Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Zərbxana səkkiz aylıq fasilədən sonra müxtəlif nominalı olan yeni sikkə partiyasını dövriyyəyə buraxmaqla, bəzi media orqanlarının türk lirəsinin məzənnəsinin tədricən enməsi fonunda metal pul nişanlarının zərb edilməsindən imtina edildiyi barədə iddialarını təkzib edib.
Modern.az xəbər verir ki, sentyabr ayında 1 quruş nominalı olan 240 min, 5 quruşluq 180 min və 10 quruşluq 360 min ədəd sikkə zərb edilib.
Bundan əlavə, dəyəri baxımından ən çox xərc tələb edən 50 quruş nominalı olan 990 min ədəd sikkə də dövriyyəyə buraxılıb.
Ümumilikdə, ay ərzində zərb edilmiş sikkələrin (o cümlədən 1 və 5 lirəlik) sayı 54,2 milyon ədədi ötüb.
2024-cü il ərzində isə Türkiyədə müxtəlif nominalı olan 875,5 milyon ədəd sikkə dövriyyəyə buraxılıb.
Maliyyə Nazirliyi əhalini bəzi media qurumlarının yayımladığı təsdiqlənməmiş məlumatlara inanmamağa çağırıb.