Modern.az

Anadangəlmə ürək qüsurlu qadınlarda hamiləlik

Anadangəlmə ürək qüsurlu qadınlarda hamiləlik

Aktual

29 Sentyabr 2025, 15:55

Anadangəlmə ürək qüsuru olan qadınların bir hissəsi hamiləliyi nisbətən rahat keçirə bildiyi halda, bəzi qadınlar üçün hamiləlik və doğuş həyati təhlükə daşıya bilər. Hamiləlik zamanı qadının orqanizmində baş verən fizioloji dəyişikliklər ürək xəstəliyinin mövcudluğunda vəziyyəti ağırlaşdıra bilər. Bu isə ürək xəstəliyinin növündən, dərəcəsindən, daha əvvəl keçirilmiş ürək əməliyyatının olub-olmamasından asılıdır.

Dünyada bu qadınlar üçün risklərin qiymətləndirilməsinə imkan verən xüsusi sinifləndirmə sistemləri mövcuddur. Yüngül ürək qüsuru olan, əməliyyat keçirmiş və ciddi şikayətləri olmayan qadınlarda hamiləlik nisbətən təhlükəsiz hesab edilsə də, ağır ürək qüsuru və ciddi şikayətləri olan qadınlarda hamiləlik əks göstəriş sayılır.

Ürək qüsuru məlum olan qadınların hamiləlik planlamadan əvvəl kardioloq və ginekoloq tərəfindən birgə dəyərləndirilməsi zəruridir. Hamiləlik müddətində ardıcıl nəzarət, doğuşun üsulu və vaxtının əvvəlcədən müəyyən edilməsi ananın sağlam hamiləlik keçirməsinə və təhlükəsiz doğuşuna imkan yaradır. Qeyd edilməlidir ki, ürək qüsuru olan bütün qadınlarda mütləq keysəriyyə əməliyyatı icra olunmur. Əksinə, bəzi hallarda təbii doğuş daha risksiz hesab edilir. Buna görə də yanaşma fərdi olmalı və hər qadının vəziyyətinə uyğun qərar verilməlidir.

Təəssüf ki, ölkəmizdə qadınların böyük bir hissəsi hamiləlikdən əvvəl ürək müayinəsindən keçmir. Çox vaxt onlar yalnız hamiləliyin son aylarında artan şikayətlərlə kardioloqa müraciət edir və bu zaman mövcud ürək qüsuru aşkarlanır. Belə hallarda ağırlaşmaların riski daha yüksək olur. Statistik məlumatlar da göstərir ki, ana ölümlərinin əhəmiyyətli bir hissəsi ürək xəstəlikləri ilə bağlıdır.

Anadangəlmə ürək qüsuru olan qadınlarda hamiləlik xüsusi yanaşma tələb edir. Bu baxımdan əsas tövsiyələr hamiləlikdən əvvəl kardioloji müayinənin aparılması, hamiləlik dövründə kardioloq, mama-ginekoloq və lazım olduqda digər mütəxəssislərin birgə nəzarəti, doğuşun üsulu və yerinin əvvəlcədən planlaşdırılması, həmçinin doğuşdan sonrakı dövrdə ürək vəziyyətinin diqqətlə izlənməsidir.

Nəticə etibarilə, anadangəlmə ürək qüsuru olan qadınlarda hamiləlik mümkündür, lakin bu, xüsusi yanaşma və multidisiplinar nəzarət tələb edir. Erkən diaqnostika, düzgün planlama və peşəkar izləmə ilə belə qadınların sağlam hamiləlik və təhlükəsiz doğuş keçirməsi realdır.

Dr. Gülanə Ağayeva
Mütəxəssis kardioloq

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
YENİ QİYMƏT - Avtobus və metroda gediş haqqı bu qədər oldu