ki, Azərbaycanın Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı milli maraqlarımızın tam şəkildə ehtiva olunduğu və yaranan yeni reallığın bəyan ediliyi qalibiyyət deklarasiyası hesab edilə bilər”,- B.Məhərrəmov qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur