1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqının siyasi tarixində dönüş nöqtəsi oldu. 1991-ci ildə müstəqilliyini bərpa etmiş, lakin xaos və qeyri-peşəkar idarəçilik səbəbindən dövlətçiliyin iflası ilə üz-üzə qalmış ölkə üçün bu seçim, əslində, xilasa aparan yeganə yol idi. Xalq öz taleyini etibar etdiyi lideri – Heydər Əliyevi Prezident seçməklə dövlət müstəqilliyini möhkəmləndirdi, bugünkü qüdrətli Azərbaycanın təməl daşlarını qoydu.
1991–1993-cü illər Azərbaycan üçün anarxiya, siyasi parçalanma və vətəndaş qarşıdurması təhlükəsi ilə səciyyələnirdi. AXC-Müsavat hakimiyyəti ölkəni böhrandan çıxarmaq iqtidarında olmadığını göstərdi. Bu məqamda Azərbaycan xalqı xilası yalnız Heydər Əliyevin simasında gördü. Ulu Öndər həyatını təhlükə altına qoyaraq Gəncədə qiyamı dayandırdı, dövlət çevrilişlərinin qarşısını aldı və Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi.
Heydər Əliyevin andiçmə mərasimində söylədiyi “həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcəyəm” sözləri onun fəaliyyətinin əsas qayəsini müəyyənləşdirdi. Həmin and yalnız siyasi bəyanat deyil, sonrakı onilliklərdə öz təsdiqini tapan tarixi və strateji bir proqram idi.
Prezident seçildikdən sonra Heydər Əliyev qarşısında duran ilk vəzifə ölkədə sabitliyin bərpası oldu. Qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət idarəçiliyi mərkəzləşdirildi və ordu quruculuğuna start verildi. Müstəqilliyin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlər Azərbaycanın həm daxili, həm də beynəlxalq müstəvidə mövqelərini gücləndirdi.
Ulu Öndərin həyata keçirdiyi neft strategiyası Azərbaycanı regional və qlobal enerji xəritəsində mühüm aktora çevirdi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkəyə investisiya axınını təmin etməklə yanaşı, Azərbaycanın iqtisadi müstəqilliyinin əsas dayağına çevrildi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri kimi layihələr isə Azərbaycanın geosiyasi əhəmiyyətini yeni mərhələyə yüksəltdi.
Heydər Əliyevin siyasi kursu yalnız iqtisadi və hərbi gücün təmin olunması ilə məhdudlaşmadı. O, milli birliyin, milli kimliyin əsas dayağı kimi azərbaycançılıq ideologiyasını formalaşdırdı. Bu ideologiya təkcə ölkə daxilində yaşayanları deyil, həm də dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrildi.
1995-ci ildə qəbul edilmiş Konstitusiya isə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi təməlini qoydu. Ölüm hökmünün ləğvi, senzuranın aradan qaldırılması, Ombudsman institutunun yaradılması kimi addımlar Azərbaycanın hüquqi dövlət statusunu möhkəmləndirdi.
Heydər Əliyevin xarici siyasəti balanslaşdırılmış və çoxvektorlu xarakter daşıyırdı. O, həm Qərb, həm də region dövlətləri ilə əməkdaşlığı inkişaf etdirdi, Azərbaycanın beynəlxalq imicini gücləndirdi. Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq təşkilatların gündəliyinə məhz onun diplomatik fəaliyyətinin nəticəsində daxil edildi.
Ulu Öndər Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquq normaları çərçivəsində tanınmasına nail oldu. Azərbaycan dünya birliyinin etibarlı tərəfdaşına çevrildi.
Heydər Əliyev fenomeni yalnız bir dövrün lideri deyil, həm də dövlətçilik məktəbinin yaradıcısı kimi dəyərləndirilir. Onun siyasi iradəsi, uzaqgörənliyi, praqmatikliyi və natiqlik bacarığı müasir Azərbaycan siyasətinin əsas sütunlarına çevrildi.
Onun müəyyənləşdirdiyi siyasi kurs – müstəqilliyin qorunması, milli maraqların müdafiəsi, sosial-iqtisadi tərəqqi və hüquqi dövlətin qurulması – bu gün də Azərbaycan dövlətçiliyinin təməl prinsipləridir.
3 oktyabr 1993-cü ildə Azərbaycan xalqının verdiyi tarixi qərar sadəcə prezident seçkisi deyildi. Bu, müstəqilliyin əbədiliyinə inamın, dövlətçiliyin xilası naminə ümumxalq iradəsinin təntənəsi idi. Ulu Öndər Heydər Əliyev bu etimadı doğruldaraq Azərbaycanı fəlakət uçurumundan çıxardı, sabitlik və inkişaf yoluna gətirdi.
Onun öz sözləri ilə desək: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.”
Azər Kərimli
Milli Məclisin deputatı