Elm və təhsil naziri Emin Əmrullayev ötən gün verdiyi açıqlamada oktyabrın 1-dən etibarən “Məktəb avtobusları” layihəsinin həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, layihənin ilkin mərhələsində təxminən 1 200 şagird bu xidmətlə əhatə olunacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata əsasən, məktəb avtobusları avtobus zolaqlarından istifadə edə bilməyəcək.
Modern.az sözügedən məsələyə aydınlıq gətirmək üçün AYNA-ya sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, "Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, müvafiq nişanlarla işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır.
Qeyd edilib ki, ümumi istifadədə olan nəqliyyat vasitələri dedikdə sözügedən qanunun birinci maddəsində, əsas anlayışlar hissəsinə əsasən, sərnişin daşınması üçün nəzərdə tutulmuş, əvvəlcədən müəyyən olunmuş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsi nəzərdə tutulur. Digər nəqliyyat vasitələrinin ora daxil olmasına icazə verilmir.
Beləliklə, təşkil edilən xüsusi hərəkət zolaqları ilə yalnız müntəzəm marşrut avtobusları və operativ nəqliyyat vasitələri istifadə edə bilər.
“Yol hərəkəti haqqında” Qanuna əsasən, operativ nəqliyyat vasitələri dedikdə, yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan avtomobillər nəzərdə tutulur”, - məlumatda deyilir.
Hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov saytımıza deyib ki, məktəb avtobuslarının səmərəli təşkili olduqca vacibdir. Onun sözlərinə görə, xüsusilə zərurət olan istiqamətlər üzrə bu nəqliyyatın təhlükəsiz, peşəkar və səmərəli şəkildə təşkil edilməsi müsbət nəticələr verə bilər.
“Avtobus zolaqlarına buraxılma məsələsi isə birbaşa "Yol hərəkəti haqqında" Qanundan irəli gələn məsələdir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, avtobus zolaqları ilə yalnız marşrut avtobuslarının hərəkətinə icazə verilir. Bu isə məktəb avtobuslarının həmin zolaqlardan istifadəsini hüquqi baxımdan mümkün etmir”.
Hüquqşünas bildirib ki, bu problemin aradan qaldırılması üçün qanunvericilikdə müvafiq dəyişikliklərə ehtiyac var:
“Konkret olaraq, "Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsinə sadə bir dəyişiklik etməklə, məktəb avtobuslarının da xüsusi zolaqlardan istifadəsinə hüquqi əsas yaratmaq mümkündür.
Hətta zaman-zaman belə təkliflər də irəli sürülür ki, rəsmi icazəsi və müvafiq sənədləri olan taksilərə də bu zolaqlardan istifadə hüququ verilsin”.
Hüquqşünasın fikrincə, ümumilikdə, bu istiqamətdə "Yol hərəkəti haqqında" qanunun təkmilləşdirilməsinə ciddi ehtiyac var.
“Qanuna müvafiq dəyişikliklər edildikdən sonra məktəb avtobuslarının da bu zolaqlardan istifadəsi mümkün ola bilər. Təbii ki, məktəb avtobuslarının fəaliyyəti tam rəsmi şəkildə həyata keçirilməli, onların uçotu aparılmalı və təhlükəsizlik tələblərinə ciddi riayət olunmalıdır. Yalnız bu şərtlər daxilində və qanuni əsas yaradıldıqdan sonra məktəb avtobuslarının avtobus zolaqlarından istifadəsinə icazə verilməsi məqsədəuyğun olar”,- deyə Ə.Hüseynov qeyd edib.